İnsanlara hürriyət, millətlərə istiqlal!

“1 il tez evlənən ailələrin heç birində problem görməmişəm” - Tahir Kərimli

"Müvafiq icra nümayəndəsinin icazəsi ilə nikah yaşının 1 il azaldılmasını düzgün sayıram və bu maddə qalmalıdır. Mən Rayon İcra Hakimiyyətinin qərarı ilə 1 il tez evlənən ailələrin heç birində problem görməmişəm".

Bunu deputat Tahir Kərimli parlamentdə "Sağlam ailə modeli və nikah hüququ" mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

"Çox maraqlıdır, bu maddənin ləğv olunmasının arayış hissəsində yazılır ki, bu maddə uşaq psixologiyasını və sağlamlığını pozur. Necə ola bilir ki, 16 yaşına çatmış şəxslər arasında qanundankənar, nikahdankənar, əxlaqsızlıq hesab etdiyim cinsi münasibətlər olur, amma heç bir cəza tətbiq edilmir?! Ancaq 17 yaş 9 aylıq, atası ağır xərçəng xəstəsi və ölüm ərəfəsində olan birinə Rayon İcra Hakimiyyəti nikaha icazə verirsə, biz buna uşaq psixologiyası pozulur deyirik.

Gəlin mən də başqa maddə təklif edim. 18 yaşına çatmamış, qeyri-nikah cinsi münasibətlərdə olan uşaqların valideynlərinə 5 min manat cərimə kəsək. Deyək ki, necə belə tərbiyəsiz uşaqlar böyüdürlər, necə nəzarət etmirlər?! Qoy cəmiyyəti sağlamlaşdırmaq istəyiriksə, belə valideynlər maddi və mənəvi cəhətdən ziyan çəksinlər. Yoxsa mində bir hadisə olur ki, icazə alıb bir il tez nikah qurulur, onu problem edirik. Hesab edirəm ki, 12-ci maddə qalmalıdır, əvəzinə isə yetkinlik yaşına çatmayanların nikahdankənar münasibətlərinə görə valideynləri yüksək məbləğdə cərimə olunsun", - deyə millət vəkili qeyd edib.

Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova isə cavab olaraq bildirib ki, bu maddədən çox sui-istifadə edən insanlar var: "Siz dediniz ki, tək-tük belə hallar var, amma bu, düzgün deyil. Belə insanlar İcra Hakimiyyətindən icazə alırlar, lakin onlardan 1 %-i yalnız atası-anası ağır vəziyyətdə olan ailələrdir. Qalanları tam sağlam ailələrdir. Onların fikrinə gəlib ki, mən oğlumu, qızımı evləndirmək istəyirəm. Statistikaya baxsaq, görərik ki, həmin zaman evlənmək istəməyən nə qədər qız uşağı özünü öldürür. Şəxsən neçəsi evdən qaçıb mənim yanıma gəlib ki, evlənmək istəmirəm, lakin məni məcbur evləndirirlər. Bəs onlara nə edək?! Necə kömək edək?! Bu 1 il nə üçün belə böyük problemə çevrilib ki... Bunlar dözə bilmirlər 18 yaşına çatsın sonra ailə qursun?!"/qafqazinfo

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR