İnsanlara hürriyət, millətlərə istiqlal!

Qurdun arxasını bağlayan dua

Bu yaxında bir əcaib informasiya oxudum, xeyli güldüm. Necə deyərlər, acı göz yaşları ilə, əlbəttə. Hələ o qədər sırtıqlaşmamışıq, güldüyümüz şeylərin arxa qatında, altında hansı faciələrin yatdığını da bilirik, qanırıq, anlayırıq. Şairdən beytin yeridir, bu məqamda: “Ağlarız xatirə gəldikcə gülüşdüklərimiz”. Bunu Abbas Səhhət Mirzə Ələkbər Sabirin ölümü münasibətiylə yazıb, sözgəlişi.

Nəsə, keçək məni ağladıb-güldürən fakta: sən demə səhiyyə idarəsinin mətbuat xidmətinə vaxtilə ən populyar kriminal xəbər jurnalistlərindən olmuş birini başçı qoymuşlar, o da indi heç kimə xəbər-ətər vermir.

Nə qədər gözəldir. Məncə bunu milli mətbuatımızın 150 illik təntənəli yubiley mərasimlərində qeyd etmək olar. Lap istəsən üstündən şərab iç. Sonra siqaret köşkündən qəzet al, apar Zərdabinin qəbrinin ayaq tərəfində basdır. Dua oxumaq şərtiylə. İndi duasız heç nə eləmək olmaz.

Burda bir pritçanın vaxtıdır. Bir nəfərin qoyunu itir, gedir molla yanına. Molla qurd ağzı bağlamaq duası yazır. Adam rahatlaşır, oturur alaçıqda, heç qoyunu axtarmır da. Səhər açılır, gedib dərədə qoyunun sümüklərini tapırlar, məlum olur qurd qoyunu tərtəmiz nuş etmişdir. Gəlir mollaya narazılıq edir, deyir sənin duan təsirsizdir, pulumu qaytar-filan. Molla deyir: “Üzrlü say, qurd ağzı bağlamaq duası ilə qurdun dalını bağlamaq duasını səhv salmışam. Ancaq narahat olma, qurd qoyunu yesə də, ... (ifraz edə) bilməyəcək, öləcək”.

Bəli. Onu qeyd etmək istəyirdim ki, hansısa dövlət idarəsi müdirimizin oğlu Los Ancelesdə hamilə övrətini sıpa kimi təpikləyibsə, buna əxlaqi-mənəvi inkişafın zirvəsi kimi baxmalıyıq.

MSK-nın kurasiyasına nə daxildir? Ay sağ ol: seçkilər. Seçkilər də bizdə həmişə dünya demokratiyasına örnək olmuşdur. Məncə Məzahir müəllimin oğlu övrətini barmağında ultrabənövşəyi mürəkkəb olmadığı üçün döyübdür. Ya da bəlkə Kaliforniya seçki dairəsinin Los Anceles məhəllə seçki məntəqəsindən deputatlığa namizədliyini verib, lakin təşviqat mərhələsində qanunları pozmuşdur.

Üzüm ayağınızın altına, bir söz soruşum: heç o boyda zırpıltıya nəsə münasibət bildirən, vəziyyəti açıqlayan dövlət orqanı oldumu? 2 milyon dollara villa hansı pulla alınıb? Ya mən koram, görməmişəm? Ta söz-sözü çəkibdir, birini də soruşum: Alp Ər Tonqa öldümü? Çünki hazırda biz Sakit okeandakı tonqalıların hüquqlarını da qoruyuruq.

Gör hardan-hara gəldik. Lap Bakı yarımarafonuna qatılmışıq sanarsan. Küləyə qalib gəlirik. İnşallah, tam marafonumuz olsun, tuneli basan yağışa da qalib gələk. Elə “razqom” götürək, qaçanda ölkədən qırağa çıxaq. Bakıda yağış yağanda kanoedə avarçəkmə yarışları təşkil edilməliydi, bunu da bir qırağa yazın. Yarış çox olmalıdır.

Ən gülməlisi həm də bilirsiniz nədir? Hansısa çadralı arvad, xatırladıram, üzü də görünmürdü – məktəbin yanından qələt eləyib keçmişdi, aləm bir-birinə dəydi. Valideynlər ağlaşdılar, uşaqlar altını batırdı, jurnalistlər ağız-ağıza və kağız-kağıza verdi (qafiyə üçün yazdım, məna-zad aramayın), hüquq-mühafizə orqanları həmin çadralı zənəni hansısa üsullarla axtarıb tapdı, aşkar edib götürdü, tərəfimizdən xəbərdarlıq edildi, həmçinin, video yayıb xalqda təşviş yaradan ünsürlər sonuncu xəbərdarlıq aldı, lakin... Lakin, ta Los Ancelesdən hamilə gəlin qaçıb gəlib, üz-baş gömgöy, deyir ərim məni döyürdü, boşanmağa da qoymur, bu nə bəladır düşmüşük Allah, bizləri çaşdırdı cavanlıq və sairə - bir nəfərin də vecinə deyildir! Nə cinayət işi qaldıran var, nə xalqa məlumat verən, nə arvadı himayəyə götürən.

Yenə min şükür, qurdun arxası bağlıdır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

28 Sentyabr 2025

27 Sentyabr 2025

26 Sentyabr 2025

25 Sentyabr 2025

24 Sentyabr 2025

23 Sentyabr 2025

21 Sentyabr 2025

20 Sentyabr 2025

19 Sentyabr 2025

18 Sentyabr 2025

17 Sentyabr 2025

16 Sentyabr 2025

14 Sentyabr 2025

13 Sentyabr 2025

12 Sentyabr 2025

10 Sentyabr 2025

09 Sentyabr 2025

07 Sentyabr 2025

06 Sentyabr 2025

05 Sentyabr 2025

04 Sentyabr 2025

03 Sentyabr 2025

02 Sentyabr 2025

31 Avqust 2025

30 Avqust 2025

29 Avqust 2025

28 Avqust 2025

27 Avqust 2025

26 Avqust 2025

24 Avqust 2025