İnsanlara hürriyət, millətlərə istiqlal!

10 noyabr sənədi: üç ilinə altı gün qaldı - arxivə getdimi...

 

Paşinyan kommunikasiyaların açılmasını nəzərdə tutan 9-cu bəndi ləğv etmək istəyir və Rusiya FTX-nin yola kontrol etməsinə qarşıdır; hüquqşünas: “Üçtərəfli bəyanat əhəmiyyətini itirib, çünki...”

Möhtəşəm Zəfər Gününün üçüncü ildönümünə sayılı günlər qaldı. Budəfəki ildönümü, əlbəttə ki, məxsusi olacaq. Çünki artıq Qarabağ məsələsi tam qapanıb, bütün ərazilərimizdə dövlət suverenliyimiz bərpa edilib. Amma bir çoxları düşünürdü ki, Azərbaycan 2020-ci il 9/10 noyabr üçtərəfli bəyanatı ilə təsbit edilmiş status-kvonu dəyişməyə cürət etməyəcək.

Bunu da belə əsaslandırırdılar ki, guya beynəlxalq aləm ermənilər yaşayan Azərbaycan ərazisində hər hansı əməliyyat keçirməyə və bu ərazilər üzərində Azərbaycanın nəzarətini bərpa etməyə imkan verməz. Həmin dönəmdə əsasən ABŞ başda olmaqla Qərb ölkələrinin tutduğu mövqe, verilən bəyanatlar belə proqnozlar üçün ciddi əsaslar yaratmışdı. Halbuki əlimizdə 10 noyabr sənədindən daha üstün olan Azərbaycan Konstitusiyasının, beynəlxalq hüququn olduğunu yaddan çıxarırdılar. Odur ki, Azərbaycan heç nəyə baxmadan Qarabağın yerdə qalan hissəsi üzərində də öz suverenliyini güc yolu ilə tam bərpa etdi, sərhəddə nəzarət-yoxlama postlarını qurdu.

Baş verənlərdən sonra 10 noyabr (2020) üçtərəfli sənədinin aqibəti məsələsi müzakirə predmetinə çevrilib. Hüquqi anlayışlara görə, iki və üçtərəfli bəyannamələri parlamentlər ratifikasiya etmirsə, bu, sadəcə, niyyət sənədi, edirsə, artıq öhdəlik sayılır. Şuşa Bəyannaməsini Azərbaycan və Türkiyə parlamentləri ratifikasiya edib, Moskva Bəyannaməsi və 10 noyabr kapitulyasiya sənədləri isə milli parlamentlərdə ratifikasiya olunmayıb. Görünür elə bu səbəbə sonuncu yazılı anlaşma Ermənistanda da interpretasiyaya məruz qalmaqdadır. Məsələn, “Hraparak” erməni qəzetinin yazdığına görə, bir neçə ay əvvəl Nikol Paşinyan dar çevrəsinə və öz partiyadaşlarına 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda kommunikasiyaların açılmasını nəzərdə tutan 9-cu bəndi ləğv edəcəklərini söyləyib. “Paşinyan uzun müddətdir ki, şəffaf şəkildə buna eyham vurur, sözlərini sətirlər arasında çatdırmağa çalışır, lakin 2024-cü ilin büdcə layihəsinin müzakirəsi zamanı bunu demək olar ki, birbaşa bəyan edib. Ermənistan baş naziri hətta yollara nəzarətlə bağlı yerli Milli Təhlükəsizlik Xidmətinə xüsusi bölmə yaradılacağını bildirib”, - yazıda bildirilir.

“Hazırda biz Milli Təhlükəsizlik Xidmətində xüsusi bölmənin yaradılması prosesindəyik, onun məqsədi kommunikasiyaların təhlükəsizliyini təmin etmək olacaq. Bundan əlavə, biz bütün ölkə üzrə patrul polisini işə salmışıq, onun ən mühüm vəzifələrinə insanların, yüklərin, malların və nəqliyyat vasitələrinin kommunikasiyalar vasitəsilə keçidi daxildir”, - Paşinyan xəbəri təsdiqləyib. Xatırladaq ki, 10 noyabr (2020) üçtərəfli kapitulyasiya sənədinin 9-cu bəndi mahiyyət etibarilə Zəngəzur dəhlizi barədədir. Orada deyilir: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır. Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında manəsiz nəqliyyat əlaqəsinə zəmanət verir. Nəqliyyat nəzarəti Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilir”.

Amma Paşinyan yola nəzarəti Ermənistan MTX-də xüsusi bölməyə verir, Rusiya FTX yola kontrol etməyə bilər. Bu da üçtərəfi anlaşmanın pozulmasıdır. Lakin rəsmi İrəvan üç ilə yaxın bir müddətdə həmin bəndlə bağlı əlini ağdan-qaraya vurmayıb. Bunu da belə izah edirlər ki, yolla bağlı siyasi məsələlər hələ həllini tapmayıb. Bu da faktdır ki, sənədin 4-cü bəndini (qanunsuz erməni silahlı birləşmələrinin çıxarılması) Azərbaycan özü reallaşdırıb. “Laçın dəhlizi” söhbəti də bu il aprelin 23-də sərhəddə nəzarət-yoxlama məntəqəsinin qurulması ilə həmişəlik yığışdırılıb. Yerdə nə qaldı? Ümumiyyətlə 10 noyabr sənədinin artıq arxivlik olduğunu və ya qüvvədən düşdüyünü söyləmək olarmı? Bəs bu sənəd olmadan Zəngəzur yolu necə qurulacaq?

Qulamhüseyn Əlibəyli: Azərbaycanın dinc əhalisinə qarşı qadağan edilmiş  silahlardan istifadə olunması müharibə cinayətidir

 Qulamhüseyn Əlibəyli

“Can Azərbaycan Vətən müharibəsindən sonra 30 illik işğala son verdi. Beləliklə, sülhə bir addım da yaxınlaşdıq”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatı (TDT) liderlərinin Qazaxıstanın paytaxtı Astanada keçirilən X Zirvə Görüşündə çıxışı zamanı deyib. Onun sözlərinə görə, Ermənistan Azərbaycan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməlidir: “Regional kommunikasiyaların açılması bütün regionun xeyrinədir. Türk dünyası olaraq Azərbaycana dəstəyimizi davam etdirəcəyik”.

Hüquqşünas Qulamhüseyn Əlibəylinin “Yeni Müsavat”a bildirdiyinə görə, faktiki 10 noyabr bəyanatı əhəmiyyətini itirib. Onun fikrincə, Rusiya və Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirməyiblər: “Yalnız Azərbaycan öhdəliyini yerinə yetirib və onların da görməli olduqları işi özümüz icra etmişik. Zəngəzur dəhlizinə gəlincə, Ermənistan bəhanələr edir. Ermənilərin yola nəzarəti müxtəlif problemlərə, yüklərin daşınmasının dayanmasına səbəb ola bilər. Ermənistan yolların mühafizəsini təşkil edə bilər, yüklərə və onun daşınmasına kontrol edə bilməz. Məncə, məsələnin həlli yolu həm Ermənistan, həm Azərbaycanın yolun mühafizəsinə nəzarət etməsidir”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR