Onlayn ictimai-siyasi qəzet
Bəzi yoldaşlar tarixi yaxşı oxumayıblar, o üzdən elə zənn edirlər Hələb tərəfdə döyüşlər təzə qızışıbdır. Halbuki, araşdır, görəcəksən: 2-3 min ildir bu bölgədə camaat bir-birinin dərisini soyur. (Obrazlı ifadə olaraq, məcazi mənada yazmadım. Ən azı Nəsiminin əhvalatını bilərsiniz. Yoxsa kinosuna da baxmamısınız? İndiki Tik-tok nəslindən hər şey gözləyirəm).
Ümumiyyətlə, planetdə bir sabitlik vardır. Heç nə dəyişmir. Ukrayna davası, Gürcüstanda qarışıqlıq, Putinin günaşırı atom bombası silkələməsi və sairə - hamısı olub, olur, olacaq. Müdriklər demişlər: “Ayın (ya da Günəşin – iki variant da işlənir – Z.H.) altında heç nə yeni deyil”. Ona görə ürəyinizi buz kimi saxlayın, heç nədən narahat olmayın, yeyib-içib, kef çəkin. Bu dünyada yeganə məna odur ki, hər şey mənasızdır.
Keçən həftə bir lotu “Skotçla divara bərkidilən banan” əsərini 6,2 milyon dollara satdı, başqa lotu isə aldı. Sonra əsərin qabığını soyub kamali-ədəblə, jurnalistlərin gözü qarşısında yedi. Lakin bir nəfər də demədi ki, bu, vandalizmdir. Sənət əsərini yemək hardan çıxıb? Onda belə çıxır Marsel Düşanın məşhur “əsəri” olan pisuarı ( rəsmi adı “Fəvvarə” idi) tapıb içinə kiçik ehtiyacı ödəmək lazımdır?
Eyni zamanda, məni alıcının başqa cəhətdən də insanlıqdan kənar olması, mədəniyyətsizliyi düşündürdü. Filan qədər jurnalistin gözü qabağında bananı yedi, lakin bir dişləm onlara vermədi. Sanki büdcədən maliyyələşən məmur-oliqarxdır, özü yeyir, xalqa vermir.
Yaxud, əsər satılan gündən məni düşündürən bir detal da var: əgər əsərin adı “Divara bərkidilən banan”dırsa, bunu alıb-satanda divarı neynəyirlər? Divar əsərin kompozisiyasına daxil deyilmi? Çünki qoparıb başqa divara vursan, istər-istəməz əsərin kopyası, surəti, saxtası kimi alınır.
Hər bir halda sabitlik yaxşı şeydir. Elə yuxarıda kanalizasiya mövzusu açmışdıq, keçən həftə mən xəbər lentində gördüm, Buzovna tərəflərdən video vardı, camaatın evini su basmışdı. Əlaqədar orqanlar isə deyirdilər ki, orada kanalizasiya sistemi yoxdur, yağış yağanda axmağa yer olmur.
Bəlkə Bakının, Abşeron yarımadasının təbii göllərini qurudub, təbiətə zor göstərib, açılan əraziləri ev tikmək üçün satmaqdadır problemin kökləri? Çünki hər belə subasma videolarında küçələrdəki qamışlıqlar aydın görünür.
Lakin hesab edək kanalizasiya problemi var. Nə olsun? Ona qalsa Bakının hər bir yerində yağış haranısa basa bilər. Biz bunu illərdir müşahidə edirik, öyrəşməliyik. Su basır, sən də evi dirəklər üstündə tik. Vyetnam, İndoneziya, Filippin tərəflərdə necə tikirlər? Oturursan balkonda, həyətdən balıq tutursan. Hətta qayıq-evlər tikib satmaq olar. Adına yanılmıramsa conka deyirlər. Buzovnada yaşadığın yerdə, üzüb olursan mərdəkanlı. Zabratdan girib, Kürdəxanıdan çıxırsan. Əsl gözəllik deyilmi? Arada qayığın pəncərəsindən başını uzat, deputata və icra başçısına təşəkkür elə.
Deputat demişkən, keçən həftə ölkə gündəmi müəyyən qalmaqal yaşadı, çünki bir-iki nəfər deputat parlamentdə xalqın problemlərindən dəm vurmuşdu. Hətta camaatın bəzisi belə şərh elədi ki, guya Səyyad Arana qədər İmişlinin problemlərini danışan olmamışdır.
Boş söhbətdir. Biz yaxşı xatırlayırıq, Razi Nurullayev 20 ildir İmişlidə kanalizasiya və su dərdindən danışır. Ondan da qabaq İltizam Əkbərli danışardı. Belə təəssürat yaranır ki, İmişlidə su-kanalizasiya-məktəb və sairə problemləri 30 ildə heç kim həll eləmir. Sabit şəkildə, üst-üstə yığılıb qalır. Hətta 4 il qabaq icra başçısı Vilyam Hacıyevi tutub basdılar, lakin heç zad dəyişmədi.
Sabitlik elə həmçinin bu deyilmi? Yeganə olaraq Əsabil Qasımov deputat olanda İmişlidəki problemlərdən heç danışmadı. Düz də eləyirdi – sabitliyin əleyhinə çıxmaq nəyə lazımdır?
02 Aprel 2025
31 Mart 2025
30 Mart 2025
28 Mart 2025
27 Mart 2025
25 Mart 2025
24 Mart 2025
23 Mart 2025
22 Mart 2025
21 Mart 2025
20 Mart 2025
19 Mart 2025
18 Mart 2025
16 Mart 2025
15 Mart 2025
14 Mart 2025
13 Mart 2025
12 Mart 2025
11 Mart 2025
09 Mart 2025
08 Mart 2025
07 Mart 2025
06 Mart 2025
05 Mart 2025
04 Mart 2025
02 Mart 2025
01 Mart 2025
28 Fevral 2025
27 Fevral 2025
26 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ