Onlayn ictimai-siyasi qəzet
Deputat Erkin müəllim demişkən, Avropada həyat həyat deyil. Maraqsızdır. Ancaq bizdə hər gün yeni əyləncələr çıxır. Başımızı qatmağa, maşallah, cürbəcür əhvalatlar yaranır.
Məsələn, elə şortik məsələsi. Neçə illərdir uca xalqımız şalvarın ayağının uzunluğu məsələsində ümummilli razılığa gəlməkdə çətinlik çəkir. Bəzi regionlarımızda şalvar dizdən iki qarış aşağıyacan uzanmalıdır, əks halda qırğın qopur, qan su yerinə axır. Ana-bacı temasıdır. Həqiqətən, mən fikir vermişəm, bizim bəzi bölgələrdə ana-bacılar şortik geyinən kişilərin ayağına pis gözlə baxır. Küçədə, yol kənarlarında durub gözləyirlər ki, şortikli adamlar keçsin, baxsınlar.
Başqa regionlarımızda isə şalvarın balağı dizə qədər olsa bəs edir. Amma bu dress-kodu pozub yarım santimetr yuxarıdan getsən, payını alarsan. Şortikin uzunluğu dövlət atributu kimi bir zaddır. Pozmaq olmaz. Pozanın ağzını cırırlar. Ya da pozurlar. Sözgəlişi, dilçi alimlərimizin fikrincə, şortik sözü ilə şortu sözü eyni kökdən gəlir və əxlaqsız insan deməkdir.
Bu günlərdə qədim Gəncəmizdə bir nəfəri şortik geyindiyi üçün bıçaqlayıb öldürmüşlər. Halal olsun. Yəqin Nizami Gəncəvi bu həmyerliləri ilə qürur duyardı. O cümlədən Cavad xan. Çünki şortik bizim regiona elə rus işğalıyla birgə gəlmişdir. Məncə, Surət Hüseynovun da şortikə neqativ münasibəti olubdur, təəssüf, bunu indi dəqiqləşdirmək mümkün deyil.
Dövlətçilik və milli mental ənənələrimiz yaşanmalıdır. Avropanın yaxşısını götürüb pisini ataq. Məsələn, avro yaxşıdır. Rüşvəti avro ilə verirlərsə, alın. Halaldır. Yox, şortik şəklində ödəmək istəsələr almayın.
Yeri gəlmişkən, bayaq adını çəkdim, böyük şairimizin şortik temasında şeiri vardır. “Sirrlər xəzinəsi” poemasında yazır: “Qüvvət şortikdədir, şortiksiz heç kəs, Heç kəsə üstünlük eyləyə bilməz”.
İnşallah, şalvarın uzunluğu mövzusu yaxın yüz ildə əsas gündəmlərimizdən olacaqdır (fz qala səhvən “gündəyməz” yazmışdım). Marsda şortiklə gəzmək olarmı, süni intellekt şortikə necə baxır, işıq sürəti ilə uçan kosmik gəmidə şortikin ayaqları uzanır, ya qısalır - bunlar hamısı həlli vacib işlərdir.
Ağır Cinayət Məhkəməsində bir maraqlı proses başlayıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyində sədr müavini görəvində çalışan yoldaşın evindən 244 min manatlıq qızıl oğurlayan qadın müttəhim kürsüsündə əyləşib. (Sözgəlişi, bu detala diqqət etmisinizmi, bizim ana dilimizdə “kürsü” sözü əsasən iki sözlə yanaşı işlənir, biri “vəzifə” sözüdür, o biri “müttəhim”. Olduqca maraqlı psixo-sosial, filoloji-etnoqrafik özəllikdir). Qadın polis nəzarətindədir, hələlik tutmayıblar. Baxmayaraq əvvəllər də oğru həyatı yaşayıb, bir dəfə həbsdə yatıb. 3 uşaq anasıdır. Yəqin məhkəmə analara hörmət baxımından hələlik bunu tutmur. Jurnalist qız olsa tutardılar. Lakin siyasətə qarışmayaq. Məni məsələnin digər tərəfi düşündürür: kiçik və orta biznesə yardım idarəsində müavinin evindən bir oğurluqda 244 minlik qızıl aparmaq mümkündürsə, sədrin evindən nə qədər çıxar? Elə-belə, ritorik sualdır və heç kəsi yönəltmək məqsədim yoxdur.
Üstəlik, gör kiçik və orta biznes necə yardımlar alıb, necə inkişaf edib... Yoxsa özünə o qədər qızıl qalmazdı. Mənə elə gəlir məhkəmə-istintaq orqanlarına da qızıldan pay-pürüş çatıb, əks halda, oğru qadın bayırda gəzməzdi. Bayaq yazdığım “cənnət anaların ayağı altındadır” motivini çox ciddiyə almayın.
Hər daşı qızıl olan ölkədir. Hansı məmuru qaldırsan, altından qızıl yatağı çıxır. Ona görə hər bir vəzifəli yoldaşın villasının yanında sianidlə qızıl təmizləmə üçün süni göllər yaradılır.
Sonda bir detalı da diqqətinizə çatdırım: siz heç şortiklə rüşvət alan məmur görmüsünüz? Olmaz. Çünki mentalitetimizə ziddir.
16 Iyul 2025
15 Iyul 2025
13 Iyul 2025
12 Iyul 2025
11 Iyul 2025
10 Iyul 2025
09 Iyul 2025
08 Iyul 2025
06 Iyul 2025
05 Iyul 2025
04 Iyul 2025
03 Iyul 2025
02 Iyul 2025
01 Iyul 2025
29 Iyun 2025
28 Iyun 2025
27 Iyun 2025
26 Iyun 2025
25 Iyun 2025
24 Iyun 2025
22 Iyun 2025
21 Iyun 2025
20 Iyun 2025
19 Iyun 2025
18 Iyun 2025
15 Iyun 2025
14 Iyun 2025
13 Iyun 2025
12 Iyun 2025
11 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ