İnsanlara hürriyət, millətlərə istiqlal!

Koroğluya oxşayan qızlar

Qabaqlar milli telekanallarımızın dəyərlərimizə, əxlaqa, mənəviyyata uyğunluğu işlərinə Ramiz Mehdiyev baxırdı. Tez-tez bu istiqamətdə tənqidi məqalələr yazırdı. Bir məqaləsi o qədər uzun idi ki, xalqımız hələ oxuyub axırına çata bilməmişdir. Mən hələ ortalardayam, ANS kanalı haqda oxuyuram. 

Ancaq müqəddəs yer boş qalmır, hazırda Ramiz müəllimin estafetini deputat Səyavuş Novruzov ələ almışdır. Dünən növbəti dəfə televiziyaları parlamentdə tənqid atəşinə tutmuşdur. (Axırı xeyirli olsun, Səyavuş müəllim nədənsə son dövrlər özünü radikal müxalifət kimi aparmağa başlayıb). Deyir aparıcılar prokuror, rəislərə göstəriş verir, nəticədə cinayətlərin sayı artır. 

Doğrusu, bunu tam izah etmədi və güman edirəm rəis və prokurorlar da özlərini aparıcı kimi aparmağa başladığı üçün cinayətlər artır. Əks halda, səbəb-nəticə əlaqəsi anlaşılmır. 

Sayın deputatımızın bu sözləri isə olduqca ibrətamizdir: “Əvvəllər oğullarımız Koroğluya, Nəbiyə bənzəməyə çalışırdısa, indi seriallardakı kriminal obrazlara, qızlar da Həcərə, Nigara bənzəməyə çalışırdısa, indi müxtəlif obrazlara oxşamağa çalışırlar. Bu, mənəviyyat məsələsidir. Bu problemlərin qarşısı alınmalıdır”. 

Gözəl sözlərdir. Yaxşı olar Təhsil Nazirliyi gələn il bunu “Həyat bilgisi”, “Botanika”, “Təbiətşünaslıq”, “Astronomiya”, “3-cü sinifin Riyaziyyat” dərsliklərinə salsın. Doğrudan da indi Koroğlu və Nəbiyə bənzəmək istəyən oğullar yoxdur. Həmçinin Həcər və Nigara oxşamaq istəyən qızlar. Hətta ekran-efirə baxanda adama elə gəlir ki, indi oğlanlar Nigara, qızlar Nəbiyə bənzəmək istəyir. 

Lakin bunlar məsələnin zahiri tərəfidir. Mahiyyətinə diqqət etməliyik. Bəlkə də cəmiyyətdə, real olaraq Koroğlu, Nigar görməyən gənclər yolunu azırlar, kriminal avtoritetlərə, bambılı serial qəhrəmanlarına oxşamaq istəyirlər. Bəs çıxış yolu yoxdurmu? Var! Məncə, gənclərimiz Səyavuş müəllimə bənzəməyi özlərinə həyat devizi seçsələr yaxşı olar. Adam canlı nümunə kimi qarşımızdadır. 

Yazını Ramiz müəllimə açdıq, bu da səbəbsiz deyil. Bildiyiniz kimi, Donald Tramp artıq ABŞ prezidenti seçilib. Qarşıdan gələn 4 ili onun feyk açıqlamaları, hap-gopu ilə keçirtməyə məcburuq. Olsun. Atalarımız demişkən, az idi arıq-uruq, biri də gəldi boynu buruq. Hazırda bütün planet Tramp müəllimə, rus demişkən, “xod” axtarır. Türkiyə qəzetində oxudum, keçmiş maliyyə naziri Berat Albayrak-ın yenidən hökumətə qaytarılması müzakirə edilirmiş, çünki Berat bəy vaxtilə, Trampın birinci prezidentliyi dönəmində onunla mehriban münasibətdə olub, Vaşinqtonda öpüşüb-görüşüblər. Bəlkə biz də Trampla sıcaq ilişkiləri olmuş əski nəqliyyat bakanımız Ziya müəllimi geri qaytarmalıyıq. Bakıda birgə ev tikmişdilər. Gəlib yenə tiksinlər, hələ yer qalır. 

Ramiz Mehdiyevin də siyasi-iqtisadi, mənəvi-ekoloji potensialından sanki axıracan istifadə etmədik. O cür adamları son damlasınacan xalq üçün sıxmaq lazımdır. 

Ümidvaram əlaqədar orqanlar təklifimi nəzərə alar. Yaxşı bilirəm ki, onlar bu yazıları diqqətlə oxuyur. Məsələn, İspaniyada xeyli oxucum var imiş. Bu yaxında orada sel olanda mən yazmışdım ki, gərək xalqımız təbii fəlakətlərə dözümlü olsun, ispanlardan örnək alsın. Özündən sitat gətirmək təvazökarlıq olsa da məcburam, belə yazmışdım: “Odur, biz Sabunçu tunelində 2 nəfəri ağlayıb bitirməmiş sel gəldi, İspaniyada, Valensiyada 100-ə yaxın adam öldü. Xalq narazı qalıb kral 6-cı Filip müəllimin istefasını tələb etdimi? Etmədi. Əksinə, gələcəkdə taxta oturacaq "7-ci Filip"ə dualar oxudular və çıxıb getdilər “Valensiya”-"Barselona" oyununa baxmağa" (“YM”, 1 noyabr, 2024). Qısa zaman keçdi, ispanlar kralı və xanımını palçıqla, daş-kəsəklə qovdular. Baş nazir Pedro müəllimin istefasını tələb etdilər. Sən demə sel haqda camaata heç bir xəbər verilməyib, 200-dən çox adam ölüb, saysız itkinlər var. Üstəlik, seldən keçən günlər ərzində xilasetmə, bərpa əməliyyatları da çox pis keçir. Küçələri, evləri camaat özü, kürəklə, süpürgə ilə təmizləyir, içməli su tapılmır və sairə. 

Mənim fikrimcə, İspaniyada bu “bardak”ın yaranması baş nazirin sosialist partiyasının nümayəndəsi olması ilə bağlıdır. Solçular həmişə belə populizmlə məşğul olur, işləməklə isə araları olmur. 

İspan kralına palçıq atılmasının səbəbi isə ordunun fəaliyyətsizliyinə görədir. Orada əsgər krala tabedir, lakin təbii fəlakətə qarşı ordunu cəlb etmək nədənsə kralın ağlına gəlməyib. 

Yəqin gələcəkdə Səyavuş müəllimi İspaniya kralı da qoymaq olar. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

23 Noyabr 2024

22 Noyabr 2024

21 Noyabr 2024

20 Noyabr 2024

19 Noyabr 2024

17 Noyabr 2024

16 Noyabr 2024

15 Noyabr 2024

13 Noyabr 2024

12 Noyabr 2024

10 Noyabr 2024

09 Noyabr 2024

08 Noyabr 2024

07 Noyabr 2024

06 Noyabr 2024

05 Noyabr 2024

03 Noyabr 2024

02 Noyabr 2024

01 Noyabr 2024

31 Oktyabr 2024

30 Oktyabr 2024

29 Oktyabr 2024

27 Oktyabr 2024

26 Oktyabr 2024

25 Oktyabr 2024

24 Oktyabr 2024

23 Oktyabr 2024

20 Oktyabr 2024

19 Oktyabr 2024

18 Oktyabr 2024