İnsanlara hürriyət, millətlərə istiqlal!

“Xortdanfilm” təqdim edir

Kinematoqrafçılar İttifaqımızın sədri Rasim Balayevin baş nazir Əli Əsədova məktubu uşaq filmləri haqda idi. Sitat: “Uşaq və yeniyetmələrə ünvanlanmış filmlərin sayı yox dərəcəsindədir. Son otuz ildə bu istiqamətdə dövlət dəstəyi ilə cəmi 5 tammetrajlı bədii film çəkilib. Bu müddət ərzində çəkilən animasiya filmlərinin sayı isə orta hesabla ilə 1 film təşkil edir. Bununla yanaşı, uşaq və yeniyetmələrin Azərbaycan kinosunun Qızıl fonduna daxil olan filmləri ilə tanışlığı da aşağı səviyyədədir”. Uzun məktubdur, axırda Rasim bəy dövlət proqramı istəmişdir.

Bu mövzu müzakirə edilərkən mən qəzetimizdə hörmətli həmkarım Xalidə Gərayın belə fikirlərinə rast gəldim: “Sovet dövründə uşaqlar yay tətillərində yerli istehsal olan "Şərikli çörək", “Skripkanın sərgüzəşti”, “Gilas ağacı”, “Asif, Vasif, Ağasif”, “Qaraca qız”, “Ögey ana”, “Şir evdən getdi” kimi filmləri böyük maraqla izləyirdilər. Həmçinin nağıllara əsaslanan “Qərib cinlər diyarında”, “Sehrli xalat”, “Bir qalanın sirri”, eləcə də “Əzablı yollarla”, “Mən nəğmə qoşuram”, “Qalada tapılan mücrü” və digər filmlər uşaqların diqqət mərkəzində idi. Bu bir faktdır ki, həmin filmlər uşaqların psixologiyasına, davranışına və tərbiyəsinə müsbət təsir göstərirdi. Orta nəsil nümayəndələri də təsdiqləyə bilər ki, uşaqlıqda bu filmlərin qəhrəmanlarına bənzəməyə, onlar kimi davranmağa çalışıblar. Sovet hakimiyyəti dağıldıqdan sonra ekranlara əsasən əcnəbi filmlər gəldi. “Harri Potter”, “Evdə tək”, “Qarfild” kimi bədii filmlər, “Tıq-tıq xanım”, “Cırtdan” cizgi filmlərinin yerini isə “Tom and Jerry” kimi xarici animasiyalar əvəz etdi". Sitatın sonu.

Mən də həmin homo-sovetikuslar nəslinin nümayəndəsi olaraq orada adıçəkilən bəzi filmlər haqda yazmaq qərarına gəldim, çünki SSRİ-nin ideallaşdırılmasından zəhləm gedir.

Sovet uşaq filmlərinin çoxu əslində uşağa göstərilməsi qadağan ediləsi filmlər idi. Misal üçün, elə hörmətli həmkarımın adını çəkdiyi “Bir qalanın sirri”. Oradakı əcinnə, Göygöz Kosa obrazları balaca uşaqları xəstə sala bilərdi, necə ki, çoxumuz xəstə düşmüşük. Bəlkə biz cücü-mücü elmləri üzrə böyük alim olardıq, oradakı nəhəng hörümçəyin qorxusundan olmadıq. Hələ Bıdı obrazıyla kök uşaqların ələ salınması, Simnar xan, Elşənin Mətanətlə cippildəşməsi kimi uşaqlarda travma yaradan başqa süjetləri yazmıram.

“Qərib cinlər diyarında” Amaliya Pənahovanın yaratdığı dəhşətli obraza bəyəm uşaq baxmalı idi? Hələ orada “qulağagirən” el adı daşıyan həşəratın qorxunc nümayişi... Uşağa cin-şeytanı o cür real nümayiş etdirsən, axırda indiki mövhumatçılar nəsli yetişməli, ələm uçurdanlar, Suriyaya arvad-uşaqlı gedənlər, məhərrəmlikdə zəncir vuranlar və sairə və ilaxır çıxmalıdır.

“Şərikli çörək” uşaq filmidirsə, onda “Şindlerin siyahısı” da sentimental komediyadır. Uşaq o cür ağır mövzulardan (müharibə, aclıq, qıtlıq və s.) nə öyrənə bilər? Film yaxşı filmdir, amma uşaqlara dəxli yoxdur axı.

“Qaraca qız” da həmçinin. Rəhmətlik Süleyman Sani müəllim bunu nahaq yerə “Qorxulu nağıl” adlandırmayıb. Bəyin qızını ilan çaldı, yoxsul qaraçı balası zəhəri sordu, öldü. Uşağa belə dəhşətli psixoloji zərbə vurmaq olar? (Bunun elmi baxımdan yalan olmasını da üstünə gəlin - ilan zəhərini yaradan sormaq və bundan ölmək mümkün deyil).

Əvəzində gəlin sizə “Pixar” studiyasının möhtəşəm animasiyalarından nəql edim. “Oyuncaq hekayəsi”, “Yuxarı”, “Maşınlar”, “VALL-İ”, “Nemonun axtarışında”... Belə filmlərimiz varmı? Sovetin vaxtında da olmayıb. “Disney”in 1942-ci ildə çəkdiyi “Bembi” multfilminə mən indi də həvəslə baxaram, nəinki SSRİ-nin multfilmlərinə. Adamlar hətta qorxunc varlıqlar haqda animasiyanı (“Monsters University”) elə çəkirlər, uşaq monstra, əcaib varlığa da aşiq olur. Sovet vaxtı bizim bir multfilmdə qarı uşağı küpəyə döndərib içinə odun yığırdı, sonra vurub sındırırdı, nə bilim, qarğa kimi qarıldadırdı və sairə - elə bil vampir kinosuna baxırsan.

Yekun olaraq, fikrim budur ki, əgər uşaq filmləri yenə dövlətə tapşırılsa, vay bizim halımıza. Daha dəqiqi, uşaqlarımızın halına. Ta bizə olan oldu.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

02 Aprel 2025

31 Mart 2025

30 Mart 2025

28 Mart 2025

27 Mart 2025

25 Mart 2025

24 Mart 2025

23 Mart 2025

22 Mart 2025

21 Mart 2025

20 Mart 2025

19 Mart 2025

18 Mart 2025

16 Mart 2025

15 Mart 2025

14 Mart 2025

13 Mart 2025

12 Mart 2025

11 Mart 2025

09 Mart 2025

08 Mart 2025

07 Mart 2025

06 Mart 2025

05 Mart 2025

04 Mart 2025

02 Mart 2025

01 Mart 2025

28 Fevral 2025

27 Fevral 2025

26 Fevral 2025