İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazan qablaşdıran hakim

Təzəlikcə məhkəmlərimizdən birində məzəli vəziyyət yaranmışdı. Yasamal rayonunda uşaq bağçasından oğurluq edən zəhmətkeşimiz mühakimə edilirdi, sən demə o, gecə yarısı binaya girərək çoxlu qab-qaşıq, lap dəqiq yazsaq, 6 qazan, 4 keramik tava, 1 aşsüzən, bir neçə məcməyi (podnosun ana dilimizdə adı guya belədir) və çaydan əkişdirib dükanda satdırmışdı. İttihama görə zəhmətkeş Bakı Şəhər Təhsil İdarəsinə 2233 manat dəhşətli ziyan vurmuş, ölkədə körpələrimizin məktəbədər təlim-tərbiyəsinə sağalmaz yaralar yetirmişdi.

Həqiqətən, ərazidən keçən vətəndaşlar bağçada qazansız, avtomatik olaraq əppəksiz qalmış uşaqların ürək parçalayan ağlaşmasını eşidərək alternativ yollardan istifadə etməyə qərar verirdilər. İnsan da uşaqların çörəyinə bais olarmı? Bu nə əzazillikdir? Bu nə çirkin hərəkətdir?

Hökumət daima, yorulmadan çalışır uşaqlar bizim gələcəyimiz olsun, onlara milyonlarla, milyardlarla, trilyardlarla uşaq pulu ayırılır, lakin hələ də uşaq bağçalarından qazan oğurlayan namərdlərə rast gəlinir. Görəsən onlar hansı şəraitdə yetişirlər? Niyə hələ də ölkəmizdə belə satqınlar, milli xəyanətkarlar vardır? Yəqin korrupsiya ilə mübarizə tədbirlərini daha da sərtləşdirməliyik.

Ancaq çox sentimentalizmə varmayaq, əhvalatın, girişdə yazdığım kimi, məzəli cəhəti bizi maraqlandırır. Həmin detal isə bu idi: müttəhim bəzi qab-qacağın ona yalandan yükləndiyini, əslində bağçadan cəmi 6 qazan oğurladığını bildirmişdi, hətta bunu qazanları satan dükançı da təsdiqləmişdi. Və sözünü belə əsaslandırmışdı ki, o qədər qabları tək apara bilməzmiş. Bu zaman hakim söz alaraq (demokratiyanın səviyyəsinə bax!) söyləyib ki, müttəhim düz danışmır. Sitat: “Bu əşyaların çoxu müxtəlif ölçülərdədir, təbii şəkildə bir-birinin içinə yerləşdirilə bilər. Məsələn, 40 litrlik və 30 litrlik qazanların içərisinə 20 litrlik və 3 litrlik qazanlar, həmçinin emallı ləyənlər yerləşdirilə bilər. Eyni ilə keramika və “Tefal” tavalar da ölçülərinə görə üst-üstə yığıla və iç-içə salına bilər. “Padnos” və aşsüzən kimi yastı formalı əşyalar isə ən altda yerləşdirildikdə heç bir əlavə həcm yaratmır. Beləliklə, bütün əşyaların kompakt şəkildə yığılması və cəmi 2 iri torbada daşınması texniki baxımdan tamamilə mümkündür”. Sitatın sonu.

Heyrətamiz biliklərdir. Lakin bizim əlimizdə heç bir imkan yoxdur ki, möhtərəm hakimdən soruşaq: “Siz bunları hardan bilirsiniz?” Şəxsən mən nəinki 6 qazanı, heç 2 nəlbəkini bir-birinə düzgün qoya bilmirəm, arada armudu stəkan düşür sınır. O boyda qab-qacağı gecə yarısı iki torbaya yığıb əkişdirməyin mümkünlüyünü bəlkə də yalnız təcrübə yolu ilə öyrənmək olar.

Əlbəttə, mən möhtərəm ədalət keşikçilərimizdə belə təcrübənin mövcudluğunu qətiyyətlə iddia etmirəm. Bəs hardan bilir? Allah bilir.

Yox, e, söhbətə bax, deyir əvvəl aşsüzən və podnosu altdan qoy, sonra tava, axırda qazanı qazana...

Yaxşı yadıma düşdü, Molla Nəsrəddinin bu qazan temasında bir lətifəsi var. Bir gün rəhmətlik Mollaya qazan lazım olur, gedir qonşudan alır. Qaytaranda qazanın yanında bir balaca qazança da verir, qonşuya deyir qazanınız doğub. Qonşu fikirləşir Molla yəqin səfehdir, heç soruşmadan qazanları qamarlayır. Bir neçə gün sonra Molla qazanı yenə alır, lakin bu dəfə qaytarmır. Qonşu qazanın dalıyca gələndə isə deyir qazan rəhmətə getdi. Qonşu deyir, a kişi, məni dolamısan, qazan da ölərmi? Molla deyir: “Heç qazan doğanda belə sual vermirdin. Doğulan bir gün ölməlidir”.

Nəhayət, düşünürəm podnos, aşsüzən, qazan və tavaların bir-birinə daha çox mümkün sayda yerləşdirilməsi üsullarını uşaq bağçalarından (bəlkə də körpələr evindən) başlayaraq gələcək nəslimizə öyrətməliyik. Vacib biliklərdir. Nə olar, olmaz... Məsələn, biz balaca vaxtı “Əlifba” kitabında “Tutu, topu tut” cümləsini öyrənirdik, nəticədə güclü futbolumuz var.

İndi söz əlaqədar təşkilatlarındır. Yazın görüm siz neçə qazanı iç-içə qoyursunuz.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

28 Sentyabr 2025

27 Sentyabr 2025

26 Sentyabr 2025

25 Sentyabr 2025

24 Sentyabr 2025

23 Sentyabr 2025

21 Sentyabr 2025

20 Sentyabr 2025

19 Sentyabr 2025

18 Sentyabr 2025

17 Sentyabr 2025

16 Sentyabr 2025

14 Sentyabr 2025

13 Sentyabr 2025

12 Sentyabr 2025

10 Sentyabr 2025

09 Sentyabr 2025

07 Sentyabr 2025

06 Sentyabr 2025

05 Sentyabr 2025

04 Sentyabr 2025

03 Sentyabr 2025

02 Sentyabr 2025

31 Avqust 2025

30 Avqust 2025

29 Avqust 2025

28 Avqust 2025

27 Avqust 2025

26 Avqust 2025

24 Avqust 2025