İnsanlara hürriyət, millətlərə istiqlal!

Korrupsiya turizmi

Yavaş-yavaş hər şey məlum olmaqdadır. Sən demə, Dövlət Turizm Agentliyimizin daxilində dövlətçiliyə yad ünsürlər əyləşərək sahənin inkişafına maneçilik törədirmiş. Əvvəlcə agentliyin müdirinə şiddətli töhmət verildi, sonra aparat rəhbəri işdən qovuldu, bugünlərdə isə 1 əməkdaşı şəxsən DTX həbsə atmışdır.

Bu, məsələnin ciddiliyindən xəbər verir. Az ciddi olsa prokurorluq və polislə yola verərdik, çıxıb gedərdi. İşin içində birbaşa dövlət təhlükəsizliyimizə təhlükə yaranıbmış - tavtalogiya üçün hörmətli oxuculardan üzr diləyirəm, cümlə ayrı cür alınmadı.

Sözgəlişi, DTA-da işdən çıxarılanlardan biri də  “Turizm siyasəti və strategiyası şöbəsinin müdiri” idi. Bunun özü bir daha vəziyyətin ciddiliyindən xəbər verir.  Əks halda, niyə yoxlamağa birbaşa turizm siyasəti və strategiya şöbəsindən başlayıblar? Mən olsam kənd təsərrüfatı siyasəti şöbəsindən başlardım.

Zarafat edirəm, çünki ümidvaram orada belə şöbə yoxdur. Əks halda, hörmətli oxucularımız buyursunlar, mənim də yerimə qərar versinlər: “Dövlət Turizm Agentliyinin turizm siyasəti və strategiyası şöbəsi” adı tavtalogiya və cəfəngiyyatdan başqa bir şey deyilmi? Aydın məsələdir ki, turizm idarəsində hamı turizmlə məşğulat eləməlidir. Daha bu sözləri dalbadal təkrarlamağa, administrativ çərənçiliyə nə ehtiyac var?

Tək bu idarə olsa, yazmazdım. Hər yer belədir. Təhsil Nazirliyində təhsil şöbəsi, səhiyyədə səhiyyə, orduda ordu, nə bilim, prokurorluqda prokurorluq... Ən son Tiflis prospekti tərəfdə belə obyekt adı görmüşəm: “Fövqəladə Hallar Nazirliyinin tibb xidmətinin tibb mərkəzi”.

Dəhşət, fısqırıq. “Tibb xidmətinin tibb mərkəzi” ifadəsini fikirləşib o lövhəyə yazmaq üçün Allah bilir nə qədər əziyyət çəkmişlər... Ana dili belə inkişaf edir, kül Ayazın başına...

Bəli, turizm indən belə sürətlə inkişaf edəcək, hər dağa çıxan turist, hər meşəyə girən xarici, ümumilikdə adambaşına düşən əcnəbi sayına görə rekord vuracağıq. Maneçilik törədənlər vaxtında aşkara çıxarılmışdır.

Təsəvvür elə, bu alçaqlar hətta Qarabağda yemək konfransında kabab bişirməyə gətirilən rusiyalı aşbaz Stalik müəllimin qonorarına da göz dikibmiş! Ah-vay. Stalik müəllim alovlu açıqlama yayıb, deyir mən patriot insanam, festivala da yalnız Şuşa naminə gəlmişdim, axırda mənə 10 min dollar veriləcəkdi, neçə ildir gözləyirəm. O cümlədən milli kulinariyamızın şefi Tahir müəllimi də turizm agentliyindəki yarıtmaz kadrlar işdən çıxarıbmış.

Bu xəmir hələ çox su aparacaq. Axırda Milli Şura ilə əlaqələrin də ortaya çıxacağına haradasa əminliyim yaranmışdır. Bir az cavan-cuvan, burnufırtıqlı korrupsioner olmasalar Əbülfəz Elçibəylə, AXC-Müsavat dövrüylə bağlamaq mümkün idi. Təəssüf ki, yazdığım kimi, çox körpə acgözlərdir, o qədər qədimə aparıb çıxarda bilmirik. Hərçənd nə biləsən... Orqanlarda istedadlı insanlar çoxdur. Lazım gəlsə əlaqələndirmək olar.

Həmçinin yuxarıda inkişaf proqnozu verdim, ancaq bundan da çox əmin deyiləm. Kimə etimad göstərilirsə, axırda zayı çıxır. Maaş, paketdə pul, xaricdə turpaket, Yeni ildə zırpaket... Nə verirsən ver, yenə azlıq edir. Gözləri doymayan zümrə yetişib. Misal istəyirsinizsə, çəkim: martın 5-də baş prokurorluğun korrupsiya ilə mübarizə idarəsi səfərbərliyin Xəzər rayon idarəsinin rəisi və bir neçə işçisini damladı. Çağırışçılardan rüşvət alırmışlar. Bunun özü də qəribədir, çünki bizə deyirlər ki, guya hərbi çağırış sistemində hər şey elektronlaşıb. Bəs bunlar rüşvəti necə alıb? Deməli ya ət yalandır, ya da pişik. Lakin mövzumuz indi bu deyil. Mövzu odur ki, həmin Xəzər rayonunda səfərbərliyin eyni idarəsinin 2 başqa zabiti eyni ittihamla 1 il yarım qabaq həbs edilmişdilər!

Belə çıxır, idarədəkilər tamahını heç 18 ay da saxlaya bilməyib. Ağlıma ideya gəlib: bəlkə biz Xəzər rayon səfərbərlik idarəsini turizm marşrutuna daxil edək? Qoy xaricilər gəlib oradakı qarınqulu korrupsionerlərə tamaşa eləsinlər. Dünya turizmində yeni istiqamət olardı. Belə ekzotik canlılar hər yerdə yoxdur.

 

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

02 Aprel 2025

31 Mart 2025

30 Mart 2025

28 Mart 2025

27 Mart 2025

25 Mart 2025

24 Mart 2025

23 Mart 2025

22 Mart 2025

21 Mart 2025

20 Mart 2025

19 Mart 2025

18 Mart 2025

16 Mart 2025

15 Mart 2025

14 Mart 2025

13 Mart 2025

12 Mart 2025

11 Mart 2025

09 Mart 2025

08 Mart 2025

07 Mart 2025

06 Mart 2025

05 Mart 2025

04 Mart 2025

02 Mart 2025

01 Mart 2025

28 Fevral 2025

27 Fevral 2025

26 Fevral 2025