İnsanlara hürriyət, millətlərə istiqlal!

Qoca atın xoşbəxtliyi

 

Bulvarda fayton arabası daşıyan bir yabı vardı, onu yiyəsiz qoymuşdular. Görünür, artıq elmi-texniki tərəqqinin sürətlənməsi, elektrikli samokatların ortaya çıxması nəticəsində faytonlara ehtiyac qalmayıbdır.

Yabı ac-susuz bulvarda dolaşır, qurumaqda olan Xəzərə göz yaşları axıdır, sanki onu yenidən doldurmaq istəyirdi. Mavi Xəzərimiz dayazlaşdıqca orada gəmilərin üzməsi çətinləşir. Sahilyanı villalar isə çəpər və hasarlarını uzadırlar.

Bu yaxında həmin çəpərlərin birinin önündən üzərək qadağan edilmiş əraziyə keçmiş iki gəncin yaxalanması səhnəsini izlədim. Sinəm qürurla döyündü, çünki gəncləri zərərsizləşdirmək üçün bütün mümkün hüquq-mühafizə orqanlarımız səfərbər edilmişdi. Meqafonda nəğmə səslənirdi: “Bizə birlik gərəkdir, Səfərbərlik gərəkdir!” Təfərrüatları çox açıq yaza bilmərəm, hərbi sirrdir.

Lakin yuxarıda sözügedən yabı axıracan yiyəsiz qalmadı. Dövlətimiz ona sahib durdu. Hərtərəfli qayğı ilə əhatə olundu. Reportajı şəxsən izlədim, qoca at məxmər çullanmış, qızıl-gümüşdən nallanmış vəziyyətdə sər tövlədə bağlanmış, önünə tökülmüş tər dağ çiçəklərini, qıvrım otları qırpırdı. Arada çərəz kimi kilosu 4 manata Şəmkir pomidoru, brokkoli, kök, gül kələm, xiyar nemətlərindən də nuşi-can edirdi.

Güman edirəm daha sonra at uşaq pulu və fərdi təqaüdlə əhatə olunacaq, bələdiyyə üzvü seçiləcəkdir. (Qədim Romada belə hallara rast gəlinmişdir). Niyə də yox? Araşdırsan həmin atın xalqımız qarşısında xidmətləri bir çox ikiayaqlı, adına adam dediyimiz məxluqatdan artıqdır. At muraddır. İgidi igid eləyən üç şeydir: at, arvad, silah. Üç şey üç şeyi gətirər: eşq sərxoşluğu, pul inflyasiyanı, yay qarpızı.

Bütün bunları niyə yazıb sizləri narahat edirəm? Səbəb odur ki, paytaxtın “28 may” metro stansiyası tərəfdə ilanlar peyda olubdur. Deyir son günlər azı 4 ilan görmüşlər.

Hamısı təbiətə dövlət qayğısının nəticəsidir! Gör biz Bakımızı necə təmiz saxlayırıq! Təmizlik olmasa ilanların paytaxtda nə işi var? Cin-şəyatindir, ilan-qurbağadır, milçək, böcək, ağcaqanad və sairə həşəratdır, bunlar təmiz yeri sevərlər, heç vaxt murdar, his-paslı, ... -püsürlü yerdə yaşamazlar. Atalarımız məhz bu münasibətlə yaxşı deyiblər: “Qarışqa mindik çay keçdik, yabayla dovğa içdik”.

AXC-Müsavat dövründə “28 may” metrosunun qabağında insanlar özü sürünürdü. Hər yer çirk içində idi. Cəfər bəyin heykəli göyərçin zılı altında qalmışdı.

Sözgəlişi, mənim bir dostum var, hər gün dəniz qırağından neçə torba zibil yığıb maşının dalına bağlayır, aparır, əraziyə yüksək səviyyədə xidmət göstərir. Avtomobil də elə-belə avtomobil deyil, birbaşa “Hammer” markasındandır. 100 kilometrə 30 litr benzin yandırır. Əsl təbiət dostudur. Namizədliyini versə plyajdan deputat seçilər, sadəcə siyasətə qarışmır.

Ancaq bəzən elə xəbərlər də oxuyuruq, istər-istəməz koqnitiv-dissonans yaşayırıq. Naxçıvanda mədəniyyət işlərinə baxan bir yoldaş vardır, keçmişdə xanəndə olub, toylarda oxuyub, hətta deyəsən hansısa manıs yarışmasında birinci yer tutmuşdur. İndi isə yerli əhali qarğış edir: “Telefonundan irin-qan olsun gəlsin, sənə göndərdiyimiz esemeslər!”

Xalq niyə qəzəblənib? Heç demə, bu yoldaş idarəyə müdir keçən kimi işçilərə zülüm verməyə başlayıb. Əmr və göstərişlər isə konkret bu şəkildəymiş: “Ağaclardakı qarışqaları öldürün. Güllərin üzərindəki tozları təmizləyin. Daşları laklayın”. Sitatın sonu.

Vasif müəllim bölgədə başçı olsa, bunları onun üstünə də yıxmaq olardı, çünki zati-aliləri adətən belə əmrlərlə yadda qalmışdı. İndi isə bu 3 tapşırıq xalqı dəhşətə gətirib. İşləmək istəmirlər! (Açığı, mən də onların yerində olsam işləməzdim).

Daşları laklamaq və güllərin tozunu silmək bəlkə düzgün işdir, çünki daş parıldayar, güllər də həmçinin. Ancaq qarışqa öldürmək niyə? Biz humanist dövlətdə yaşayırıq. Camaat qarışqalara çörək verir. Dini kitabda qarışqaların adına surə var. “Mədəniyyət nazirliyi aparatı” adında isə heç hədis də gəlməyibdir. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

23 Noyabr 2024

22 Noyabr 2024

21 Noyabr 2024

20 Noyabr 2024

19 Noyabr 2024

17 Noyabr 2024

16 Noyabr 2024

15 Noyabr 2024

13 Noyabr 2024

12 Noyabr 2024

10 Noyabr 2024

09 Noyabr 2024

08 Noyabr 2024

07 Noyabr 2024

06 Noyabr 2024

05 Noyabr 2024

03 Noyabr 2024

02 Noyabr 2024

01 Noyabr 2024

31 Oktyabr 2024

30 Oktyabr 2024

29 Oktyabr 2024

27 Oktyabr 2024

26 Oktyabr 2024

25 Oktyabr 2024

24 Oktyabr 2024

23 Oktyabr 2024

20 Oktyabr 2024

19 Oktyabr 2024

18 Oktyabr 2024