İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölən dilin alimləri

“Diloloji olması gərəkməzmi?” (“Orqanizə işlər” filmindən)

Bu yaxında bir təşkilat dünya xalqlarının intellektual səviyyəsini (İQ) açıqlamışdı, Azərbaycan orada 51-ci yerdə idi.

Doğrusu, mən belə reytinq siyahılarına inanmıram, çünki metod və hesablama üsulları məlum deyil. Üstəlik,  keçən il biz guya 83-cü yerdə idik. Bəs arada ağlımızı 32 pillə artıran nə olub? Faktiki heç zad. Nə Nobel almışıq, nə də repetitora gedən uşaqlar azalıb. Əksinə, müzakirə edilən əsas mövzularımızdan biri “məktəbə bıçaq aparılmasının qarşısını necə alaq” şəklindədir. 

İQ reytinqinin nəsə əlləm-qəlləm üsulla hazırlandığına 2-ci yeri tutan dövlət də haradasa işarə vururdu: İran. Təsəvvür elə. Guya məzlum qonşularımız o boyda sinə vurmaqdan, zəncir döyməkdən, baş yarmaqdan vaxt tapıb ağıllarını da artırıblar. Adama deyərlər belə ağıllısansa, niyə 40 ildir bir saqqallı kişinin fətvaları ilə yaşayırsan. Həmçinin maraqlıdır ki, keçən yazın reytinqində İran 114-cü yerdə göstərilmişdi. Bu boyda ağıl artımı heç bizim sovet dövründəki pambıq planlarında olmayıb.  

Elə zəhmətkeşlərimiz də bilmədilər bu 51-ci yerimizə sevinsinlər, yoxsa kədərlənsinlər. Andıra qalmış çox ortalıq bir mövqedir. Anlamaq olmur bizdən qabaqda gedən zəncirlilərə həsəd aparmalıyıq, ya dala qalan zırramalara baxıb şükür etməliyik. 

Ağıl reytinqini ölçmək üçün başqa üsullar da var, bunlardan biri ölkədə elmin vəziyyətidir. Ali Attestasiya Komissiyası (AAK) elmi dərəcələrin verilməsinə baxan idarədir. Və onun bu yanvar açıqladığı bəzi rəqəmlər acınacaqlı mənzərədən xəbər verir. 2024-cü ildə 526 nəfərə fəlsəfə doktoru (elmlər namizədi - köhnə adla yazsaq) adı verilib. Bunların içində ən çox pay filologiyaya düşüb - 156 nəfər. Mexanika, astronomiya, antropologiya, memarlıq üzrə ötən il 1 nəfər də fəlsəfə doktoru dərəcəsi alan olmayıb.

Elmlər doktoru adı alanların statistikası da acınacaqlıdır. Ötən il 71 nəfərə elmlər doktoru elmi dərəcəsi verilib, yenə ən öndə filoloqlar gedir - 23 nəfər. Texnika elmləri üzrə 13 nəfər doktor adı alıb, riyaziyyat, mexanika, yer elmləri, psixologiya və fəlsəfə sahələri üzrə hərəsində 1 nəfərə bu ad qismət olmuşdur.

Astronomiya, aqrar elmlər, əczaçılıq, antropologiya, iqtisad elmləri, coğrafiya, pedaqogika, siyasi elmlər, sosiologiya, memarlıq, milli təhlükəsizlik və hərbi elmlər üzrə isə doktor adı alan olmayıb.

Maraqlıdır ki, AAK sədri, sayın Famil Mustafayev özü iqtisadçıdır. İqtisad elmləri üzrə doktorluq işinin yoxluğunda onu qınamaq olarmı? Məsələn, mən köşə yazarları üzrə elmi şuranın müdiri olsam heç kəsə diplom vermərəm - mən varamsa, siz kimsiniz? (zarafat edirəm). 

Yaxud necə olur ki, müharibədə qalib gəlmiş ölkədə hərbi elmlər üzrə dərəcə alan yoxdur? Qeyri-elmi üsullarla qalib gəlmişik? Elə görünmürdü axı. 

Kənd təsərrüfatı da onun kimi. Bəlkə quzu əti bu səbəbdən bahalaşır? Elmi yanaşma çatmır. 

Göydə nə qədər peykimiz uçur, Şamaxı rəsədxanası Aya baxmasa camaat orucunu açmır, astronomiya üzrə elmlər doktoru isə hazırlamırıq. Göydən başımıza daş yağacaq. 

Ancaq elmin bütün dünyada əsası, mərkəzi sayılan dəqiq elmlərdə geri qalmağımız deyil, filologiya üzrə öncüllük daha absurddur. Rəqəmləri təkrar edirəm: 1 ildə filologiya üzrə 23 elmlər doktoru, 156 elmlər namizədi yetişibmiş! 

Fantastikadır. Camaat ana dilini yaddan çıxarmaq üzrədir, uşaqlar Türkiyə seriallarının dilində danışır, dövlət yazışmaları, rəsmi sənədlər suaxili dilinin moltanı ləhcəsindədir, paytaxtda ana dilində bir dənə də dükan adı, restoran menyusu, tuman etiketi qalmayıb, rus sektoruna qaçan kim, ingilis dili kursu açan kim... Amma filologiya elmimiz zırıltı inkişafda imiş. 

Mənim ta sözüm yoxdur. Elmi dildə yazsam, leksik imkanlarım tükəndi. 





ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

28 Sentyabr 2025

27 Sentyabr 2025

26 Sentyabr 2025

25 Sentyabr 2025

24 Sentyabr 2025

23 Sentyabr 2025

21 Sentyabr 2025

20 Sentyabr 2025

19 Sentyabr 2025

18 Sentyabr 2025

17 Sentyabr 2025

16 Sentyabr 2025

14 Sentyabr 2025

13 Sentyabr 2025

12 Sentyabr 2025

10 Sentyabr 2025

09 Sentyabr 2025

07 Sentyabr 2025

06 Sentyabr 2025

05 Sentyabr 2025

04 Sentyabr 2025

03 Sentyabr 2025

02 Sentyabr 2025

31 Avqust 2025

30 Avqust 2025

29 Avqust 2025

28 Avqust 2025

27 Avqust 2025

26 Avqust 2025

24 Avqust 2025