Onlayn ictimai-siyasi qəzet
“Talassemiyalı uşaqları xaricdə müalicə” adıyla valideynlərin 1 milyon manata yaxın pulunu əkişdirən dəstənin məhkəməsində hakimin “bu xəstəlik haqda informasiyanız var idimi” sualına müttəhim təxminən belə cavab vermişdi: “Xəstəxanada işləyən tanışımız vardı, tibbi tərəfini o bilirdi”.
Ancaq xəstəxanada işləmək hələ tibbi savaddan xəbər verirmi? Şübhəlidir. Elə son günlərdə bəzi təbabət qurbanlarımızın üzə çıxan əhvalatları bunu göstərir ki, hər xəstəxanada həkim olmaya bilər. Necə ki, hər məktəbdə dərs deyənin müəllim olmadığını bizə öyrətdilər.
Özünütənqidlə yanaşsaq, mən özüm də heç jurnalistikanı bitirməmişəm, lakin burada hörmətli oxucularımız üçün cızma-qara edirəm. Hamımız Əbdürrəhim bəyin klassik “Acından təbib” (Molyerin “Zorən təbib” pyesindən təsirlənərək yazdığını güman edirəm) hekayəsindəki tacirlərin günündəyik. Orada tacirlər Zəngəzur dağlarından keçərkən - klassiklərin belə siyasi-ictimai işlərdə də daim aktual olması təsadüfi deyil, onların mahiyyətindən doğur - acırlar, yemək üçün çobanlara üz tuturlar. Çobanlar yemək vermir. Bu zaman tacirlər gözü kor çobanı saqqız və əllərinə keçən ot-ələflə guya müalicə edir, əvəzində qara qoyunun kababını yeyirlər. Ən qəribəsi odur ki, hekayənin axırında kişinin gözü açılır. Lakin başına yapışdırılan saqqız qopmur. Ancaq əsas məsələ saqqız deyil ki?
Əsas odur korun gözü açılsın, bizim də, maşallah, son illər gözümüz açılmaqdadır. Başımız daşdan-daşa dəydikcə gözümüz daha iti görür. Elə adam var başına lap yekə daş dəyib, o Ayın görünməyən tərəfini də görür.
Bu arada mövzumuza dəxli olmasa da təzə öyrəndiyim ata sözünü yazıram: “Nə başı var ki, nə də xaşı olsun”. Mükəmməldir.
Sözgəlişi, bizim təbabət ocaqlarında adamlar öləndə həkimlər deyirlər ki, nə edək, Allahın işinə qarışmaq olmaz. Adam sağ qalanda isə həkimin uğuru sayılır.
Gözəl metoddur. Bütün sferalara və sahələrə tətbiq etməliyik. Uşaq universitetə girmədi? Allahın işidir. Girdi? Repetitor Bibixanım müəlliməyə dərindən minnətdarıq, “Nazpəri” şokoladı mükafatına təqdim edirik.
Kəndə qaz gəlmir? Neyləyək, alın yazısıdır... Qaz gəlirsə, o zaman “ispalkom”un müdiri yoldaş Atayevə təşəkkürümüzü çatdırırıq və sairə.
Yuxarıda ötəri toxunduğumuz təbabət qurbanları teması isə gündən-günə ciddiləşir. Adamlar “klinika” adı ilə girib ağız-burunlarını düzəltdirmək istəyirlər, içəridən əyriburun və çəpgöz şəkildə çıxırlar. Sonra öyrənirlər ki, klinikanın müdiri Pirvəli müəllim qabaqlar Bərdə at bazarında nalbənd olubdur, burun əməliyyatını aparan Gülpəri doxdur isə “Vasmoy”da saunada masajist işləyirmiş, üçaylıq kursa gedib lazerçi olmuşdur.
Bu əhvalatları oxuyandan bəri fikirləşirəm ki, əgər məni redaksiyadan pis yazılarıma görə qovsalar, “Şəfalı burunlar” klinikasına lazer işinə girişə bilərəm. Artıq təcrübəm də var - gənclik illərimdə həyətdəki pişikləri lazer işıqlarıyla oynadıb əylənərdim. Lazerin və əyləncənin nə fərqi var ki? Allah kərimdir.
Bu yaxında bir lotunu da internetdə gördüm, heyran qaldım. Qardaşımız qısa ömründə siyasətçi, biznesmen, QHT-çi, müəllim, çoban, jurnalist, qəssab və sairə bütün mümkün peşələrdə özünü sınamışdı, indi isə “psixoterapevt” olubdur! Diplomu haçan aldı, necə oxudu, bunlar hamısı sirdir. Əsas elm deyil ki? Əsas görkəmdir, o da qardaşımızda var. Saqqal, qəstum-filan... Elə bilirsən qarşında Ziqmund müəllim şəxsən durubdur. Hər pasiyentə də Oşodan, Krişnamurtidən-zaddan bir-iki cümlə qırıldadırsan, vəssalam, bəs edir. Hətta adi də psixoterapevt deyil, kliniki imiş! Vah-vah...
Elə qalın, qara saqqalım çıxsa mən də psixoloq olardım... Di gəl, bu andıra qalmış çıxmır. Elə çıxır, güzgüyə baxanda sanıram Çingizxanın əsgərlərindən biriyəm. Çənənin hər tərəfində üç tüklə psixoloq olmaq çətindir. Psixoloqun saqqalı birbaşa altşüura işləməlidir.
Yaxşı tük həkimi bilmirsiniz?
23 Noyabr 2024
22 Noyabr 2024
21 Noyabr 2024
20 Noyabr 2024
19 Noyabr 2024
17 Noyabr 2024
16 Noyabr 2024
15 Noyabr 2024
13 Noyabr 2024
12 Noyabr 2024
10 Noyabr 2024
09 Noyabr 2024
08 Noyabr 2024
07 Noyabr 2024
06 Noyabr 2024
05 Noyabr 2024
03 Noyabr 2024
02 Noyabr 2024
01 Noyabr 2024
31 Oktyabr 2024
30 Oktyabr 2024
29 Oktyabr 2024
27 Oktyabr 2024
26 Oktyabr 2024
25 Oktyabr 2024
24 Oktyabr 2024
23 Oktyabr 2024
20 Oktyabr 2024
19 Oktyabr 2024
18 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ