Onlayn ictimai-siyasi qəzet
Daha bir dünya şöhrətli insan xaricdə problemlə üzləşibdir. Yox, bu dəfə Telegramın müdiri Paşa Durovu nəzərdə tutmuram. Söhbət Elariz müəllimdən gedir. Xalqımızın görkəmli sənətkarlarından biri olan Elariz müəllim bir neçə il qabaq nədənsə Qrinkard lotereyası oynadı, nəticədə bəxti gətirdi (nisbi gətirməkdir - bax: yazının ardı), ABŞ vətəndaşlığı uddu, çıxıb getdi. O vaxtdan musiqi aləmimizdə bir bülbül azaldı. Artıq camaat toylarda oynamır, televizorda konsertləri izləmir, günorta saat 2-də Muğam saatı verilişi üçün radionun böyrünə dirsəklənmirik. Nəyə lazımdır, əgər Elariz müəllim oxumursa, qulağımız kar olsa yaxşıdır.
Sözgəlişi, o vaxt danışırdılar ki, bir gün Elariz kamançaçı Habil Əliyevə deyir mənə fəxri ad veriblər. Habil müəllim deyir: “Onlar verib-verib, bəs sənin qanacağın harada idi ki, götürürdün?” Bir də yenə Habil müəllimdən rəvayət edirlər, deyibmiş ki, Elarizi toya pulsuz da aparsan bahadır. Rəhmətliyin belə maraqlı söhbətləri olardı.
Uzun sözün qısası, Paşa Durov Paris hava limanında tutulub yerli “Kürdəxanı”ya aparılanda, ünvanına daha heç bir teleqram çatmayanda Elariz müəllim Nyu Yorkdan canlı yayım açıb, xalqımıza gileylənib. Deyib hava çox istidir, ciyərim yanır. Sitatın sonu.
Şair demişkən: “Arizi qəmlər əlindən ürəyim şişmiş idi”... Ardını özünüz bilirsiniz.
Əlbəttə, isti olacaq. Sənin orada nə işin var? Qaçaq-quldur ölkəsidir. Zənciləri də avtobusa buraxmırlar. Gül kimi ana yurdunda oturaydın, Bakıda sərinlənəydin. Oğuz-Bakı su kəməri də təzə remontdan çıxıb, ta suyu vedrə ilə daşımırıq. Özümüz belə yaxşı aparsaq, seçkidən sonra bütün hovuzlara su buraxılacaq.
Elarizin Amerikada istilənməsi qlobal istiləşmənin növbəti isbatıdır. Baxmayaraq hələ də bəzi həmvətənlərimiz bu istiləşmə mövzusuna inanmır. Guya Qərbin, liberalistlərin, qlobalistlərin, nə bilim hansı istlərin oyunlarıdır. Hətta koronavirusa da inanmırlar. Deyirlər oyun idi. O boyda camaat nədən öldü, niyə peyvənd olunurduq, dünya nədən qapanmışdı - sanki bunun heç biri olmayıbdır.
Heyrətamiz cahillikdir. Bəşəriyyət səhər yediyi zəhəri günorta yaddan çıxarır. Bu qədər yaddaşsızlıq olarmı? Biz bu ağılla necə təkamül etmişik? Şəxsən mən artıq elmə-zada şübhə etməyə başlamışam. Bu cür axmaq varlıq evolyusiya pilləsinin başına çıxa bilməzdi. Ortada nəsə mistika var.
Yeri gəlmişkən, bugünlərdə Ərbəin günü idi, xeyli müsəlman yoldaşlarımız ağlaşdılar, Kərbəladakı Əlqəmə çayının qırağında qüssəyə büründülər. 1500 ildir ağlayırıq, Allah axırını xeyir eləsin. Bu qədər ağlaşma ilə neçə kəmər dolardı. (Ancaq elə çıxmasın mən bunu bəyənmirəm. Qətiyyən. Ağlayan müsəlman ağlamayan müsəlmandan daha müsbət şəxsiyyətdir. Ağlamayanlar adətən başqalarının anasını ağladır).
Eyni zamanda təəccüblü haldır ki, elmə, koronaya, Yerin yumru olmağına, salavat çevirdiyi Aya kafir ayağı dəyməyinə və sairə mövzulara inanmayan adamlar dələduzlara çox asanlıqla inanırlar. Hər gün yeni-yeni dələduzluq növlərimizin inkişafı haqda xəbərlər gəlir. İnternetin inkişafı dələduzluğu lap asanlaşdırıb. Qabaqlar avtobusda, metroda basabasa salıb cibə girənlər indi rahat, sərin ofisdə oturub bank hesablarına girirlər. Süni intellekt vasitəsiylə adamın səsini təkrarlamaq, qohum-əqrəbasından, dost-tanışından pul almaq olurmuş.
Mən ən çox ondan qorxuram ki, bu dələduzlar bizim seçki səslərimizi də təkrarlamağı öyrənsin, bizim əvəzimizə saxta səs versin. Allah göstərməsin. Dəhşət olar. Hər şeyə dözmək olar, bircə seçki saxtakarlığı dözülməzdir. İnşallah, hökumətin buna qarşı tədbiri vardır.
23 Noyabr 2024
22 Noyabr 2024
21 Noyabr 2024
20 Noyabr 2024
19 Noyabr 2024
17 Noyabr 2024
16 Noyabr 2024
15 Noyabr 2024
13 Noyabr 2024
12 Noyabr 2024
10 Noyabr 2024
09 Noyabr 2024
08 Noyabr 2024
07 Noyabr 2024
06 Noyabr 2024
05 Noyabr 2024
03 Noyabr 2024
02 Noyabr 2024
01 Noyabr 2024
31 Oktyabr 2024
30 Oktyabr 2024
29 Oktyabr 2024
27 Oktyabr 2024
26 Oktyabr 2024
25 Oktyabr 2024
24 Oktyabr 2024
23 Oktyabr 2024
20 Oktyabr 2024
19 Oktyabr 2024
18 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ