İnsanlara hürriyət, millətlərə istiqlal!

Kassirlər üçün hotel

Yaxud surinamlı icra başçısının 2 milyonu

Xarici siyasətimizdə çox önəmli addımlardan biri 23 sentyabrda atılmışdır. Həmin gün Azərbaycanla Surinam arasında viza rejimi qismən də olsa aradan qalxmışdır. Hələlik ancaq diplomatik və xidməti pasportları olan zəhmətkeşlərimiz Surinama vizasız gedəcəkdir. İnşallah, tezliklə bu qərar hamımıza aid olar. Belə sazişləri daim həsrətlə gözləyirik. Surinamla əlaqələrimiz futbolda inkişafa gətirəcək, çünki Qullit, Raykard kimi əfsanəvi futbolçular məhz Surinam əsillidir. Bir də gördün Qullitin xalası nəvəsi Yevlaxın “Karvan” klubunda maaş ala bilmir.

Lakin viza rejimi tam aradan qalxsa biz Surinama qaçıb gedəsi deyilik. Kinoda deyilən kimi, bizə elə burada da xoşdur. Əksinə, dünya ölkələrindən ana yurdumuza maraq günü-gündən artır. Dövlət Miqrasiya Xidmətinin məlumatına görə bu ilin 8 ayı ərzində düz 48484 nəfər əcnəbi müvəqqəti yaşayış icazəsini artırmaq üçün müraciət etmişdir. Onlar 151 ölkənin vətəndaşları olmuşdur.

Rəqəmləri xüsusi yazmağımın mənası var. Əgər hələ də diqqət eləmədinizsə, təkrar baxın: bu rəqəmlər necə gözəldir! 151 və 48484! Tərsdən oxu, yenə eyni rəqəm alınır. Belə nömrə almağa getsən, “QAİ”-də və telefon dükanında əməllicə tərləyərsən, bizdə isə bu rəqəmlər müftəcə əldə edilmişdir və miqrasiyanın “zerkalnı” olması dövlət siyasətinin bariz nümunəsidir. Bu rəqəmlərdəki qapalı dairədə sanki “Azərbaycana daxil oldunsa, burdan çıxmaq mümkün deyil” ideyası simvollaşdırılıb. Belə gözəl ölkə axı harda var? Niyə çıxıb gedəsən? Nə cür gedəsən? Hara gedəsən?

Adnan müəllim həbs ediləndən sonra onun var-dövləti sırasında Dubayda bir hoteldən 18 milyon dollara aldığı 5 otaqlı mənzil də qeyd olundu. Sanki burda hansısa qəbahət varmış. Rəhmətlik Şövkət xanımın mahnısını xatırladıq: “Qəbahətim böyükdür, ay ellər, ay ellər, dünən axşam...” Sözgəlişi, o mahnının sovet vaxtı Orta Asiyada oxunması mövzusunda tamamilə, kökündən (kiminsə kökündən uydurması anlamında) yanlış ictimai rəy mövcuddur. Nəsə, lirika zamanı deyil. Söhbət ondan gedir ki, mən jurnalist araşdırması aparmışam, Adnan müəllim həmin hotel otaqlarını özü üçün yox, “Rahat” marketin kassirləri üçün əldə edibdir. Ki, məzuniyyətə çıxıb Dubayda istirahətə gedərkən vağzalda skameykada yatmağa məcbur olmasınlar.

Gör nə qədər humanist insandır! İnsan belə hərəkətləri görəndə kövrəlir, gələcəyə inamı artır. Şair demişkən, sağlığında qiymət verin insanlara, öləndən sonra qara paltarlı arvadı neynirəm...

Belə messenat hərəkətlərə hər gün, hər yerdə rastlaşırıq. Lütvəli adında (əsl sadə, kasıb icra başçısı adıdır) bir keçmiş icrabaşımız vardır. Onun övladının 2 milyonluq ev-eşiyini dələduzlar ələ keçiriblər. İş düşüb məhkəməyə, orda Lütvəli müəllim şikayətini çatdırıb, deyib, ay dələduzlar, nə üçün mənim oğlumu aldatmısınız, axı o saf bir körpəcik idi.

Sözgəlişi, uşağın aldadılanda 25 yaşı olub, ancaq ata üçün övlad həmişə uşaqdır. Bunu bir valideyn məsuliyyəti ilə yazıram, üzr istəyirəm, bizim də uşaqlar var, inşallah, hərəsinə 2 milyon verməliyəm.

Həqiqətən, bu nə hərəkətdir? Xalqımız arasında belə qəddar, xain, əliəyri məxluqat necə yetişir? Axı biz Koroğlu, Babək, Həcər, Natəvan, Nəsimi (axırıncını mütləq qeyd etmək lazımdır, çünki bugünlərdə şairin yubileyi respublikamızda təntənəli qeyd olundu, hətta hardansa nəvə-nəticələrini tapıb gətirmişdik) nəslindənik, icra başçısının məsum övladını aldatmaq, uşağın 2 milyon manatını əkişdirmək milli dəyərlərimizə ziddir!

Guya icra başçısı həmin 2 milyonu vaxtilə elə həmin dələduzlardan əldə edibdir...

Bir daha hamımızı humanist olmağa səsləyirəm.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

28 Sentyabr 2025

27 Sentyabr 2025

26 Sentyabr 2025

25 Sentyabr 2025

24 Sentyabr 2025

23 Sentyabr 2025

21 Sentyabr 2025

20 Sentyabr 2025

19 Sentyabr 2025

18 Sentyabr 2025

17 Sentyabr 2025

16 Sentyabr 2025

14 Sentyabr 2025

13 Sentyabr 2025

12 Sentyabr 2025

10 Sentyabr 2025

09 Sentyabr 2025

07 Sentyabr 2025

06 Sentyabr 2025

05 Sentyabr 2025

04 Sentyabr 2025

03 Sentyabr 2025

02 Sentyabr 2025

31 Avqust 2025

30 Avqust 2025

29 Avqust 2025

28 Avqust 2025

27 Avqust 2025

26 Avqust 2025

24 Avqust 2025