İnsanlara hürriyət, millətlərə istiqlal!

Məhsul, müxalifət və mənzil məsələsi

(milli “3 M problemi”)

Bizdə bəzən müxalifətin qədrini bilmirlər. Elə düşünürlər müxalifət artıq bir şeydir, kor bağırsaqdır, kəsib atmaq olar. Lakin istənilən demokratik cəmiyyətdə müxalifət vacibdir. Hətta halaldır və bəzən məkruhdur. İzah edim, boşboğazlıq olmasın.

Hazırda Bakı Ağır Cinayət Məhkəməsində qəribə bir cinayət işini araşdırırlar. Biz xaricdə bəzi dələduzların Eyfel qülləsini, İstanbul körpüsünü, canım sənə desin, Biq-Ben saatını satması haqda əhvalatları eşitmişdik, lakin oxşar iş ölkəmizdə də olubdur. Ən azı 3 dənə stadionu dələduzluq yoluyla satmaq istəyənləri tutublar. İşin içində milyon manatdan artıq pul əkişdirmək, bəzi vəzifəli şəxslərin adı, deputat-filan keçir. Lakin bu, necə deyərlər, nəticədir. Səbəbə diqqət yetirməliyik.

Söhbət ondan gedir ki, satılması vəd edilən stadionlardan biri “İnşaatçılar” metrosu yaxınlığındakı məhşur “Məhsul” stadionudur. Stadion respublika həmkarlar ittifaqının balansındaymış, oranı alıb yerində göydələnlər tikmək istəyiblər. Ümumi satış qiyməti 5 milyon dəyərləndirilib, 1 milyona yaxını alınıb və sairə.

“Məhsul”un məhşurluq səbəbi isə bizdə oranın adətən müxalifətin mitinqlərinə ayrılması idi. Elə Bakıda son müxalifət mitinqi də, yanılmıramsa, 2019-cu ilin yanvarında həmin stadionda keçirilib. Vəssalam. Ondan bəri, 5 ildir Azərbaycanda müxalifətin hər hansı küçə yığıncağına icazə verilmir. Yalnız hansısa mədəniyyət sarayında qurultay keçirmək icazəsi verilib.

İndi mən sual verirəm: əgər “Məhsul” stadionunda mitinqlər davam etsəydi, oranı dələduzlar sata bilərdimi? Əlbəttə. Yuxarıda yazdıqlarımın mənası nə idi o zaman? Mənası yoxdur. Sözümü geri götürürəm. Bayram günü zarafat eləmişəm – bu cür sayın.

Müxalifətçiliyin əhəmiyyəti varmı? Təbii ki, yoxdur. Biz istəsək stadionu içindəki müxalifət qarışıq satardıq. Hər cür imkanlarımız, hər dona girən siyasətçilərimiz olmuşdur, olacaqdır.

Hətta yaxşı olardı stadionların hamısı satılsın, yerində camaata, o cümlədən müxalifətə evlər tikilsin. Bununla narazılıq da aradan qalxar. Bulqakovun “Master və Marqarita” romanında Voland deyirdi: “İnsanlar həmişəki kimidir, heç dəyişməyiblər, sadəcə, mənzil məsələsi onları korlayıb”. Azərbaycanda mənzil və mənlik təkcə qulaq qafiyəsi yaratmır. Bunlar az qala eyni məzmunlu sözlərdir. Ən populyar el alqışlarımızdan biri necədir? “Evin tikilsin!”

Uzun sözün qısası, məhkəmə “Məhsul”un mənzilə çevrilməsini tənzimləməli, stadionu satanlar bəraət almalıdır. Bizim əsas məhsulumuz elə mənzildir.

Yeri gəlmişkən, bizim keçmiş MTN generalları da çoxlu adamı soymuşdular, özlərinə həmin pullarla evlər, villalar almışdılar. Sonra məhkəmə o mülklərin müsadirəsi, satılması haqda qərar verdi. İndi deyilənə görə mülklər satılır, lakin zərərçəkənlərə pullar qaytarılmır. Bu yaxında həmin adamlar Nərimanov rayon icra şöbəsi qarşısında etiraz aksiyası keçirəcəklərini söylədilər. Amma ora stadion deyil ki? Bizdə etiraz ancaq stadionda ola bilər, oranın da işi məhkəmədədir. Nəsə çox dolaşıq problemdir.

Lakin, ədliyyə sistemini da anlayışla qarşılamaq lazımdır. Birdən sən MTN generalının evini satandan sonra pulu zərərçəkənə ödədin, sonra general bəraət aldı, təzədən evləri istədi? Tariximizdə belə şeylər çox olmuşdur.

Bəlkə ən doğrusunu bolşeviklər eləyirdi. Varlıların evlərini əllərindən alıb muzey, teatr, kitabxana, uşaq bağçası-filan düzəltmişdilər. İndi isə bir varlı ilişəndə ya villasını uçurdurlar, ya qapısını hörürlər, ya da villanı başqa oliqarxa satırlar. (Heç ağlıma gəlməzdi ki, 28 mayda belə bir şey yazacağam).

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

22 Noyabr 2024

21 Noyabr 2024

20 Noyabr 2024

19 Noyabr 2024

17 Noyabr 2024

16 Noyabr 2024

15 Noyabr 2024

13 Noyabr 2024

12 Noyabr 2024

10 Noyabr 2024

09 Noyabr 2024

08 Noyabr 2024

07 Noyabr 2024

06 Noyabr 2024

05 Noyabr 2024

03 Noyabr 2024

02 Noyabr 2024

01 Noyabr 2024

31 Oktyabr 2024

30 Oktyabr 2024

29 Oktyabr 2024

27 Oktyabr 2024

26 Oktyabr 2024

25 Oktyabr 2024

24 Oktyabr 2024

23 Oktyabr 2024

20 Oktyabr 2024

19 Oktyabr 2024

18 Oktyabr 2024

17 Oktyabr 2024