İnsanlara hürriyət, millətlərə istiqlal!

Tapançalı adam haqda gecikmiş qeydlər

“Dəyirmanda doğulan siçan göy gurultusundan qorxmaz”

(ata sözü)

Kürdəmirin kəndində vətəndaş məscidin pəncərəsini sındıraraq səsgücləndiricini və axundun elektron qəlyanını əkişdirmişdir. Aparılan operativ istintaq-əməliyyat tədbirləri ilə qəlyan tapılıb geri qaytarılmışdır. Hazırda səsgücləndirici aranır. Son məlumatlara görə, müttəhim 250 manat dəyəri olan səsgücləndiricini Bakıya aparıb, “20 Yanvar” metrosu tərəfdə naməlum şəxsə 60 manata satmışdır.

Ehtimal edilir ki, ucuz qiymətə bu aləti alan yoldaş AXC-Müsavat cütlüyünün üzvlərindən biridir. Çünki qədim əyyamlarda onlar məhz həmin metronun üstündə toplaşıb “Qələbə” kinoteatrına tərəf yürüş edirdilər, yolboyunca səsgücləndiricidən müxtəlif şüarlar səslənirdi. İndiki uşaqlar belə şeyləri bilməz. Mən hətta sovetin vaxtındakı 7 noyabr mitinqlərini də xatırlayıram.

Möminlərdən xahiş olunur müvəqqəti də olsa moizələrə yavaş səslə qulaq asmağa çalışsınlar. Lakin bu müddətdə duaların yuxarılara çatmaq ehtimalı zəifləyir. Böyük ehtimalla uşaq pulu da olmayacaqdır.

Məni axundun davranışı xeyli mütəəssir etdi. Bizə belə din xadimləri lazımdır! Çünki idarəyə müraciətində oğurluq edən zəhmətkeşi bağışladığını ərz etmişdir. Məhz buna görə (həm də - humanizm məhkəmə sistemimizin başlıca xüsusiyyətidir) hakim cinayətkara yüngül cəza kəsmiş, azadlığını məhdudlaşdırmışdır.

Hazırda ölkəmizdə azadlığı məhdudlaşdırılan yeganə adam odur. Adama elektron qolbaq taxacaqlar, gecələr evində qalacaq. Məhdudiyyət bundan ibarətdir, çox da narahat olmayaq.

Elektron qəlyan oğurlayana elektron qolbaq taxılması məni elektron əsrində yaşamağımız haqda düşüncələrə qərq etdi. Haradan baxsan inkişafdır. Dünən bu münasibətlə internetin də qiyməti qalxdı. Eşq olsun, dəstəkləyirəm. Qarşıdan gələn deputat seçkisində də söz verirəm Madər müəllimə səs verəcəyəm.

Həqiqətən, bəşəriyyət qısa zaman kəsiyində inqilabi addımlar atıbdır. İndi kiməsə “cütləşmiş telefon nədir” soruşsan, ya gülər, ya da anlamaz. Halbuki cəmi 30 il qabaq Bakı şəhərində xeyli belə ev telefonu nömrələri vardı. Qonşu ilə sənə eyni nömrəni verirdilər. Dəstəyi qaldırırdın, əgər qonşu danışırdısa, gözləyirdin, söhbəti bitirirdi, sonra sən zəng vururdun. Hətta istəsən fasilə müddətində qonşunu dinləyə bilərdin. Səbəb isə bu idi, ATS-də boş “yuvacıqlar” çatışmırmış.

Hələ 2 qəpiyə küçədən, telefon aparatından zəng vurmaq, “Nizami” metrosundan aşağıdakı şəhərlərarası telefon stansiyasından hansısa başqa şəhəri sifariş vermək... Tam bir romantika idi. İndi tik-tokda-zadda eşələnən gənclik bunun romantikasını haradan qansın?

1999-cu ildə mənə Çaykənd kəndindən Bakıya zəng vurmaq lazım gəlmişdi, yerli telefon stansiyasına getmişdim. Orada telefonçu qızlar oturmuşdu, cürbəcür naqilləri fərqli deşiklərə taxıb-çıxarmaqla Bakı ilə əlaqə yaradırdılar. Lap “Telefonçu qız” filmindəki ab-hava vardı. O filmi 1962-ci ildə çəkmişdilər, xatırladıram. 1999-cu ildə 1962-ci illə toqquşmaq nə gözəl idi...

Hələ poçta gedirdin, çeki göstərirdin, qazın-işığın pulunu ödəyirdin. Görəsən, həmin qadınlar indi nə işlə məşğuldur? Bir ara bizim poçt bekar qalıb sabun, günəbaxan yağı satırdı, indi xəbərsizəm. Zaman hamımıza qarşı amansızdır.

Bircə o yuxarıdakı axunddan başqa. Məncə, həmin axund əbədi yaşayacaqdır.

Sonda Yusuf Dikeç əhvalatına öz şərhimi yazım. Düzdür, gec oldu bir az, ancaq gec olsun, güc olsun. Söhbət olimpiadada xüsusi avadanlıqlar taxmadan güllə atan türk idmançıdan gedir. Onu 2024 olimpiadasının əsas memlərindən biri sayırlar. Bütün dünya həmin şəkli paylaşırdı. İlon Maskdan tutmuş, hansısa kürdəmirli kəndliyə qədər.

Halbuki o silahlı adam bəşəriyyətin simvoludur və bu populyarlığın alt qatlarında bizim necə manyak canlı olmağımız yatır. Bir-birimizi, həmçinin başqa canlıları öldürməyə, güllələməyə, atəş açmağa dəhşət maraqlıyıq.

21-ci əsrin rəmzi obrazı tapançalı adamdır. Və biz bundan ləzzət alırıq. Xəstə deyilikmi?

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

23 Noyabr 2024

22 Noyabr 2024

21 Noyabr 2024

20 Noyabr 2024

19 Noyabr 2024

17 Noyabr 2024

16 Noyabr 2024

15 Noyabr 2024

13 Noyabr 2024

12 Noyabr 2024

10 Noyabr 2024

09 Noyabr 2024

08 Noyabr 2024

07 Noyabr 2024

06 Noyabr 2024

05 Noyabr 2024

03 Noyabr 2024

02 Noyabr 2024

01 Noyabr 2024

31 Oktyabr 2024

30 Oktyabr 2024

29 Oktyabr 2024

27 Oktyabr 2024

26 Oktyabr 2024

25 Oktyabr 2024

24 Oktyabr 2024

23 Oktyabr 2024

20 Oktyabr 2024

19 Oktyabr 2024

18 Oktyabr 2024