Onlayn ictimai-siyasi qəzet
İki nəfər vətəndaşımız tərcüməsi “Sərhəddən qırağa get” kimi mənalı ad daşıyan şirkət qayırmışlar, sonra zəhmətkeşlərimizə qarşı dələduzluq etmişlər. Sitat: “Ərşad Quluyev və Sevinc Aslanova iş üçün onlara müraciət edən şəxslərə Almaniya, Niderland, Britaniya və s. ölkələrdə iş, eləcə də viza ilə təmin edəcəklərinə dair yalan vədlər verərək 100-ə yaxın şəxsi dələduzluq yolu ilə aldadıblar. Zərərçəkənlərin hər birindən 1000-2000 manat aralığında müxtəlif məbləğlərdə pul vəsaitləri alınıb. Faktlarla bağlı Nəsimi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və onlar təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunublar”. Sitatın sonu.
Açığı, mən bu xəbərə bir qədər şübhə ilə yanaşıram. Nəsə düzgün yazılmayıbdır. İşin içində iş var. (Təzə yanıltmac ağlıma gəldi, təklif edirəm dərsliyə salınsın: “İşin içində iş var, için işində iç var; İşləsən için açılar, iş üçün hər iş aşılar”). Nəyə görə belə qənaətə gəlmişəm?
Birincisi, sərhədlərimiz koronavirus karantininə görə bağlıdır. Deməli, pul versən də gedə bilməzsən.
İkincisi, bizdə işsizlik varmı ki, əhali 2000 manat viza-miza pulu verib xaricdə iş axtarsın? Yalan söhbətdir. Bizdə rəsmi statistikaya görə işsizlik aradan qalxmışdır. Hələ əksinə, orada adıçəkilən dövlətlərdən: Almaniya, Niderland və Britaniyadan hər il nə qədər işsiz Azərbaycana qaçır, çiçəklənən respublikamızın iqtisadiyyatına qoşulurlar. Şəxsən mən bugünlərdə bir nəfər yoldaş, yaxın qahımla söhbət əsnasında öyrəndim ki, onun ev heyvanına fransız qulluq edir. Yay tətili üçün ana yurdumuza gəlmişdir, pişik Niderlandda qalıb, indi muzdla tutduğu bir fransız zəhmətkeş hər gün gedir bunun mənzilinə, pişiyə yemək verir. Allaha and olsun ki, söhbəti eşidəndə ürəyimiz açıldı. Hətta xeyli gülüşdük. Arzu edirəm sizin də üzünüz gülsün, ilahi, amin.
Bəli. Allaha min şükür olsun. Özümüzdə hər gün yüzlərlə müəssisə açılır, iş yerləri zibil kimidir. Ən azı öz sahəmizdən deyə bilərəm ki, bizdə minimum 525 dənə qəzet vardır. Əks halda, niyə “525-ci qəzet” adlı orqan çıxır? Özümüzdən elə ad uydurmamışıq. Hamısı Ədliyyə Nazirliyinin qeydiyyat sənədlərində, dövlətin rəsmi kağızlarında təsdiqini tapan həqiqətlərdir. Bizim də borcumuz bu həqiqətləri dünya arenalarına yaymaqdır.
Yeri gəlmişkən, paltarlardakı inadkar ləkələri çıxarmaq üçün ağ sirkədən istifadə etmək olar. Paltaryuyan maşında zamanla əmələ gələn yuyucu toz qalıqlarını da ağ sirkə təmizləyir. Əlbəttə, mövzuya dəxli yox idi, lakin mətbuatın müqəddəs vəzifələrindən biri də maarifçilikdir. Zeytun turşusu hazırlamaq üçün potaş lazımdır.
Bundan başqa, Ağcabədidə bir qaldırıcı kran xarab imiş, əlaqədar orqanlar kranın qaldırıcı hissəsini möhürləmişdir. Bu vacib xəbəri də təzəlikcə milli mətbuatımızın səhifələrində oxuduq, aydınlandıq, maarifləndik. Kran hazırda yarımçıq vəziyyətdədir - harasa gedib-gəlir, lakin qaldıra bilmir. Xahiş edirik Ağcabədidə qaldırıcı kranla işi olacaq şəxslər gələcək həyat və yaradıcılıqlarında bu amili daim diqqətdə saxlasınlar.
Qayıdaq mühacirlər mövzusuna. Əcnəbilər bütün istiqamətlərdən vətənimizə soxulmağa can atırlar. Təkcə avropalılar, firənglər deyil ki. Təzəlikcə Xəzərin cənub sektorunda rezin qayıqda sərhəd pozucusu yaxalandı. Adam İraq vətəndaşı imiş. Gör yazıq hansı kökdədir... İraqdan Allah bilir hansı zülümlə İrana adlayıb, orada qayıq alıb, beş-üç əşyasını qayığa yükləyib, avar çəkərək Azərbaycana gəlməyə çalışıb. Anda olsun nəyə inanırsınızsa ona, mən o iraqlının hərbi sərhəd katerlərimiz, kreyser və freqatlarımız arasında sıxışdırılıb durdurulması mənzərəsini ürək ağrısı ilə izlədim. Həyatımda gördüyüm ən kədərli şəkillərdən biri idi. Bu yerdə Süleyman Rüstəmin məşhur misralarının yeridir: “Bəzənib başdan-başa şəhərləri, kəndləri, Cənnət görmək istəyən Azərbaycana gəlsin”.
Ümumiyyətlə, Süleyman müəllimin belə maraqlı misraları, beytləri çox idi. Birində də belə yazırdı: “Məndən sənə nə desələr, inanma, ey gül, Səndən də gəlib gündə Süleymana deyirlər”.
Yazını elə bu xoş ovqatla bitirmək istəyirəm. İndi söz əlaqədar təşkilatlarındır.
23 Noyabr 2024
22 Noyabr 2024
21 Noyabr 2024
20 Noyabr 2024
19 Noyabr 2024
17 Noyabr 2024
16 Noyabr 2024
15 Noyabr 2024
13 Noyabr 2024
12 Noyabr 2024
10 Noyabr 2024
09 Noyabr 2024
08 Noyabr 2024
07 Noyabr 2024
06 Noyabr 2024
05 Noyabr 2024
03 Noyabr 2024
02 Noyabr 2024
01 Noyabr 2024
31 Oktyabr 2024
30 Oktyabr 2024
29 Oktyabr 2024
27 Oktyabr 2024
26 Oktyabr 2024
25 Oktyabr 2024
24 Oktyabr 2024
23 Oktyabr 2024
20 Oktyabr 2024
19 Oktyabr 2024
18 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ