Onlayn ictimai-siyasi qəzet
Dünyanın bir çox yerlərində bizim peşəmiz, yəni, jurnalistika hazırda hörmətsiz vəziyyətdədir, hökumətlər onları tənqid edənləri bəyənmir, gözümçıxdıya salır, bəzən lap real şəkildə gözlərini çıxarırlar. “Sərhədsiz reportyorlar” təşkilatı mayda illik hesabatını açıqlamışdı, deyir 2024-cü il ilk dəfə bütün dünyada pressanın ən kritik dönəmi olubdur. “Vəziyyət planetin hər yerində mürəkkəbdir” – belə yazmışdılar.
Araşdırılan 180 ölkədən 160-da KİV-lər maliyyə stabilliyinə nail ola bilmir. Sosial şəbəkələrin reklam gəlirləri 14 faiz artaraq 248 milyard dollara çatıb, əvəzində isə ənənəvi KİV-in, qəzet və televiziyaların reklam gəlirləri aşağı düşüb. Bunun da nəticəsində bütün dünyanı məsuliyyətsiz yalan-palan, dezinformasiyalar bürüyüb, çünki sosial şəbəkənin ənənəvi KİV-dən fərqli olaraq demək olar heç bir məsuliyyət və öhdəliyi yoxdur.
2024-cü ildə 550 jurnalist həbs edilib, 54-ü öldürülüb.
Ancaq bütün bunların fonunda dəyərli həmkarlarımızın ruhdan düşməsinlər. Dünyada hələ də jurnalistika peşəsinin böyük uğura nail olduğu ərazi vardır! Ora elə bir yerdir ki, orda jurnalistləri yox, jurnalist özü camaatı tutub dama basır!
Bəli, düz anlamısınız, söhbət qədim və yaxın qonşumuz, yəni, uzaq qahımdan da bizə yaxın olan Ermənistandan və oranın müdiri Nikol Paşinyandan gedir. Nikol müəllim şəxsən məndən - Narxozu bitirib rüşvət vermədiyi üçün tamojnaya düzələ bilməyən fəqirdən daha artıq jurnalistdir, çünki İrəvan Dövlət Universitetinin jurnalistika bölməsində əla qiymətlərlə təhsil almışdır. Doğrudur, 4-cü kursda rektorun əleyhinə çıxdığı üçün universitetdən qovublar, lakin bu, məsələni dəyişmir, çünki Nikol müəllim Ermənistanın müdirliyinə elə jurnalist fəaliyyəti ilə xalq arasında ünlü olduqdan sonra gəlmişdir.
1993-cü ildə “Lragir” adlı qəzetin müxbiri olan Nikol müəllim daha sonra öz qəzetini açıbdır. Düzü, həmin qəzetin adı ermənicə nə məna verir, axtarmağa həvəsim yoxdur, lakin bizim dildə olduqca məzəli və tarixi səslənir: “Oragir”.
İnanılmazdır. Sanki qəzetin adını da qoyanda hansısa yerə girib işğal etmək psixologiyası özünü gizlətməyib. Ancaq 2020-ci ildə Nikol müəllim başa düşdü ki, hər yerə girmək də olmaz, bəzi yerlər məsləhətli deyil. Nəsə, sülh müqaviləsinə hazırlaşırıq, araya təzədən nifaq salmayaq.
Məhz “Oragir”in baş redaktorluğu zamanı, 1999-cu ildə Paşinyan türməyə girib – korrupsioner Köçəryan hökuməti onu həqiqətləri yazdığı üçün 1 il müddətinə həbs etmişdir.
Ancaq, deyir sən saydığını say, gör fələk nə sayır. (İcazə verirəm, müvəqqəti də olsa qonşularımız bu ata sözümüzü əkişdirə bilər. Bəlkə çoxdan oğurlayıblar). Hazırda həmin jurnalist özü erməni korrupsionerləri, təxribatçıları, dövlət çevrilişinə hazırlaşanları tutub basmaqla məşğuldur. Keşiş demir, biznesmen demir, siyasətçi demir... Qabağına çıxanı qoduqluğa salır.
Dünya erməniləri vəziyyətdən çox çaşqın duruma düşüblər, bilmirlər Bakıda mühakimə olunanların hayına (burada hay omonim sözdür) qalsınlar, yoxsa İrəvanda tutulanların.
Paşinyan təkcə korrupsionerləri tutmaqla kifayətlənmir, onları həm də ələ salır. Özü də necə! Fantastikadır. Məsələn, İrəvanda müxalifət Nikol müəllimə “türk” deyir. Bəlkə də haqlıdırlar, çünki erməni qan görəndə qorxur, Paşinyan isə qana düşəndən sonra hətta ürəklənib, seçkini-zadı udub. Ancaq türk və müsəlman sayılması ona qarşı tərbiyəsiz iddialara da yol açıb. Bir keşiş demişdi ki, məndə məlumat var, Paşinyan əsl müsəlman kimi sünnət olunub. Bəs Nikol müəllim cavabında nə elədi? Deyib, keşiş gəlsin, açım, göstərim. (Oxucular bağışlasın, lakin elə bu cür deyib. Hərçənd, bu cür leksikon qabiliyyətində hələlik Trampa çata bilmir).
Halal olsun. Qətiyyətli həmkarımızla qürur duyuram. Dünyaya hələ belə jurnalist gəlməyib.
27 Iyun 2025
26 Iyun 2025
25 Iyun 2025
24 Iyun 2025
22 Iyun 2025
21 Iyun 2025
20 Iyun 2025
19 Iyun 2025
18 Iyun 2025
15 Iyun 2025
14 Iyun 2025
13 Iyun 2025
12 Iyun 2025
11 Iyun 2025
10 Iyun 2025
09 Iyun 2025
08 Iyun 2025
07 Iyun 2025
06 Iyun 2025
05 Iyun 2025
03 Iyun 2025
01 Iyun 2025
31 May 2025
30 May 2025
29 May 2025
28 May 2025
27 May 2025
25 May 2025
24 May 2025
22 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ