Onlayn ictimai-siyasi qəzet
Rusiyada yaşamış milli milyarderimiz Fərhad Əhmədovun azərbaycanlı ən məşhur “həci”lərdən (biri də mənəm) Hacı Qalibə 1 milyon dollar sədəqə etməsini oxuyanda güldüm. Niyə? Çünki Əhmədovun növbəti dəfə “qazlandığını” düşündüm. İlk dəfə deyil ki. Kim Fərhad müəllimi tutsa, yolur. Keçmiş övrəti Tatyana xala yüz milyonlarla funt-sterlinqini Britaniyada qapazlamışdı. Boşanma davasına görə. Dubayda yaxtası həbsə düşmüşdü. Hətta bir ara bizim milli orqanlar da “kimdən əskiyik” deyib Fərhad müəllimi tutub soymuşdular, məncə əcəb eləmişdilər. Bu ağılla bu adam necə milyarder olub, inanmaq çətindir.
İndiki əhvalatın gülməli olmağı isə guya xeyriyyəçilik üçün ayrılan vəsaitin istiqamətinə görədir. Özü 45 dəfə Həccə getmiş Hacı Qalib deyib ki, Fərhad Əhmədovdan aldığı pulun 300 min dolları ilə 100 nəfəri ziyarətə göndəribdir. Şərab pulu ilə Həccə getmək olarmı, bax, əsas sual budur, çünki Əhmədovun Azərbaycanda əsas investisiyalarından biri Göyçayda açdığı “Aznar” zavodudur, orada isə nar və üzümdən cürbəcür çaxır, araq istehsal edilirdi. İnsafən, keyfiyyəti də yüksək olan bu məhsullarda son illər nəsə azalma var, görünür araq pulu ilə ziyarətçi göndərməyi Yuxarıdakı(ları)n xoşuna gəlməyib. Bir gözəl lətifədə deyilən kimi: “Ora nəzir vermə, ora işləmir”.
Ümumiyyətlə, dini işlərə xüsusi diqqətlə yanaşmaq lazımdır, bu sənin üçün elm-təhsil-zad deyil, hər cür eksperiment aparasan, cəzası da olmaya. Məsələn, milli futbolçularımız martda 2 yoldaşlıq görüşündə biabırçı uduzdular, baş məşqçi Məşədi Santuş müəllim də haqlı olaraq səbəblərdən biri kimi oyunçularımızın oruc tutmasını göstərdi. İndi mən sual edirəm: Ramazan ayında oruc tutan komandanı sınamaq, onlara yoldaşlıq görüşü təşkil eləmək federasiyada kimin ağlına gəlmişdir? Başqa vaxt yox idimi?
Əgər məqsəd daha çətinliyə salmaqla komandada əzmkarlığı artırmaq idisə, təklif edirəm növbəti yoldaşlıq görüşləri Məhərrəmliyə salınsın, oyunçularımız isə xəncərlə alınlarını yarıb, zəncir vurub meydana çıxsınlar.
Hətta yaxşı olar komandaya məşqçilik elə Hacı Qalibə tapşırılsın – Fərhad müəllimin verdiyi 1 milyonun 700 mini də əlində qalmalıdır, oyunçu yığar. Ya da Allahşükür müəllimə. Oyunçularımızın hamısı, maşallah, görkəmcə “İslami-cihad” təşkilatının üzvlərinə oxşayırlar. Başqa komandalar gündə 5 dəfə məşqə çıxanda bunlar 5 dəfə namaz qılırlar. Əsas insanın o dünyasıdı, burda Haitini udsan nə olacaq, udmasan nə olacaq... Uzağı “Maserati”nin təkərini qaraltmaq müəyyən qədər çətinlik törədər.
Alatavada 2 qatlı şəxsi evi içindəki adamlara birgə uçurtmaq istəyən tikinti şirkətinin əhvalatına gəldikdə isə, məncə müxalifətin yoxluğu məhz belə anlarda yada düşür. Ona görə yox ki, vətəndaşı müdafiə üçün nəsə aksiya-zad edərdilər. Bizim belə destruktiv çağırışlara qəti vaxt, həvəs və imkanımız yoxdur. Tam başqa motivlə yazdım. İzah edim.
Yəqin yaşlı adamlar xatırlayar, Hacıbala müəllim Bakının müdiri olanda nə qədər belə evlər yerlə-yeksan edilmişdi. Camaat bəzən ekskavatorun çalovunda uçurdu. Lakin heç indiki kimi vay-şivən qopmurdu. Hətta bir dəfə beşmərtəbəli binanı sakinlərlə birgə sürüşdürdülər, hamı balkondan əl çaldı. Çünki o əyyamlarda müxalifət var idi, vaxtaşırı əlaqədar orqanlar müxalifəti şappıldadırdı, zorakılıq adiləşirdi. İndi isə söhbətə bax, sən canın: “şüşə mənim qolumu kəsdi, bacım da ekskavatoru görüb depressiyaya düşdü”. Nə qədər nərmənazik olmuşuq! Allaha şükür, Qarabağ vaxtında alındı, yoxsa bu millətlə heç nə eləyə bilməzdik.
Təsadüfən Alatava ilə eyni gündə Tayvanda (bu da adından göründüyü kimi, Çinin “Alatavasıdır”) 3 dənə göydələni idarə edilən bombayla partladırdılar. Bütün millət yüksək bir yerə çıxıb tamaşa edirdi. Biz isə bir həyət evini sökə bilmirik.
Bu əzvaylıqla Belarusu nə cür udasan?
31 Mart 2025
30 Mart 2025
28 Mart 2025
27 Mart 2025
25 Mart 2025
24 Mart 2025
23 Mart 2025
22 Mart 2025
21 Mart 2025
20 Mart 2025
19 Mart 2025
18 Mart 2025
16 Mart 2025
15 Mart 2025
14 Mart 2025
13 Mart 2025
12 Mart 2025
11 Mart 2025
09 Mart 2025
08 Mart 2025
07 Mart 2025
06 Mart 2025
05 Mart 2025
04 Mart 2025
02 Mart 2025
01 Mart 2025
28 Fevral 2025
27 Fevral 2025
26 Fevral 2025
25 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ