Onlayn ictimai-siyasi qəzet
“Hərdən istəyirəm mən də tac qoyum,
Səndən acıq çıxım, səni ac qoyum,
Yan-yana məhləmdə beş qarac qoyum,
Rüşvəti "tem bolee" paketnən gedir,
Bəşər gələn əsrə raketnən gedir,
Bizimkilər motoskletnən gedir".
(Baba Pünhan)
Naxçıvanda maliyyə naziri işləmiş, dövlət büdcəsi pullarını qanunsuz yolla nağdlaşdırıb əkişdirməkdə suçlanan Rafael Əliyevin məhkəməsi gedir. Bugünlərdə prokuror ondan soruşub ki, maliyyə naziri olanda nə qədər paket alırmış, Rafael müəllim ərz edib: “2300 manat maaşım idi. Hər ay isə 15 min manat paket alırdım”.
Tragikomik dialoqdur. Əziz oxucular, fikir verdinizsə həm dövlət ittihamçısı, həm də müttəhim bu “paket mövzusuna” olduqca təbii yanaşır, sanki adi bazar söhbəti edirlər, bir-birindən kartof-soğanın qiymətini soruşurlar. Yoxsa biz - qara camaat üçün bu paket mövzusu əslində anlaşılmazdır. Paket nədir? Köhnə vaxtlarda içində məktub yolladığımız bir şey. Ya da dükanda mal qoyub satılan kağız, müşəmbə. Kulok. O zad ki, artıq neçə vaxtdır uca hökumətimiz onları da bizə 5 qəpikdən sırıyır, guya ekologiyanı qoruyuruq. Nəsə, mövzu bu deyil. Prokuror və müttəhim üçünsə paket anlayışı başqadır. Bu, artıq uzun illərdir ölkəmizdə maaş, pul, rüşvət, haqq (az qaldım bundan sonra “ədalət” də yazım) ödənilməsi üsullarından biridir. Paket gizli iqtisadiyyatımızın simvollarından biridir. Adamların həm rəsmi, həm gizli, qanundan kənar maaşları olur. Bax, həmin gizli maaş və rüşvətlər paketdə verilir. Lap açıq, əldən-ələ verilsə də prosesin adı “paket”dir. Bizdə başqa belə terminlər də var. Məsələn, şapka. Krışa. Obnaliçka. Şirinlik. Və sairə - bunları Narxozda tədris edirlər. Yadıma düşsə yenə yazaram.
Dövlət ittihamçısının Naxçıvanın eks baş maliyyəçisini gizli gəlirlər temasında sorğulaması əladır, dəstəkləyirik, hətta kino işçilərindən xahiş eləyək, bu vicdanlı prokuror haqda növbəti serialı çəksinlər, adını da qoysunlar “Paket mövsümü”. Amma işin əmması var.
Problem odur ki, əgər sən haradasa maliyyə nazirisənsə, məntiqlə o yerdə pulların, maaşların dövriyyəsi elə sənin özündən asılıdır. Maliyyə naziri göstəriş verir, büdcədən pullar ayrılır. Bəs görəsən, Naxçıvan maliyyə nazirinin başı üstündə dayanan daha yüksək vəzifəli “pullu oğlan” kim imiş ki, ona hətta paket də verirmiş? Bax, oğul ona deyərəm! Hər ikisinə: həm Naxçıvan maliyyə nazirinə paket verənə, həm də bunu üzə çıxaran prokurora.
Yoxsa indiki halda mövzu bekara mövzudur. “Nə qədər paket alırdın?”, “15 min”. Kimdən alırdı, haradan alırdı, niyə alırdı, biz niyə almırıq və sairə - əsl mövzu budur. Çünki rəsmi rəqəmlərə dayansaq, hətta indiki inflyasiya və gizli devalvasiya şəraitində də 15 min manat az pul deyil. Bir neçə il qabağa qədər 15 min manat Azərbaycanda dövlət başçısının maaşı idi! (İndi dəqiq bilmirəm). Üstünə 2300-ü də gələndə, belə çıxır Naxçıvanın maliyyə naziri Azərbaycan prezidentindən çox maaş alırmış.
Təbii, hələ məhkəmə gedir, ümid edək növbəti iclaslarda hakim bu qaranlıq işə aydınlıq gətirər, bizim də ürəyimiz sakitləşər. Vətəndaş olaraq biz oğurluq əməllərə pis baxırıq. Halallıq, düzgünlük qanımızdadır. Xalq sərvətini yolun ortasına qoyur, hara istəsə çıxır gedir, səhər gəlib görürsən hamısı yerindədir. Mən özüm dünən Binəqədi tərəfdən keçirdim, mancanaqlar açıq havada, mühafizəsiz-filansız fırlanırdı.
Bir kişinin evindən neft çıxmışdı, bu yaxında. Televiziyaları-zadı çağırıb deyirdi ki, xahiş edirəm hökumət buna əncam çəksin, məni başqa yerə köçürtsünlər. Gör nə qədər vicdanlı vətəndaşdır... Xalqın sərvətinə gözünün ucuyla da baxmaq istəmirdi. Hətta çəkiliş vaxtı burnunu tutmuşdu, deyirdi istəmirəm xalqın sərvətini gizli şəkildə iyləyim, israf edim.
İndi söz əlaqədar təşkilatlarındır. Yazın görüm siz nə qədər paket alırsınız.
28 Iyun 2025
27 Iyun 2025
26 Iyun 2025
25 Iyun 2025
24 Iyun 2025
22 Iyun 2025
21 Iyun 2025
20 Iyun 2025
19 Iyun 2025
18 Iyun 2025
15 Iyun 2025
14 Iyun 2025
13 Iyun 2025
12 Iyun 2025
11 Iyun 2025
10 Iyun 2025
09 Iyun 2025
08 Iyun 2025
07 Iyun 2025
06 Iyun 2025
05 Iyun 2025
03 Iyun 2025
01 Iyun 2025
31 May 2025
30 May 2025
29 May 2025
28 May 2025
27 May 2025
25 May 2025
24 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ