Onlayn ictimai-siyasi qəzet
Sinyor Pomidor, qəzəblənməyin! Deyirlər hirslənəndə vitaminlər azalır!”
(Canni Rodari, “Çipollinonun macəraları”)
Hökumətimiz hər zaman xalqın yanındadır, daim onun rifah halını yüksəltmək üzərində çalışır, bunun üçün müxtəlif dövlət proqramları icra edilir. Dünən belə proqramlardan birinin açılışı olmuşdur. Paytaxtımızın ən böyük sərgi salonlarından birində italiyalı heykəltəraş Cüzeppe Karta-nın əsərlərinin sərgisi açılmışdır. Sərgi “Təbiətin nemətləri” adlanır və adını doğruldur: burada meyvə-tərəvəz heykəlləri xalqımıza, zəhmətkeşlərimizə nümayiş etdirilir.
Doğrusu, sərgidən fotoları, videoları izləyənə qədər mən həmin meyvə-tərəvəzin nəsə sürreal, absurd-filan formada təsvirini görəcəyimizi zənn edirdim. Axı incəsənətdə, rəssamlıqda belə cərəyanlar var, görürsən hinduşka başının şəklini çəkirlər, altından da “Təhsil fədaisi” yazırlar. Ancaq xalqımıza nümayiş olunan sərgi sırf adına uyğundur. Burada badımcan, moruq, pomidor, nar, kartof-soğan, alma, bibər, acı istiotun heykəllərini görmək mümkündür.
Bir növ, Novruz və 8 Mart öncəsi xalq üçün sənət-tərəvəz yarmarkası düzəldilibdir. Mən bu diqqət və qayğıya görə kövrəldim. Həmişə kartof-soğanın gerçək yarmarkası düzəldilməz ki. Hərdən simvolik, rəmzi, heykəl kənd təsərrüfatı yarmarkaları da lazımdır. Bu dəqiqə pomidorun bəzi növlərinin kilosu bazarda 15 manata çatıb. Kartof 1 manat 50 qəpikdir. Badımcan, xiyar, soğan və sairə də onun kimi - əl və cib yandırır. Belə olan şəraitdə xalq heç olmazsa bu meyvə-tərəvəzin heykəlinə baxıb mənəvi aclığını öldürməlidir.
Özü də sevindirici haldır ki, hər bir heykəlin altından izahedici yazılar yapışdırılıb, məsələn, badımcan heykəlinin altından “Badımcan” yazılmışdı, mən bunu fotolardan aydın gördüm. Təbii, yazı olmasa zənn edərdik bu, badımcan deyil, məsələn, xiyardır. Hətta avokado da ola bilər. Axı gör neçə vaxtdır millət badımcan üzünə həsrətdir, ona badımcanın heykəlini göstərənlərə “can” deməyə hazırdır!
O cümlədən, alma heykəlinin altından “Yaşıl alma”, acı bibərin altından da “İstiot” kimi məlumatlandırıcı lövhələr vurulmuşdu. Yalnız “Bunlar yeməli deyil” lövhəsini heç yerdə görmədim, bəlkə camaat heykəlləri dişləyəcəkdir? Hesab edirəm bunun üzərində düşünmək lazımdır. Əlaqədar orqanlardan xahiş edirik, əncam çəksinlər. (İndi fikir verdim ki, bu “əncam” sözündə qəribə hərarət var, sanki iqtidar-xalq münasibətlərinin istiliyini canında gizlədibdir).
Yeri gəlmişkən, Bakıda vaxtaşırı bu tip heykəl sərgiləri keçirilir, yadınıza gəlirsə qışda lüt arvad heykəli qoyulmuşdu, lakin xalq narazılıq edəndən sonra onu hansısa icra başçısının villasına apardılar. İndi isə müqəddəs Ramazan ayını da nəzərə alaraq sırf mentalitetimizə, milli-mənəvi dəyərlərimizə uyğun sərgi təşkil edilibdir. Kim istəsə meyvələrin heykəlinə baxıb orucunu aça bilər. Mən şeyximizdən soruşmuşam, deyir məqbuldur. Bəlkə də məchuldur, lakin məkruh deyildir. Ola bilsin bir az da məkrubdur.
Növbəti sərgilərdə, hesab edirəm, başqa ərzaq məhsullarını da nəzərdə tutmaq lazımdır. Bəyəm dünyada dana, qoyun, camış, keçi, toyuq heykəlləri düzəldən sənətkarlar yoxdurmu? Şübhəsiz, vardır. Xahiş edirik onların da əsərləri Bakıya gətirilsin, camaata göstərilsin. Yalnız meyvə-tərəvəzə baxmaqla keçinmək çətindir, ət də lazımdır. Sümüksüz dana ətinin kilosu 20 manata qalxmışdırsa, bunu hamı ala bilmir.
Sözgəlişi, belə sərgilərə pensiyaçı və aztəminatlı ailələrin, tələbələrin ekskursiyası təşkil olunsa yaxşı olar. Sosial müdafiə nazirliyi avtobus ayırsın, gəlib baxsınlar.
Təbii ki, ətlik heyvan heykəllərinin sərgisində izahedici yazılara da xüsusi nəzarət olmalıdır. Yoxsa birdən heykəltəraş eşşək heykəlini camaata “Dana” adıyla sırısa... Bunun mənəvi ziyanını düşünmək belə istəmirəm.
02 Aprel 2025
31 Mart 2025
30 Mart 2025
28 Mart 2025
27 Mart 2025
25 Mart 2025
24 Mart 2025
23 Mart 2025
22 Mart 2025
21 Mart 2025
20 Mart 2025
19 Mart 2025
18 Mart 2025
16 Mart 2025
15 Mart 2025
14 Mart 2025
13 Mart 2025
12 Mart 2025
11 Mart 2025
09 Mart 2025
08 Mart 2025
07 Mart 2025
06 Mart 2025
05 Mart 2025
04 Mart 2025
02 Mart 2025
01 Mart 2025
28 Fevral 2025
27 Fevral 2025
26 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ