İnsanlara hürriyət, millətlərə istiqlal!

Sena çayında çimən gəncəlilər

Yaxud tamojnada evolyusiya

Gömrük idarəmizin müdiri başçılıq elədiyi sahədə rüşvətin kökünün hələ kəsilmədiyini etiraf edib, cəmiyyətimiz silkələnib. Hamı qarşıya qoyulan məqsədə görə narahatdır: “Birdən rüşvətin kökü kəsilsə, nə edərik?” 

Doğrudan da iqtisadi sistemimiz, vergi-gömrük qanunvericiliyimiz elədir ki, bəzi işləri rüşvətlə görmək qanuni yolla həll etməkdən qat-qat ucuz başa gəlir. Ona görə xalqın düzgün işləməyə marağı yoxdur. Bir ara hamımızın yaxşı yadındadır, tamojnada (əslində bu, tərtəmiz türk mənşəli sözdür, “tamqa”, “damğa” sözündən yaranıb, “gömrük” sözünün etimolojisi nədir, şəxsən mənə aydın deyil; sanki kimisə “gömürük” mənasındadır) rüsumları qanuna uyğun almağa başladılar, qiymətlər kəskin qalxdı, zəhmətkeşlərimiz qan ağlayırdı. Deyəsən, hələ də rüsumlar qanunla alınır, yoxsa inflyasiya davam etməzdi. 

Rüsum yazdıqsa və mövzu da tamojnadırsa, mütləq Tahir Əliyev xatırlanmalıdır. Bu yoldaş AXC-Müsavat erasında, 90-ların əvvəlində parlamış mənasız bir orqan işçisi idi, yekə gövdəsi və axmaq cümlələri ilə el-aləmdə tanınmışdı. Məsələn, mənim yadıma gəlir, Şuşa-Laçının işğalı üzrə məhkəmə gedirdi, hakim həmin dövrdə hətta polis naziri də olmuş (müdafiə naziri də işləyib - cəbhəçilər hara p.. qoymaq lazım gəlirdisə, ora Tahir müəllimi göndərirdilər) zata belə sual vermişdi: “İlkin istintaqdakı ifadənizə görə, Turşsuya gedəndə polkovnik Elbrus Orucovun divanda yatdığını görmüsünüz. Bunu təsdiq edirsinizmi?” Tahir müəllim pörtdü və hakimə etiraz elədi: “Bu yalandır! Mən heç vaxt Orucovla bir divanda yatmamışam!”

Ancaq əlbəttə, Tahir Əliyevin ən unudulmaz çıxışı 1995-ci ildə gömrük haqda müşavirədə olmuşdu. Orada tamojnamızın müdiri demişdi ki, camaat elə bilir biz ancaq rüşvət yığırıq, lakin həmin pulların içində rüsum da var. Dövlət başçısının sualına cavabında isə lap gülünc vəziyyətə düşmüşdü: “Nə fərqi var, hamısı puldur”.

Yəqin biz Tahir müəllimi “milli Vespasian” (“Pulların qoxusu yoxdur” kəlamının müəllifi və gəncliyində eşşək alveriylə məşğul olmuş qədim Roma imperatoru) elan edə bilərdik. Etmədik. Həmin müşavirədə işdən qovuldu. Ondan sonra tamojna sistemimizin inqilabi dirçəlişi başlandı. Məsələn, bir aralar orda sədrin beş müavinindən dördü nehrəmli idi. 

Nəsə, başqa temaya keçmək istəyirəm, çünki korrupsiya bizdə ən maraqsız mövzudur. 

Gəncə-Göygöl bölgəsində xalqımızın kütləvi zəhərlənməsi faktı qeydə alınmışdır. (Qısaca “xalq zəhərlənib” də yazmaq olardı, ancaq savadlı görünmək üçün biz belə jurnalistika stili kəşf etmişik. Adamlar ölmür, “vəfat edir”. Polis narkotik tapmır, “üzərindən aşkar edib götürür”. Yol qəzası olmur, “baş verir” və sairə). Ən azı 100 nəfərə yaxın zəhmətkeşimiz xəstəxanaya “qaldırılmışdır”. 

Hazırda dövlət orqanları və media zəhmətkeşlərimizin zəhərlənmə mənbəyi üzərində ciddi araşdırma aparır. Bir neçə versiya vardır: yas yerində verilən halva, pomidor turşusundakı botulizm bakteriyası, qarpız, mollanın duası, yerli deputatlığa namizədlərdən kiminsə seçki platforması və sairə. Ümid edirik zəhərin mənbəyi tezliklə aşkara çıxsın.

Açığı, belə zəhərlənmələr adətən kasıbçılıqdan törəyir və bəzi həkimlərimizin məsləhətinə baxmayaraq, xalqın qida seçməyə imkanları yoxdur. Əlimizə nə düşsə, haçan düşsə, harada düşsə yeyirik. 

Eyni zamanda bir elmi versiya da mən irəli sürürəm: zəhərlənmənin Paris olimpiadasının son, bağlanış gününə təsadüf etməsi təsadüfdürmü? Axı orada Sena çayında nə qədər üzgüçü zəhərləndi, idmançılar Yelisey çölündə qusa-qusa gəzirdilər, hər gün Eyfelin başından “Böyükağanı” çağırırdılar. 

Məncə, Gəncədə zəhərlənənlər Sena çayında çimmişdir. İndi söz əlaqədar təşkil... Özünüz bilirsiniz söhbəti, ta niyə yazım?



ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

28 Sentyabr 2025

27 Sentyabr 2025

26 Sentyabr 2025

25 Sentyabr 2025

24 Sentyabr 2025

23 Sentyabr 2025

21 Sentyabr 2025

20 Sentyabr 2025

19 Sentyabr 2025

18 Sentyabr 2025

17 Sentyabr 2025

16 Sentyabr 2025

14 Sentyabr 2025

13 Sentyabr 2025

12 Sentyabr 2025

10 Sentyabr 2025

09 Sentyabr 2025

07 Sentyabr 2025

06 Sentyabr 2025

05 Sentyabr 2025

04 Sentyabr 2025

03 Sentyabr 2025

02 Sentyabr 2025

31 Avqust 2025

30 Avqust 2025

29 Avqust 2025

28 Avqust 2025

27 Avqust 2025

26 Avqust 2025

24 Avqust 2025