İnsanlara hürriyət, millətlərə istiqlal!

Səfirliyə xaç yürüşləri

 

Yaxud, üstümüzü unlu görənlər

Azərbaycanın Londondakı səfirliyinin qabağından foto rastıma çıxdı. Xəbər idi. Deyir irqçilər və islamafoblar səfirliyimizə etiraz etmək üçün yığışıblar. Həqiqətən iki cüt bir tək tip əllərində ağacdan qayırma xaçlarla orda durmuşdular. Çox gülməyim gəldiyindən heç xəbərin içinə baxmadım.

Bəs niyə gülməyim gəldi? Çünki son illərdə Azərbaycanın xaricdəki səfirlikləri maraqlı, əyləncəli, bir qədər də tragikomik məkanlara çevrilməkdədir. Harda yolundan azan-təzən varsa gəlib bizi tapır. Hətta bəzi səfirliklərimizə avtomat silahla basqın edirlər. Aşağısı boya atırlar. Elə həmin Britaniyadakı səfirlik ötən illərdə islamçıların hücumuna məruz qalmışdı. Səhv etmirəmsə, bəziləri binanın içinə soxulmuş, orda balkondan İranın, Fələstinin-zadın bayraqlarını asmışdılar. “Mehdi qruplaşması” kimi nəsə adları olmalıydı, həvəs yoxdur internetdən təzədən tapmağa. Kimə maraqlıdırsa, özü tapıb baxsın. (Təzə jurnalistikadır, mən kəşf eləmişəm).

Sanki bizim zarafatyana dediyimiz tolerantlıqdan sui-istifadə edilir. Yoxsa bu nədir? Harda görünüb eyni səfirliyə həm islamçılar, həm islamı sevməyənlər hücum çəksin? Yuxarıda yazdığım islamafob sözünün mənası budur – müsəlmançılığı sevməyənlər.

Sözgəlişi, tema açılmışkən, bir haşiyə çıxım. İslamafob yazanda yadıma düşdü, yoxsa hər hansı çirkin məqsədim yoxdur. Bu yaxınlarda mənim AYB sədri, hörmətli Anar müəllim haqda tənqidi yazım çıxmışdı. Sonra Anar müəllim guya mənə cavab yazdı (adımı çəkməmişdi, sanki o Putindir, mən də Navalnıyam), orda qeyd elədi ki, bəs, bir qərəzli jurnalist var, onda anarofobiya formalaşıbdır. Bu sözün oxşarı qulaq qafiyəsi olaraq mənə pis təsir eləyir, istəyirəm AYB sədri bilsin. Çünki məndə anarofobiya yox, araxnofobiya vardır. Hörümçəkləri qətiyyən sevmirəm. Çimçəşirəm. İyrənirəm. Ümumiyyətlə, çoxlu əl-ayağı olan bütün canlılar mənə pis təsir edir. Anar müəllimin cəmi iki ayağı və iki əli olduğu üçün mənə heç vaxt pis təsir etməyibdir. Mən qətiyyən anarafob deyiləm. Həmin məntiqlə Anar müəllim də “narı sevməyən” deməkdir, çünki “a” söz önü şəkilçisi qədim yunan dilində inkar bildirir, “yox” deməkdir. Məsələn, aritmiya, yəni ritm yoxluğu. Anarxiya, yəni hakimiyyətsizlik. Anar, yəni narsız qalmış göyçaylı. Dəhşətdir. Bu qədər. AYB haqda səviyyəli zarafat gözləyirdinizsə üzrlü sayın.

Qayıdaq Londona. (Gözəl səslənir, xüsusilə bunu toz-dumanlı Abşeron yarımadasında yazırsansa). Əcəba, nə üçün bizim səfirliklərə xaçla da cumurlar, ay-ulduzlu, ərəb əlifbalı islam bayraqları ilə də? Necə olur ki, bizim Natəvana Qarabağda qoyduğumuz büstə ermənilər güllə atmışdı, Parisdə də həmin ermənilər büstün analoquna boya yaxdılar?

Bu minvalla Azərbaycanın Hindistan səfirliyi önündə krişnaitləri, induistləri gözləyirik. Gələ bilməzlərmi? Min dənə səbəb var. Hər gün Biləcəridə neçə dana kəsilir, canlı şahidiyəm.

Yaxud, Myanmarda, Tailandda, Kampuçiyada, Tibetdə səfirliyimiz varmı, dəqiq bilmirəm, ancaq oralarda da buddistlər yığışmağı haqq edir. Çünki biz insanın öləndən sonra ruhunun başqa canlıya keçməsinə inanmırıq. Biz dəqiq şəkildə əminik ki, hansısa deputatın, nazirin, icra başçısının ruhu təzədən geri qayıdanda dovşan, pişik, nə bilim, qaban formasında bərpa oluna bilməz. Uzağı şir-pələng-zad olar. Aşağı yeri bələdiyyə sədri şəklidir. Siyasi-ictimai konsepsiyamız belə tələb edir.

Hindistan yazdım, yadıma düşdü, orda da nəsə seçkilər olmalıdır və hazırkı şef Narendra Modi təzədən namizədliyini irəli sürmüşdür. Bugünlərdə Modi müəllim hansısa yerli qəzetə (olsun adı “Şaka nyus”) intervüsündə dəfələrlə Hindistana müdir olmasını belə əsaslandırmışdır ki, bəs, məni Allah seçibdir. Tam olaraq “Allah” deməyib, əlbəttə. Hindistanda Allah çoxdur. Modi ilə hansısa danışırmış. Deyir “Allah” mənə Hindistanın prezidenti olmağı vacib buyurur, onun əmrindən çıxa bilmərəm.

Gözəl əsaslandırmadır. Məncə bir az tez olsaydı İsa bəy də istifadə edərdi. Yoxsa Müsavatın qurultayında başqanlığa qayıtmasını belə əsaslandırdı ki, müsavatçılar tələb elədi, qayıtdım. Zəif arqumentasiya idi. “Allahın əmri, peyğəmbərin izni ilə başqanlığa qayıtmaq istəyirəm” – bu isə başqa məsələ! Kim mız qoya bilərdi? Şəxsən mən risk eləmərəm. Allah adama qənim olar.

Ondan sonra lap xaç götür, get səfirliyin qabağına. Şair demişkən: “Bir əlində xaç var, birində Quran, Səfirlik bilirmi nə günah eylər?”.

Təxminən belə olmalıydı. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

22 Noyabr 2024

21 Noyabr 2024

20 Noyabr 2024

19 Noyabr 2024

17 Noyabr 2024

16 Noyabr 2024

15 Noyabr 2024

13 Noyabr 2024

12 Noyabr 2024

10 Noyabr 2024

09 Noyabr 2024

08 Noyabr 2024

07 Noyabr 2024

06 Noyabr 2024

05 Noyabr 2024

03 Noyabr 2024

02 Noyabr 2024

01 Noyabr 2024

31 Oktyabr 2024

30 Oktyabr 2024

29 Oktyabr 2024

27 Oktyabr 2024

26 Oktyabr 2024

25 Oktyabr 2024

24 Oktyabr 2024

23 Oktyabr 2024

20 Oktyabr 2024

19 Oktyabr 2024

18 Oktyabr 2024

17 Oktyabr 2024