Onlayn ictimai-siyasi qəzet
Hörmətli baş nazirimiz Əli müəllim enerji idarəmizin müdiri Balababa müəllimə şiddətli töhmət elan etmişdir. Çoxdandır bu maraqlı cəza üsuluna rast gəlmirdik. Bəlkə vardı, “ekran-efirlərə” çıxmırdı.
Yeri gəlmişkən, inzibati-idarəçilik sistemindəki qaydalara görə bu cür cəzaların ardıcıllığı belədir: irad, töhmət, şiddətli töhmət, vəzifəyə uyğunsuzluq haqda xəbərdarlıq, aşağı vəzifəyə keçirmə və nəhayət işdən qovma. Görəsən sayın baş nazirimiz baş energetikə irad və töhmət verdikdən sonra şiddətli töhmət verib, ya birbaşa?
Əlbəttə, bunlar xırdaçılıqdır. Əsas odur “iş gedir, Bakıda nümayiş gedir”... Üzr istəyirəm, bu bir az əski əhvalatdan sitat idi. Orda Topxanada aparılan neqativ proseslərdən bəhs olunurdu. Maşallah, indi Topxanada müsbət işlər gedir, Bakıda da nümayiş yox, iqlim konfransına hazırlıqdır. Energetikin şiddətli töhmətə məruz qalmasının səbəbini isə xalq çox anlamasa belə, deyəsən burda da ekologiyanın qorunması məqsədi güdülmüşdür. Sitat: “2024-cü il üzrə təsdiq edilmiş yanacaq-enerji balansında qazdan istifadə istiqamətlərini pozaraq müvafiq qaydada razılaşdırmadan elektrik enerjisini ixrac etdiyinə görə... şiddətli töhmət elan edilib”.
Çox anlaşılmaz vəziyyətdir. Razılaşdırmadan elektrik enerjisini necə ixrac etmək olar? Loru dildə yazsaq, bu, elektriki harasa qanunsuz satmaq deməkdirmi? Ya bəlkə həmin enerji qaz yox, alternativ mənbə, məsələn, mal təzəyi yandırmaqla alınmalıymış, atmosfer qorunmalı imiş? Nəsə, güman edirik bunun üstü haçansa açılar. Onsuz bizim ölkədə aşkarlıq şəraitidir.
Bu şəraitdən istifadə edərək əziz müəllimlərimizi ötən bayramları münasibətiylə təbrik edirəm. İnşallah, Xırdalandakı məktəbin təşəbbüsü tərəfdar qazanar. Orda valideynlərlə müqavilə bağlamaq istəyirdilər: “övladımın dərsə davamiyyətsizliyi və məktəbin nizam-intizam qaydalarına riayət etməməsi halı baş verərsə məktəb rəhbərliyi və pedaqoji şuranın iclası qərarını bir valideyn olaraq qəbul edəcək və etiraz etməyəcəyəm”.
Həqiqətən, bəzən məktəbdə baş verən hadisələrə görə müəllimləri qınayırdılar. Niyə valideynlər öncədən məsuliyyəti üzərinə götürməsin? Harınlayıblar. İmkan vermirlər müəllimlər seçki keçirsin, vaxtlı-vaxtında siyasi tədbirlərdə iştirak eləsinlər, evdə uşaq hazırlasınlar, nə bilim, tort və dovğa bişirsinlər, toyda oynasınlar, qızıl alveri eləsinlər. İndi isə öncədən valideynlə müqavilə bağla, sonra uşağı yıx yerə, sürü. Lap, pis çıxmasın, başını elm qibləsinə - Ramiz Mehdiyev adına Akademiyamıza tərəf tutub...
Nə isə, çox dərinə getmirəm, çünki mənası da yoxdur – təhsil idarəsi Xırdalan məktəbinin bu gözəl təşəbbüsünü beşikdə boğdu, dedilər belə təşəbbüsə ehtiyac yoxdur, onsuz valideynlərin məsuliyyəti qanunlarda göstərilib.
Amma yeni müqavilə bağlansa daha yaxşı olardı. Odur, telefon idarəsi bu istiqamətdə xarüqələr nümayiş etdirir: internet almayana telefon vermirlər. Sən demə yenilənmiş qaydalara görə evə 2 manat 50 qəpiklik telefon xətti çəkdirmək istəyirsənsə, mütləq 25 manatlıq internet də almalısan. Əks halda telefonu ümumiyyətlə kəsirlər.
Biz belə şeylərə qabaqlar dünya şöhrətli çayxana-kafelərimizdə rast gəlirdik. 2 manatlıq çay içmək istəsən üstündə 20-30 manatlıq “dəzgah” sırıyırdılar. Mən bir dəfə Bakının mərkəzində pivə içmək istədim, məlum oldu üstündə mütləq çərəz almalıyam, başqa yolu yox artıq. Tragikomediya isə bu idi ki, pivənin bakalı 3 manat, çərəz 7 manat hesablanmışdı.
Lakin niyə hökumət məsələyə kompleks yanaşmır? Telefonu kəsməklə iş bitmir. Elektriklə birgə evlərə lüstr, qazla birgə plitə, suyun üstündə filtr, nə bilim, kanalizasiyanın yanında qarşok satmaq olmazmı? Yağ kimi olar! Qoy vətəndaşın canı çıxsın, ödəsin. Qiymətləri də türkün sözü, müvafiq qoymalıyıq. Su ayda 5-10 manat edirsə, filtr 50 manatlıq olsun. Lüstr lampa sayına, qarşok da, məsəl üçün, buraxılan qaza uyğun hesablansın. Hər evə ucuz kanalizasiya çəkmək imkanımız yoxdur. (Telefon idarəsinin əsaslandırması belədir: “fibrooptik çəkmişik, zəhmət çəkin internet pulu da verin, köhnə mis xətləri saxlaya bilmirik”).
Axırda vətəndaşların hamısına şiddətli töhmət verilsin. Qərarım bu cızmaqaranı oxuduğunuz anda qüvvəyə minir. Töhmət indiki halda qiraətinizin bonusudur.
21 Noyabr 2024
20 Noyabr 2024
19 Noyabr 2024
17 Noyabr 2024
16 Noyabr 2024
15 Noyabr 2024
13 Noyabr 2024
12 Noyabr 2024
10 Noyabr 2024
09 Noyabr 2024
08 Noyabr 2024
07 Noyabr 2024
06 Noyabr 2024
05 Noyabr 2024
03 Noyabr 2024
02 Noyabr 2024
01 Noyabr 2024
31 Oktyabr 2024
30 Oktyabr 2024
29 Oktyabr 2024
27 Oktyabr 2024
26 Oktyabr 2024
25 Oktyabr 2024
24 Oktyabr 2024
23 Oktyabr 2024
20 Oktyabr 2024
19 Oktyabr 2024
18 Oktyabr 2024
17 Oktyabr 2024
16 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ