Onlayn ictimai-siyasi qəzet
“Kubok sadəcə boş bir kasadır”
(“Arabalar” cizgi filmindən)
Avqustun son günlərindən birində Lənkəranın kəndində qonşular arasında dava düşmüşdü. Nəticədə 3 nəfər bıçaqlanmış, 2 nəfər isə başqa ağır xəsarətlər almışdı. Hadisə çox ciddi səbəblər üzündən olmuşdu.
Əşşi, zarafat edirəm, nə səbəb, nə ciddiyyət? Dava xoruzun üstündə olub. Qonşunun xoruzu çəpəri keçibmiş, vəssalam.
Başqa bir ərazimizdə iki əsgəri bıçaqlayıb qətlə yetirən yaramazlara 18-19 il həbs cəzası kəsildi. Burada isə dava restoranda mahnıya görə düşmüşdü.
Şəmkirdə 3 nəfər metal nərdivanı dığırlayıb hansısa yırtıq istixanaya örtük çəkmək istəyəndə elektrik xəttinə tuş olublar. Üçü də ölüb.
Göygöl rayonunda nənə nəvələrinin saçındakı biti heyvanlar üçün dərmanla təmizləmək fikrindəymiş. Nəticə: 10 yaşlı uşaq ölüb, qalanları huşsuz tapılıb.
Yenə haradasa məktəbi guya dezinfeksiya eləmişdilər, bir neçə uşaq xəstəxanalıq olmuşdu.
Biləsuvar yolunda cəlilabadlıların toy karvanında qəza baş verib, 5 nəfər ölüb. Ölənlər evlənənlərin qahımlarıymış.
Belə boş, mənasız, çürük səbəblərdən hər gün qırılırıq. Kütləvi savadsızlıqdırmı, kütləvi beyinsizlikdirmi, kütləvi kasıblıqdırmı, kütləvi qanunsuzluqdurmu? Hər nədirsə bilmirəm. Bəlkə elə kütləvilikdir.
Toy karvanı faciəsini ayıraq, bu haqda bir qədər düşünək. Neçə illərdir, avtomobil millətimizin əlinə düşəndən bəri bu faciəvi qəzalar təkrar-təkrar olmurmu? Olur. Heç bir rəsmi xəbərdarlığın da xeyri yoxdur.
İki-üç gün qabaq belə bir karvanın canlı şahidi oldum. O bunu tozda buraxır, bu onu ötür, qarşı yola çıxan, avtobus dayanacağına girən... Özümü vaxtında kənara atmasam, yalan olmasın, yolun qırağındakı xəndəyə uzanmasam heç indi bu yazını yox, nekroloqumu oxuyurdunuz. Maşınlar başımın üstündən keçirdilər, belimdə qumbara olsa durub arxalarınca atardım. Necə deyərlər, öncə vətəndir.
Nə olub, əziz yoldaşlar? Sanarsan bambılı bir qafqazlı toyu yox, Yuli Sezarın Romaya triumfu - zəfər yürüşüdür.
Tutaq ki, bu iki tip hansısa üsulla (görücü, cadu-piti, molla, falçı, xala-bibi, bacanağın baldızı və sairə) tapışıblar, axşam bir yastığa baş, bir döşəyə ... qoyacaqlar, nəticədə şanlı nəsil artıb-törəyəcəkdir, Azərbaycanın parlaq gələcəyinə elmi-texniki, mədəni-kütləvi töhfələr verəcəkdir. Bəyəm bundan ötrü maşın yarışı, balaca-balaca “formula-1"lər keçirilməlidir? Niyə toyxanaya adam kimi getmirsiniz? Məqsəd nədir? Özünüzü kimə göstərirsiniz? Vallah, ətrafdakıların heç birisinin sizin gicbəsər toyunuza zərrə qədər marağı yoxdur. Buna əmin olun, Hacıbala müəllim demişkən.
Üstəlik, seçilmiş hərəkət üsulu riyazi baxımdan da səmərəsizdir axı (biz Narxozda oxuyanda belə deyərdilər: “Faydalı İş Əmsalı - FİƏ azdır”). Məsələn, elə o son hadisədə toy karvanından 5 nəfər öldü. Deməli, bu iki nəslin say balansında müsbət saldo yaradılması məqsədilə bəy və gəlin yaxın illərdə azı 6 uşaq əkməlidir. Niyə özünüzü öldürürsünüz?
Lap hesab edək o ötüşməyə çıxanların bir-ikisi cavandır, qanmır, zırramadır (əslində müşahidələrimiz göstərir ki, hamısı ötüşür, biz xoşgörülü yanaşaq). Bəs bu evlənənlərin böyüyü, ağsaqqal-ağbirçəyi, bir qabaqda gedəni, ağıl, məsləhət verəni-zadı yoxdurmu? Elçiliyə, xınayaxdıya, yengəgördüyə, qudaqırdıya-filana toplaşanda niyə demirsiniz ki, şərtimizin biri toy günü maşını yolda adam balası kimi sürməkdir?
Yoxsa bu haqda nəsə ayrıca qanun hazırlanmalıdır? Məsələn, toy karvanı yol hərəkəti qaydasını pozursa, VVAQ nikahı qeydə almasın.
İndi söz əlaqədar təşkilatlarındır. Yazın görüm şadlıq saraylarını haçan dezinfeksiya edirsiniz. “Tut ağacı” mahnısına oynayan həşəratlar tut ağaclarını basan tırtıllardan çoxdur.
28 Sentyabr 2025
27 Sentyabr 2025
26 Sentyabr 2025
25 Sentyabr 2025
24 Sentyabr 2025
23 Sentyabr 2025
21 Sentyabr 2025
20 Sentyabr 2025
19 Sentyabr 2025
18 Sentyabr 2025
17 Sentyabr 2025
16 Sentyabr 2025
14 Sentyabr 2025
13 Sentyabr 2025
12 Sentyabr 2025
10 Sentyabr 2025
09 Sentyabr 2025
07 Sentyabr 2025
06 Sentyabr 2025
05 Sentyabr 2025
04 Sentyabr 2025
03 Sentyabr 2025
02 Sentyabr 2025
31 Avqust 2025
30 Avqust 2025
29 Avqust 2025
28 Avqust 2025
27 Avqust 2025
26 Avqust 2025
24 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ