İnsanlara hürriyət, millətlərə istiqlal!

Musiqili yeyinti

Filarmoniya - musiqini təbliğ etmək, konsertlər keçirmək üçün bir binadır. Bunun adı qədim yunancadan hərfi tərcümədə “harmoniyanı, ahəngdarlığı sevmək” mənası verir. Dünən prokurorluğun milli filarmoniyamızda antikorrupsiya tədbirləri keçirdiyini eşidəndə dodağım qaçdı. Fikirləşdim çox harmonik əhvalatdır. Axı bizdə korrupsiya, büdcə yeyintiləri dövlətçiliyimizlə ahəngdar şəkildədir. Sanki biri olmasa, o biri də olmaz. 

İndiki halda hər hansı yeyinti hadisəmiz musiqinin müşayiəti olmadan keçə bilmirsə, musiqi idarəsi niyə yeyinti eləməsin? Dirijorun balası yoxdurmu? Yoxsa xalqımız elə bilir onlar ancaq çubuqla oynayırlar? Sanki skripka çalan oğurluq edə bilməz, xalqın malını çala bilməz. 

Burada bir haşiyə çıxaraq qarğış eləmək istəyirəm. Mənim qarğışdan zəhləm gedir, ancaq görün hansı vəziyyətə çatdırıblar. Bizim toylara təbili ilk dəfə kim gətiribsə, kim bunu adət şəklinə salıbsa arzu edirəm onu cəhənnəmdə təbil şəklində qazanda qaynatsınlar, ifrit-şeytanlar onu təbil dəyənəklərinə keçirdib manqalda bişirsinlər. İlahi, amin. İmkan olsa buna gələcəkdə geniş şəkildə qayıdacağam, indi mövzumuz ayrıdır. 

Büdcə yeyintilərinin harmoniyasına başqa misalı Hesablama Palatası açıqladı. 2023-cü ildə Naxçıvan Ali Məclisinin fəaliyyəti araşdırılıb, müəyyən qədər büdcə vəsaitlərinin əsassız xərclənməsi, yanlış rəsmiləşdirilməsi və sairə neqativ hallar aşkarlanıbdır. 

Sözgəlişi, bu “əsassız xərc” ifadəsinin özü maraqlı şeydir, dövlətçiliyimizdən irəli gəlir. Kimisə tutub basmaq istəsək oğurluğa “yeyinti” deyirik, əgər mərhəmət göstərilirsə “əsassız xərc” adlanır. Məsələn, elə Naxçıvan AM-də aparılan auditin yekununu təxminən hesabladım, əsassız xərclər hardasa 500 min manat edirdi. Halal olsun, çox əsassız hərəkətdir. 

Bəs burda harmoniya hardadır? Söhbət ondadır ki, qabaqlar biz Naxçıvanda belə əsassız xərclər olanda onu Vasif müəllimin üstünə yıxa bilirdik. Vasif müəllim isə 2022-ci ildən Naxçıvan AM-in sədri deyil. Yoxlamanın 2023-cü ildəki fəaliyyəti əhatə etdiyini yuxarıda yazdım. Deməli, ənənəyə sadiqlik davam edir! Sükan etibarlı əllərdədir. Sizin bu cızmaqaranı oxuduğunuz anlarda orada yenə kiminsə əsassız xərclər törətməsinə ümidvaram. Şair demişkən: “Yeyib-içən oğlan yaman olmaz”. Yeyintisiz obyektimiz olmasın. Adamın da, dövlətin də min yeyəni olsun, bir deyəni (jurnalisti, qeheteşniki, xaricdən maliyyələşən qara qüvvəsi və sairə) olmasın. Yedin dadındır, verdin adındır, qaldı yadındır.   

Maşallah, hamımız yeyirik. Vəkil bürosunun müdirini tutmuşdular, 4 il həbs oxudular, axırı bilmədim nə oldu. Müdirin olduqca yeyintili adı vardı: Sümbülə! (Özü də bu xanım vaxtilə ən məşhur sünbül alimimizin qəzetlərə qarşı işlərdə vəkili olubdur. Nə qədər üst-üstə düşən həyatlar, talelər vardır. Bunları Tolikin verilişində işıqlandırmalıyıq). Xülasə, dövlət bu büroya pul ayırırmış ki, müəyyən işlərə çıxan vəkillərə saathesabı ödənilsin. Sümbülə xanım isə pulları sünbülqıran kimi həzm-rabedən keçirirmiş. 

Masallıda baş həkimi araşdırdılar, xəstəliyi səbəbindən şərti iş verildi, lakin 1 milyon manatlıq istirahət mərkəzini tutub əlindən aldılar. Dəli şeytan deyir həmin şərti işin hesablanmasında o istirahət mərkəzinin yağmalanması müəyyən rol oynamışdır, lakin biz dəli şeytana qulaq asmayaq - bizdə hüquq və ədalət hər şeydən üstündür!

Sual isə budur ki, hansısa baş həkim halal qazancıyla 1 milyon manatlıq yemək-içmək yeri qayıra bilərdimi? Meşənin içində, çayın qırağında, nə bilim, güllər qoxur, bülbüllər oxur, cəh-cəh vurur bağda gül üstə. Vəkil yeyir, həkim yeyir, dirijor yeyir, prokuror yeyir... 

Yazını da elə həmin mahnıdan parça ilə bitirirəm, inşallah, prokurorlar filarmoniyada bunu sifariş vermişdir:

Sən məndən könül istə,

Mən deyim gözüm üstə.

Üzün qoy üzüm üstə

Əcəb yaxşı zamandır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

21 Noyabr 2024

20 Noyabr 2024

19 Noyabr 2024

17 Noyabr 2024

16 Noyabr 2024

15 Noyabr 2024

13 Noyabr 2024

12 Noyabr 2024

10 Noyabr 2024

09 Noyabr 2024

08 Noyabr 2024

07 Noyabr 2024

06 Noyabr 2024

05 Noyabr 2024

03 Noyabr 2024

02 Noyabr 2024

01 Noyabr 2024

31 Oktyabr 2024

30 Oktyabr 2024

29 Oktyabr 2024

27 Oktyabr 2024

26 Oktyabr 2024

25 Oktyabr 2024

24 Oktyabr 2024

23 Oktyabr 2024

20 Oktyabr 2024

19 Oktyabr 2024

18 Oktyabr 2024

17 Oktyabr 2024

16 Oktyabr 2024