Onlayn ictimai-siyasi qəzet
Əlbəttə, həmişə olduğu kimi, yenə günah, məsuliyyət hökumətin üzərindədir. Qədim Misirdə fironun dediyi kimi: “Əgər Nil çayının qırağında timsah hansısa kəndlini udursa, buna da mən cavabdehəm”. İndi isə timsah olmasa da, yağış yağıb, iki nəfər boğulub. Hələ nə qədər adam qüssədən ölüb, Allah bilir, çünki bizdə yağışlı havalar olduqca cansıxıcı, ürəksıxıcı ovqat yaradır.
Lakin günahın hökumətin üzərində olmasını hansısa tədbirlər görmədiklərinə nəzərən yazmadım. Adətən savadsız jurnalistlər belə iddialar irəli sürürlər axı. Niyə yağış suyu axması üçün kanallar yoxdur, niyə şəhər payıza-qışa hazır deyil, niyə bizə hər adam üçün xilasedici kəmər verilməmişdir, niyə, niyə, niyə... Çoxlu boş-boş temalar, söhbətlər. Hələ dünən gördüm, çoxları şəhər icra hakimini “mer” adlandırmışdı, halbuki mer bələdiyə başçısına deyilir, bizdə Bakı şəhərinin isə böyük bələdiyyəsi yoxdur. Bu mənada bütün Avrasiya məkanında analoqsuzuq - Bakı meri olmayan yeganə paytaxtdır. Bəlkə bir də Aşqabadın meri yoxdur, dəqiq bilmirəm. Lakin biz özümüzü niyə “Aşqabad batan kimi batdı” məsəlinin yarandığı məkanla müqayisə edək? Mövzumuza da uyğun deyil. Guya şəhərin müdiri icra hakimi yox, mer adlansa, tuneldə camaat batmayacaq?
Bax, problemin kökü də elə buradadır: hökumət daim məsuliyyəti öz üzərinə götürərək xalqda görünməmiş rahatlıq, ölüvaylıq, tənbəlliyə səbəb olmuşdur. Nəticədə quymaq yeyirlər, dişləri sınır. Göz xəstəxanasından reportaj verilirdi, bir nəfər burnunu qurdalayıb qarşıdakına atmışdı, onun gözünü çıxartmışdı.
Hər şeyi camaatın yerinə eləmək lazım deyildi. Bir az imkan verməliyik, xalq da iş-güclə məşğul olsun. Yeriməyi, yürüməyi, üzməyi, danışmağı, susmağı, yeməyi öyrənsin. Yoxsa xalqın əvəzindən işləyirlər, xalqın yerinə üzürlər, xalqın yeməyini yeyirlər...
Hökumətimizin üzərində olduqca ağır məsuliyyət, yük vardır. Bu da fövqəladə hallarda tənqidlərə səbəb olur. Odur, qasırğa hər ay Amerikanı elədən-belə şumlayır, lakin kimsə Bayden hökumətini qınayırmı? Qınamırlar. Çünki kartondan, qarğı-qamışdan evləri tikən camaatın özüdür, bilirlər tornado gələndə götürüb aparacaq. Ancaq bizdə hökumət hamıya Bakı kubikindən top kimi ev qayırır verir, sel gələndə ev dirəşir, uçmur, əhali suyun içində video çəkir, pis-pis zarafatlar edib hırıldaşırıq və sairə.
Məncə, deputatlar təcili yeni qanun layihəsi hazırlamalıdır, qapısına yağan yağışı küçəyə tökənlər cərimə olunmalıdır. Başqa yolu yox artıq! Hərə bir vedrə su axıtsa, paytaxt nə günə düşər? Zəhmət çəkin, yağışınıza yiyə durun. Ya da suyu müvafiq kanalizasiya qurğularına axıdın.
O cümlədən yağışlı günlərdə tunellərdə boğulmaq təşəbbüsü göstərən zəhmətkeşlərin qohum-əqrəbaları cərimə edilsə, onları vaxtında bu səmərəsiz yoldan çəkindirərlər. Əsas cərimədir. Biz cəriməsiz heç nəyi tənzimləyə bilmərik. Yağışı küçəyə axıtdığı üçün fiziki şəxslər 1000 manat, hüquqi şəxslər 2000 manat, hüquqsuz şəxslər 3000 manat cərimə edilsin. Maşından yağışı yola atanlar 500 manat cərimə olunsun.
Hələ təzəlikcə Yasamal tərəfdə lap tragikomediya yaşanırdı. Bir tikinti şirkəti ekskavatorla evi sökürdü, içəridə uşaqlar ağlaşırdı, “ay dayı, neynirsən?!” deyə qışqırışırdılar. Açıq hiss olunurdu ki, bu uşaqlar nə ailə, nə məktəb tərbiyəsi görüblər. Evi uçurdurlar, niyə qışqırırsan? Çıx eşiyə, ekskavatorçu dayıya kömək elə. Sən də uçurt. Nə olsun uşaqsan? Deyir bir dəfə meşə yanırmış, sərçə dimdiyində su gətirir, söndürməyə çalışır. Qarğalar bunu görüb hırıldaşır, sərçəni ələ salır, sərçə qürurla deyir: “Mənim gücüm nəyə çatırsa, onu elədim”.
Bizə o cür sərçə qeyrətli vətəndaşlar lazımdır. Cərimə məsələsini də ancaq yaddan çıxarmayaq. Daim gündəlikdə saxlayaq. Qabaqdan qış gəlir, həyətinə qar yağan vətəndaşları da cərimə eləməliyik. Ya da 2 iləcən islah işlərinə cəlb olunsunlar.
21 Noyabr 2024
20 Noyabr 2024
19 Noyabr 2024
17 Noyabr 2024
16 Noyabr 2024
15 Noyabr 2024
13 Noyabr 2024
12 Noyabr 2024
10 Noyabr 2024
09 Noyabr 2024
08 Noyabr 2024
07 Noyabr 2024
06 Noyabr 2024
05 Noyabr 2024
03 Noyabr 2024
02 Noyabr 2024
01 Noyabr 2024
31 Oktyabr 2024
30 Oktyabr 2024
29 Oktyabr 2024
27 Oktyabr 2024
26 Oktyabr 2024
25 Oktyabr 2024
24 Oktyabr 2024
23 Oktyabr 2024
20 Oktyabr 2024
19 Oktyabr 2024
18 Oktyabr 2024
17 Oktyabr 2024
16 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ