İnsanlara hürriyət, millətlərə istiqlal!

Yetim qızların yatış forması

Tam səmimi sözümdür, mən Azərbaycanda “Kanal S” adlı telekanalın olduğunu yalnız indi, məlum qalmaqal qopandan sonra bilmişəm. (Hələ anadan olmamış xəyali oğluna atalı qız almaq istəyən aparıcının əhvalatı hər gün qızışır - başqa maraqlı tema da yoxdur. Tofiq Yaqublunun aclıq aksiyasından yazası deyilik ki?)

Bu S hərfi ilə yadımda qalan fetoçuların məşhur “Samanyolu” kanalı idi - STV. 90-ların, 2000-ci illərin dini cəhalət televiziyası. Haçan baxsan, orada Əli Həsənovu moizə oxuyan görərdin. Bir də ağsaqqallı, ağ kəfənə bürünmüş bir kişi obrazı var idi, bütün veriliş və filmlərin, serial və hava xəbərlərinin içindən qəfil çıxırdı, adamı qorxudurdu. Guya mənəviyyatın keşiyində dururdular. Məsələn, o kanalda danışılan bir hədis indiyəcən yadımdadır. Deyir, bir kişi pul yığır Həccə getsin, lakin ziyarətə az qalmış hansısa yetimi ac görür, pulları ona xərcləyir və gedə bilmir. Ziyarətçilər qayıdırlar, onlardan biri bu adama qonaq gəlir, deyir, hacı, təbrik edirəm, sənin ziyarətin qəbul olundu. Adam təəccüblənir ki, axı mən getməmişdim. Ziyarətdən gələn and içir, deyir, vallah, mən orada, Kəbə ətrafında fırlananda  səni gördüm. Çox hikmətli əhvalat idi, şübhəsiz, anlayanlar üçün.

İndiki qızımızın verilişinin adı da olduqca maraqlı imiş: “Sözün bitdiyi an”. Ya da yer - dəqiq xatırlamıram. Həqiqətən, sözün bitdiyi yer və zamandayıq. Tramp "AzadlıqRadiosu"nu bağlayır, Putin rus mətbuatını məhv edib, bizdə də qəzet köşkləri çoxdan “patı”ya-zada keçiblər. Heç kim heç kimin kitabını oxumur, küçə-bayır tik-tokda əcaib videolara baxan, ordakı tiplərin anqırışmağına, mələşməyinə qulaq asan camaatla doludur. Bəşəriyyət çox idiot zəmanəyə qədəm basır, biləsiniz. Robotlara şükür edəcəyik.

Sözgəlişi, rəhmətlik şairimiz Nüsrət Kəsəmənlinin ailə-uşağı da bir-birinə girişiblər. Hələlik dava saytlarda gedir. Ancaq bir az da qızışsalar, soyadı dəyişib Kəsəyənli, Kəsəkəsli kimi qoymaq ehtimalı artıq yüz faizdir.

Bu söz oyunu deyil, həyat həqiqətləridir. Məsələn, “AzDrama”da iki aktrisa da dalaşmaqdadır. Ən tragikomik olanı isə bu xanımların ismi-şərifidir - ikisi də “Mehriban” adı daşıyır. Lakin ortada mehribançılığın “m” hərfi belə qalmayıb. Mehribanlarımız belə edirsə, zalımlardan nə gözləyək? Təklif edirəm, barışıq olsun. Yoxsa hökumət yenə hirslənəcək, sirkdən teatra müdir göndərəcək.

Fürsət ikən, atasız uşaqların hüquqları elliklə qorunmağa başladığı üçün bəzi ata sözlərimizə yenidən baxmağı təklif edirəm. Milli Məclis qanun qəbul etməlidir. Özünüz baxın: “Yetim qızsan, qıvrıl yat”, “Yetimin ağzı aşa çatanda, başı daşa dəyər”, “Yetimə öyüd verən çox olar, çörək verən az”, “Yetim ağlağan olar” və sairə bu kimi məsəllər bu günümüzlə, gələcəyimizlə, müasir parklar, asfalt yollar, işıq dirəkləri, regional inkişafla qəti uyğun gəlmir, səsləşmir. Hələ bu temada bir ata sözümüz var, onun nə məna verdiyini heç mənim kimi ağsaqqal, peşəkar da anlamamışdır: “Yetimin hamamda anası çox olar”. Bunun izahatı nədir?  Adamın gümanı yüz yerə gedir.

Yazını isə bir idman xəbəri ilə bitirək, oxucular sevinsin: fiqurlu konkisürmə üzrə milli komandamızın üzvləri Aleksandr Kolosovski və Maksin Vezerbi evləniblər. Ta buzun üstünə ikiqat məhəbbətlə çıxacaqlar, gözümüz aydın. Oğullu-uşaqlı olsunlar. Fevralda Bakı donanda biz də babat sürüşdük.

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

27 Iyun 2025

26 Iyun 2025

25 Iyun 2025

24 Iyun 2025

22 Iyun 2025

21 Iyun 2025

20 Iyun 2025

19 Iyun 2025

18 Iyun 2025

15 Iyun 2025

14 Iyun 2025

13 Iyun 2025

12 Iyun 2025

11 Iyun 2025

10 Iyun 2025

09 Iyun 2025

08 Iyun 2025

07 Iyun 2025

06 Iyun 2025

05 Iyun 2025

03 Iyun 2025

01 Iyun 2025

31 May 2025

30 May 2025

29 May 2025

28 May 2025

27 May 2025

25 May 2025

24 May 2025

22 May 2025