Onlayn ictimai-siyasi qəzet
Taxtakörpü su anbarını Ceyranbatan su anbarıyla birləşdirən kanalın Sumqayıt şəhərinin böyründən keçən hissəsində bir uşaq batıb. Yaşıdlarıyla ərazidə velosiped sürməyə gedibmiş. Fövqəladə halların işçiləri uşağın cəsədini axtaranda başqa bir nəfərin – 27 yaşlı kişinin cəsədini tapıblar. Mən bu cızmaqaranı edəndə 13 yaşlı uşağı hələ tapmamışdılar.
Ortaya bir-iki mənasız sual çıxır. Ona görə yox ki, bu sualların insanlarımıza, cəmiyyətə, xalqa dəxli yoxdur. Dəxli var. Sadəcə, artıq çoxdandır bizim – medianın qoyduğu sualların hökumət üçün hər hansı əhəmiyyəti qalmamışdır. Mənasızlıq bizim işimizdədir. Keçək suallara, çox başınızı ağrıtmayım.
İlk növbədə, görəsən o kanalda hələ neçə insanın cansız bədəni üzür? Hər halda, təsadüfən tapılan 27 yaşlı kişinin batması, itkin düşməsi və sairə haqda öncəki günlərdə heç bir informasiya yox idi. Belə çıxır ki, əgər yazıq uşaq batmasa, axtarış başlamasa heç o biri meyit də tapılmazdı. O kanal isə adi suvarma kanalı deyil axı. Ceyranbatan anbarını doldurmaq üçündür, həmin anbar isə Bakı şəhərində yaşamaqda olan bir neçə milyon məxluqatın içməli su ehtiyaclarını ödəyir.
Yanılmıramsa, paytaxtın suyunun 25 faizdən çoxu o anbardan gəlir. Bəzi mənbələr hətta 50 faiz yazır, lakin məncə bu inandırıcı deyil. Həmişə olduğu kimi, bizdə bu sahədə də dəqiq rəqəmləri tapmaq müşküldür. Sərf eləməyəndə hökumət rəqəmləri gizlədir.
İki-üç gün qabaq qida təhlükəsizliyi idarəsinin müdiri dönər satanları gigiyenaya əməl etməməkdə suçlamışdı. Sən demə onlar yaralı barmağıyla ət kəsir, irin-qandan dönərə mikrob düşür, xalqımız yeyib azarlayır və sair. Necə deyərlər, dəhşətül-vəhşət. Oxu, qanın donsun. Bəs görəsən paytaxta gələn su anbarına düşən cəsədlərin qarşısını almaq kimin vəzifəsidir? O da dönər satanların ixtiyarına düşürmü?
Əlbəttə, indi ağıllı, əkə-bükə ekspertlər tapıb “axar suda mikrob qalmadığını”, “suyun anbarda dezinfeksiya edilib, təmizlənib şəhərə vurulduğunu” öyrənmək, təzədən rahatlaşıb yatmaq olar. Suda boğulanları xilas eləmək isə, necə deyərlər, elə suda boğulanların öz işidir. Ancaq bu su kanalının ətrafında kiçik, heç olmazsa uşaq və velosiped boyda maneələr, çəpərlər çəkmək mümkün deyildi?
Taxtakörpü-Ceyranbatan kanalı təzə kanaldır, ona görə pulunu da Neft Fondundan veriblər. Mən başa düşürəm, ümumi uzunluğu 110 kilometr olan kanalı bütünlükdə çəpərləmək çətindir, baha başa gələr və bəlkə heç lazım da deyil. Ancaq axı o kanal uzağı 3-4 yaşayış məntəqəsinin yanından keçir, elə həmin hissələrdə çəpərləmək olmazmı? Büdcədə hər şeyə pul tapılır, insanları qorumağa yox?
Nümunə üçün, Bakıda bütün yolların kənarı karikatur, çirkin metal şəbəkələrlə çəpərlənib. Elə bil şəhərdə yox, hansısa səngərdə yaşayırıq. Çəpər lazım olan yerə isə çəpər çəkmirlər. Qobustana, Xutora, Alatavaya... hasar çəkib guya ayıbları gizlədirlər, millətin balaca uşaqları da kanala düşür. Uşaq niyə su kanalının kənarında velosiped sürməlidir? Başqa yer yoxdurmu? Yoxdur. Yüz ildə ilk dəfə Bakının mərkəzində nəsə velosiped zolağı qayırıblar. Başqa hər yerdə bu, ciddi problemdir. Uşaq ya maşın yolunda velosiped sürüb hansısa “Primus”un altında qalacaq, ya da kanala düşəcək.
30 Sentyabr 2025
28 Sentyabr 2025
27 Sentyabr 2025
26 Sentyabr 2025
25 Sentyabr 2025
24 Sentyabr 2025
23 Sentyabr 2025
21 Sentyabr 2025
20 Sentyabr 2025
19 Sentyabr 2025
18 Sentyabr 2025
17 Sentyabr 2025
16 Sentyabr 2025
14 Sentyabr 2025
13 Sentyabr 2025
12 Sentyabr 2025
10 Sentyabr 2025
09 Sentyabr 2025
07 Sentyabr 2025
06 Sentyabr 2025
05 Sentyabr 2025
04 Sentyabr 2025
03 Sentyabr 2025
02 Sentyabr 2025
31 Avqust 2025
30 Avqust 2025
29 Avqust 2025
28 Avqust 2025
27 Avqust 2025
26 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ