Onlayn ictimai-siyasi qəzet
Bu gün, iyulun 3-də Bakı Hərbi Məhkəməsində Zeynal Ağayevin sədrliyi, hakimlər Anar Rzayev və Camal Ramazanovun iştirakı ilə Araik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin cinayət işi üzrə araşdırmalar davam etdirilib.
Məhkəmə prosesində Azərbaycanın vaxtilə Ermənistan silahlı qüvvələrinin işğalı altında olan ərazilərində əsir və girov götürülmüş şəxslər ifadə veriblər. Zərərçəkmiş Elnur Mehdiyev ifadəsində 2000-ci il fevralın 1-də erməni hərbçiləri tərəfindən əsir götürüldüyünü bildirib. Məlum olub ki, Elnur Mehdiyev Goranboy rayonunda yerləşən taborda əsgər kimi hərbi xidmət edən zaman yolu azması nəticəsində işğal altında olan əraziyə keçib və əsir götürülüb. O, Ermənistan silahlı qüvvələrinin blindajına aparılaraq yumruq-təpiklə, avtomat silahın qundağı ilə vəhşicəsinə döyüldüyünü, daha sonra blindajın qarşısındakı dirəyə iplə bağlanılmaqla gecədən səhərədək ayaqyalın qarın üstündə saxlanıldığını deyib. Nəticədə ayaqları şaxta vurması nəticəsində donub. Səhəri gün, yəni, fevralın 2-də Xocalı şəhərində yerləşən xəstəxanaya aparılaraq sol ayağının bütün barmaqları amputasiya edilib. O, daha sonra Xankəndi şəhərində yerləşən xəstəxanaya aparılaraq bir müddət orada saxlanılıb. İyulun 11-də isə Ermənistana aparılaraq orada təcridxanada saxlanılıb.
Zərərçəkmiş şəxs Elnur Mehdiyev əsir saxlanıldığı müddətdə mütəmadi olaraq döyüldüyünü, ağır fiziki və psixoloji işgəncələrə məruz qaldığını bildirib. Bir həftə sonra əsirlikdən azad edilərək Azərbaycana təhvil verilib.
O, prokurorların suallarını cavablandırarkən əsir düşəndən sonra müqavimət göstərmədiyini, məhz azərbaycanlı olduğuna görə işgəncələrə məruz qaldığını deyib.
Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir. Onlara qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham irəli sürülüb.
Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com
03 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ