İnsanlara hürriyət, millətlərə istiqlal!

İşsizlik ixtisasında keçid balı

Ali məktəblərə qəbulun nəticələri açıqlandı, universitetə girənləri və girməyənləri təbrik edirəm. İkinciləri lap çox təbrik edirəm, çünki prinsipcə heç nə itirmirlər, hələ bəlkə qazanırlar. Şübhəsiz, burada hikmət vardır və həmin hikmətin yaranmasında içində özüm də daxil, ətrafımda, dost-tanış, qahım-əqrəba içində oxuduğu ali məktəbdə əldə etdiyi ixtisas üzrə çalışanların sayılması mühüm rol oynamışdır. Həmin rəqəm heç 5 faizi keçmir, biləsiniz. 

Bəs bunun səbəbi nədir ki, biz bir zadı oxuyub-öyrənir, tamam başqa zad üzrə isə çalışırıq? Bəlkə heç zad öyrənmədiyimizə görə? Bəlkə iqtisadiyyatın, sosial həyatın düzgün qurulmadığı üzündən, işsizlik, qeyri-bərabərlik, ədalətsizlik, korrupsiya və sairə səbəbindən?

Təbii, bütün bu suallar sosioloji araşdırma tələb edir, ancaq ali təhsilli sosioloqlarımız dəllək, zootexniklərimiz isə sosioloq işlədiyi üçün iki eşşəyin arpasını bölməyə mütəxəssis tapa bilmirik. Hərçənd, statistikaya görə artıq buna da çox ehtiyac qalmır: eşşəklərin sayı ilbəil azalır. O cümlədən arpa əkinlərinin sahəsi.

Əmək bazarı və qəbul nəticələri arasında da uyğunsuzluq var. Məsələn, mənim qonşum var, ağır seyiddir, adamın üzünə tüpürməklə xərçəng, revmatizm, SPİD, koronavirus, donuz qripi, yaltaqlıq və sair sağalmaz xəstəlikləri sağalda bilir. Dua yazır, qaynadıb içən sonsuz zənənlər uşağa qalır, toy gecəsi uğursuzluğu sindromunu yaşayan erkəklər toy-mağardan yığışmır. Ancaq bu il heç dəxli olmadan təbabət universitetimizdə qəbul keçid balı 624-ə yüksəldi. Seyidimiz (Allah ondan razı olsun) bu işləri beş dəqiqəyə həll edirsə, sizin o məktəbciyəzdə 7-8 il ömür çürütməyiniz nəyə lazımdır? 

Hələ orda təhsil haqqının qalxıb ildə 6500 manatı keçməyi ekspertləri-zadı dəli eləmişdi. Doğrudan da, tibbi təhsilə sərf etdiyimiz vəsaiti toplayıb yaxşı bir pir, ocaq, məscid, mədrəsə tiksək daha yaxşı olar. Gərək insanın əli Allahın ətəyindən üzülməsin. Qalanı mənasız vərəvürddən ibarətdir.

Bu haqda böyük alimlərdən Sistani ağadan hədis nəql edirlər: “Şərab, pivə və digər kefləndirici içkilərdən içmək, donuz əti və digər əti haram olan heyvanların ətindən yemək, həmçinin şərab, zina edən və müğənnilikdən əldə olunan ücrət kimi haram qazanc, kahinlik və bunun kimi işlər, israf (bir yerə lazımından artıq mal xərcləmək) və təbzir (lazım olmayan yerə artıq xərcləmək) böyük günahlardır”. Əgər biz faydasız yerə oxuyub axırda iş tapmırıqsa, ya başqa ixtisas üzrə çalışırıqsa, deməli böyük günah edirik. Məsələn, mən 30 ildir jurnalist işləyirəm, deməli məni cəhənnəmdə azı 300 il yandıracaqlar. Halbuki, Narxozu bitirən anda cəmi 3 min dollar versəm məni Yalama gömrüyündə işə düzəldirdilər.

Sözgəlişi, böyük mütəfəkkirlərimizdən xalq artisti Akif İslamzadənin də bu temada maraqlı hədisi var. Deyir: “Qadın elm öyrədə bilməz, çünki Allah ona elm verməyib”. Bizim müəllim-pedaqoq heyətinin 90 faizdən çoxu qadınlardan ibarətdirsə, bizim öyrəndiyimiz nədir? Şübhəsiz, burada da böyük hikmət var.

Bu il hansısa ali məktəbimizdə keçid balı qalxıb hətta 700 olubmuş. Yəni, “özünüzü cırın, biz istəməsək bura heç kəs girməyəcək”. Yaxşı üsuldur. İnşallah, gələn il 800 bal olsun. Sovet vaxtı oxuyanların yadında olar, o vaxt buna “müsabiqədən kəsilmək” deyirdilər. İstəyirsən özünü öldür, müəyyən institutlara girmək mümkün deyildi. Hamısı pulla, tapşırıqla, siyahı ilə olurdu. Yazıq abituriyent də belə cavab alırdı ki, düzdür, əla qiymətlər almısan, lakin müsabiqədən keçmədin. Ta o müsabiqə necə olub, heç kim bilmirdi. AXC-Müsavat cütlüyü test üsulu ilə bunu aradan qaldırmışdı.

Bizim bir qahım həmin 1992-ci ildə unudulmaz qarğış eləmişdi: “Allah Elçibəyin evini yıxsın. Bir neçə dana yetişdirmişdim, qızı instituta qoyduracaqdım, pulum əlimdə qaldı”.

93-ün yayında onun qarğışı yerinə yetdi. İndi buna necə inanmayasan?

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

28 Sentyabr 2025

27 Sentyabr 2025

26 Sentyabr 2025

25 Sentyabr 2025

24 Sentyabr 2025

23 Sentyabr 2025

21 Sentyabr 2025

20 Sentyabr 2025

19 Sentyabr 2025

18 Sentyabr 2025

17 Sentyabr 2025

16 Sentyabr 2025

14 Sentyabr 2025

13 Sentyabr 2025

12 Sentyabr 2025

10 Sentyabr 2025

09 Sentyabr 2025

07 Sentyabr 2025

06 Sentyabr 2025

05 Sentyabr 2025

04 Sentyabr 2025

03 Sentyabr 2025

02 Sentyabr 2025

31 Avqust 2025

30 Avqust 2025

29 Avqust 2025

28 Avqust 2025

27 Avqust 2025

26 Avqust 2025

24 Avqust 2025