Onlayn ictimai-siyasi qəzet
Dünənki yazımda hökumətimizin dəqiq fəaliyyətindən, xəbərdarlıq etdikdən sonra qazın tam həmin anda kəsilməsindən bəhs olunmuşdu. Bu münasibətlə Lerik sakini Vüqar Babasoy-dan məktub almışam. Hörmətli oxucumuz yazır: “Bizdə bu qaz söhbəti başqa cürdür. Mesaj gəlir ki, filan saatda kəsiləcək, ancaq kəsilmir. Yadlarından çıxır, yoxsa başını buraxırlar, ya da problem necəsə həll olunur. Haçan mesaj gəlir, yoxlayıram, kəsilmir”.
Buyurun. Sonra bəzi vətəndaşlar ağlaşma qurur, deyir ucqar rayonlara qaz verilmir, niyə Gürcüstanda erməni kilsəsini qızdırırıq və sairə. Birincisi, bizim uzaqgörən siyasətimizlə xaricdəki erməni kilsələrinə pulsuz qaz verilməsi axırıncı savaş zamanı özünü çox müsbət mənada göstərdi - ermənilərin Allahı onların düşdüyü ağır vəziyyətə tamamilə göz yumdu.
Sözgəlişi, dahi klassiklərimizdən Seyid Əzim bu mövzuda “Allaha rüşvət” adlı şeir yazmışdır. Orada Həmədan ölkəsində yağış yağmırdı, camaat pul yığıb verir bir nəfərə ki, apar Yaradana ver, göydən bizə yağış yağdırsın. Adam səhrada dolaşır, axırda bir əmirə rast gəlir, pulu verir ona, qayıdır kəndə. Kəndə aramsız yağış yağır, sel gəlir. Şeirin axırında Seyid bu münasibətlə yazır:
Əzqəza, ruzi-cümə yağdı yağış,
Mürtəfe oldu seyl yeddi qarış.
Qəryə heyvanları həlak oldu,
Xəlq tufanla zəhrəçak oldu.
Dedilər: - Ol xudayi-biminnət
Harda görmüşdü min tümən rüşvət?
Yəni sənətkar deyir ki, gərək heç bir şeyin, o cümlədən rüşvətin həddini aşmayasan. Rüşvətin də su kimi lətafəti var, artıq alıb-verəndə dərd verir o da.
Ancaq ta söhbət açılıb və Lerikdən məktub almışkən son günlər mənə sınırsız kədər, Orhan Pamuk demişkən, “hüzün” gətirən bir xəbəri sayın oxucularımızla bölüşmək istəyirəm. Xəbər belə idi: Azərbaycanın futbol üzrə 2-ci liqasında (ola bilsin futboldan çox yazıram və axırda Harri Lineker oldum) Lerikin eyni adlı komandası oynayırmış. 17 oktyabrda bu komanda Bakıda yerli “Şəfa” klubu ilə oynamalı imiş, lakin maliyyə çətinlikləri üzündən “Lerik” paytaxta gələ bilməmişdir. Sitat: “Qaydalara uyğun olaraq oyun rəsmiləri, ”Şəfa" klubu matçın təyin olunduğu vaxtda stadionda olublar. Prosedur olaraq oyun təyin olunan vaxtdan sonra 30 dəqiqə müddət gözlənilib, görüşün baş tutmaması bütün rəsmi şəxslərin protokolunda öz əksini tapıb və “Lerik” klubuna texniki məğlubiyyət verilib". Sitatın sonu.
Yəni rayonda bir avtobus tutub heç olmazsa 11 nəfəri Bakıya göndərməyə pul, o cümlədən, pul vəsaitləri tapılmayıbdır. Lakin burada qüssə klubun Bakıya gələ bilməməsində deyil ki?! Belə şeylər bütün dünyada olur. Mən uşaq olanda, yadıma gəlir, özbəklərin “Paxtakor” komandası təyyarədən düşüb, iraq olsun, rəhmətə getmişdi. Qüssə bütün prosedurların gözlənilməsində, həmçinin, rəqib komandanın stadionda düz 30 dəqiqə həsrətlə qapıya baxmasındadır. Necə vəfalı idman ictimaiyyətimiz vardır... Hətta mənə elə gəlir AFFA-ya həm də VƏFA adı qoya bilərik!
Sonda bir vacib informasiya: deputatlarımız yeni qanun hazırlayır, Hakimlərin Qiymətləndirilməsi Komitəsi yaradılacaqdır. Burada hər 3-5 ildən bir hakimlərin necə işlədiyinə qiymət verəcəklər. (Söhbət məhkəmə hakimlərindən gedir, futbol hakimləri azaddır). El dilində yazsam, hakimlər xalqa cəza verirsə, bu komitə də hakimlərə cəza verəcəkdir.
Yəqin, həmin komitəyə də kimsə cəza verər. Dərəbəylik deyil ki?
24 Noyabr 2024
23 Noyabr 2024
22 Noyabr 2024
21 Noyabr 2024
20 Noyabr 2024
19 Noyabr 2024
17 Noyabr 2024
16 Noyabr 2024
15 Noyabr 2024
13 Noyabr 2024
12 Noyabr 2024
10 Noyabr 2024
09 Noyabr 2024
08 Noyabr 2024
07 Noyabr 2024
06 Noyabr 2024
05 Noyabr 2024
03 Noyabr 2024
02 Noyabr 2024
01 Noyabr 2024
31 Oktyabr 2024
30 Oktyabr 2024
29 Oktyabr 2024
27 Oktyabr 2024
26 Oktyabr 2024
25 Oktyabr 2024
24 Oktyabr 2024
23 Oktyabr 2024
20 Oktyabr 2024
19 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ