İnsanlara hürriyət, millətlərə istiqlal!

Nobel almağımıza əsas maneə

“Öz örüşündə Muradalı da bəydir”

(Azərbaycan ata sözü)

Xaricdə yaşayan azərbaycanlı alimlərin forumu keçirilir, bu münasibətlə xeyli yoldaş ölkəmizdə səfərdədir. Xoş gəlib, səfa gətiriblər. Ümidvaram onların hər birinin vaxtilə Azərbaycandan baş götürüb getməsinin səbəbləri həqiqətlərimizi dünyaya yaymaqla bağlı olmuşdur.

Ayrı heç zad ağlımıza gəlməz. Maşallah, elmin inkişafı üçün hər cür şərait yaradılmışdır. Akademiyada kvant fizikasından Cırtdanın nağılına, qara dəliklərin özəlliklərindən süni intellektə, canım sənə desin, Məşədi İbadın rəqsini oynayan robota qədər hər cür zadın elmi institutu qayırılmışdır. Elə dünən Biləsuvardan bir falçının 2 yaşlı uşağın ayağını masaj eləyib öldürməsi xəbərini aldıq. Travmatologiya elmimiz inkişaf etməsə, bu cür hallar olardımı?

Sözgəlişi, beş-on il qabaq xaricdən maliyyələşən qara qüvvələrin radiosu olan “Azadlıq” bizim şanlı Tibb Universitetinin kitabxanası haqda maraqlı reportaj hazırlamışdı. Məlum olmuşdu ki, kitabxananın zəngin fondu bir neçə il ərzində yalnız 1 ədəd kitabla doldurulubdur, o da Məcnun Göyçəli adlı şairin “Yaneram, a dağlar” poeması imiş.

Ona görə, xaricdən gələn alimlərimizin həmin biləsuvarlı falçı-sınıqçı övrətin iqamətgahına rəsmi və işgüzar səfərinin təşkil edilməsini təklif etməyə cürət etdiyim üçün üzrlü saymağınızı rica edirəm.

Bu cümləni Nəsimi adına Dilçilik İnstitututumuzdan öyrənmişəm. Maşallah, orada da mühüm linqvistik, hətta deyərdim linqifısqırıq araşdırmalar aparılır. Ona görə baxırsan jurnalist başlıq qoyubdur: “Tryanikə bu uzadıcıları taxmaq rozetkanı qızdırır”. Hələ bir ipəzora taxılan geyçim məsələsi vardı, onun axırı necə oldu, bilmədik. Ara yerdə yay da qurtardı.

Yay hələ qurtarmayıb, məsəl üçün yazdım. Yayın qurtarmağını Qafqaz Müsəlmanları İdarəsi ilə Şamaxı Astrofizika Rəsədxanamız birgə bəyanatla açıqlamalıdır. Bizdə hər şey elmi şəkildə baş verir.

Lakin buna baxmayaraq Nobel mükafatı ala bilmirik. Nəsə qərəzli yanaşma var. Yoxsa milyon dənə yazıçı var dünyada, onların heç biri sitatgətirilmə səviyyəsinə, indeksinə görə Anar müəllimin məşhur romanındakı “Tələsmə, Zaur” aforizminə çatmaz. Hələ o əsərdə biri də var idi: “Əsl kişi mələyi fahişəyə yox, fahişəni mələyə çevirəndir”.

Gör nə qədər dərin temadır. Bu haqda dissertasiylar yazıb Amsterdamın, Hamburqun, Banqkokun qırmızı fənər küçələrində təbliğatını aparmaq xaricdə yaşayan alimlərimizin üzərinə düşən milli öhdəliklərdən biridir.

Niyə Nobel ala bilmirik, bunun başqa bir səbəbi təzəlikcə aydın oldu. Bir gənc tələbəmiz Apple şirkətinin dünya üzrə elmi-texniki yarışmasında qalib gəlibmiş. Şirkət ona mükafat üçün hansısa texnikasını yollayıb. Tələbə gedib hava limanına, gömrük idarəsi mükafatı pulsuz vermək istəməyib. Deyiblər gərək 177 manat gömrük rüsumu, 18 manat da saxlama xərcini ödəyəsən. Yazığın əlacı kəsilib, borc-xərc “rüsumu” verib, mükafatını alıb.

İndi belə şəraitdə kim xaricdə elmi yarışmalara qatılmağa həvəsli olar? İnternet, rabitə texnologiyaları üzrə tanınmış ekspert Osman Gündüz bu münasibətlə çox dəqiq analiz vermişdir: “DGK uzun illərdi ki, beynəlxalq yarışlarda qazanılan mükafatları da hədiyyə kateqoriyasına daxil edib dərhal gömrük rüsumu tələb edir. Əslində isə hədiyyə və mükafatlar bir-birindən fərqlidir. Onda belə çıxır ki Nobel mükafatı (1 milyon auro) alan bir alimimiz 300 min də rüsum ödəyib bu mükafatı ölkəyə gətirə bilərmiş. Bəlkə elə buna görə bizim alimlərimiz bu mükafatı istəmirlərmiş”. Sitatın sonu.

Buyur. Səbəb aydın oldu. Yoxsa hamımıza gün kimi aydındır ki, mələyin uçma sürətini hesablayan fizik alimimizə, akademiyanın qarajında taksi gəlirləri üzrə kalkulyator və nano kartof çipsi kəşf edən Elton Məmmədova, o cümlədən, Umberto Eko ilə şəxsən görüşmüş Kamal Abdullaya çoxdan Nobel düşür. Gömrük qoymur alsınlar.  

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

22 Noyabr 2024

21 Noyabr 2024

20 Noyabr 2024

19 Noyabr 2024

17 Noyabr 2024

16 Noyabr 2024

15 Noyabr 2024

13 Noyabr 2024

12 Noyabr 2024

10 Noyabr 2024

09 Noyabr 2024

08 Noyabr 2024

07 Noyabr 2024

06 Noyabr 2024

05 Noyabr 2024

03 Noyabr 2024

02 Noyabr 2024

01 Noyabr 2024

31 Oktyabr 2024

30 Oktyabr 2024

29 Oktyabr 2024

27 Oktyabr 2024

26 Oktyabr 2024

25 Oktyabr 2024

24 Oktyabr 2024

23 Oktyabr 2024

20 Oktyabr 2024

19 Oktyabr 2024

18 Oktyabr 2024

17 Oktyabr 2024