İnsanlara hürriyət, millətlərə istiqlal!

İkinci əl köşə

Yaşadığımız informasiya zibilliyində daim önümüzə çıxan çoxlu sayda anlamsız, faydasız, nə üçün oxuduğumuzu bilmədiyimiz statistikalar olur: “Bir saniyədə milçək 4 min dəfə qanad çalır”, “Dünyada hər saatda 30 arvadı döyürlər”, nə bilim, “Dəqiqədə ac qalan insan sayı milyona yaxındır” və sairə. Əlbəttə, bunların sosial faydası da ola bilər, insanların diqqətini çəkər, nəyəsə etiraz edərlər, kiməsə qoşularlar – bu yönünü inkar etmirəm.

Elə bugünlərdə oxuduğumuz xəbər kimi: “Azərbaycanda hər gün 24-25 nəfər narkotikə görə saxlanılır”. Deməli, saat hesabına bölsək, saata 1 nəfər düşür. Böyük rəqəmdirmi, kiçik rəqəmdirmi, demək çətindir. Başqa ölkələrlə müqayisə etmək lazımdır. Keçən illərin statistikasına baxmalıyıq.

Ümumiyyətlə, statistika idarəmizə etibar edirikmi, etmirikmi – bunların hamısı ortaya çıxan mənzərəni qavramağımıza təsir göstərən amillər, faktorlardır.

Başa düşürəm, axırıncı çox ciddi cümlə oldu və “Həmin o Münhauzen” filmində deyilənlə razıyam ki, bu dünyadakı axmaqlıqların hamısı ciddi, ağıllı sifət ifadəsiylə törədilir. “Gülümsəyin, cənablar, gülümsəyin” – sonra da belə deyirdi, lakin mən uca xalqımızı boş yerə gülümsəməyə də dəvət edə bilmərəm. Havaya və havayı gülümsəmək bizdə qədimdən dəlilik əlaməti sayılır. Hardasa orta yol seçməliyik. Keçid dövrü üçün. Bir üzümüz ağlayanda, bir üzümüz gülməlidir. Məncə, bu formulu yaxşı kəşf etmişik. Çox şeyi yola verməyə yarayır.

Dünən korifey sənətkarlarımızdan birinin də bu cür mənəvi pozuntulardan şikayətini oxudum. Jurnalist sual verir ki, keçən günlərinizi qaytarsaydılar, gələn günlərinizi qurban verərdinizmi, sənətkar qavalı alıb qulağının arxasına, ərz etmişdir: “Qadınlarımız baldırları açıq şəkildə efirə çıxırlar, bu, dözülməz haldır”. Anlamaq olmur ki, qadınların baldırları sənətkarımıza niyə xoş gəlmir. Üstəlik, sanki bunu məcbur edən var. Ata sözü də var bu temada: “Xoşun gəlmir baldırdan, niyə baxırsan təndirdən?” Bu məsəlin başqa versiyası da var, yazım, əzbərləyin: “Nə gəzirsən Bığırda, Çaqqal səni çığırda”. Bığır Göyçayda oba adıdır, yaxşı narı olur. Güman edə bilərik ki, kimsə ordan nar almağa gedib, çaqqal onu dişləyib, bu da qalıb qışqıra-qışqıra. Məsələn, Göyçayda nar festivalı keçirən ünlü həmyerlimiz, milyarder Fərhad müəllim kimi. Ancaq bu başqa temadır.

Sözü ona gətirirəm ki, gərək sənətkarlarımızın geyim-keciminə qarışmayaq. Baldırın daim örtülü olduğu yerdə yaşamaq istəyən varsa, zəhmət çəksin dünyanın gül kimi müsəlman ərazilərinə - İran, İraq, Əfqanıstan, Pakistan, Səudiyyə, Suriya, İŞİD kimi yerlərə köçsün.

İnsan insanın geyiminə gərək qarışmasın. Nə örtülüsünə, nə açığına. Bu bizim konstitusiyada da yazılıb. Xoşun gəlmir, baxma. Vallah, pis çıxmasın, şəxsən mən haçan efirdə baldır gördüyümü xatırlamıram. Bəs bu adamlar baldırı harda tapıb baxırlar? Baxırlar, sonra narazı qalırlar. Qəribə narazılıqdır.

Özü də bu tip narazılıq edənlər, Allah heç qoymasa, adətən xalq şairləri, xalq artistləri-zad olur. Guya hökumət buna belə uydurma, rüşvət ad yapışdırıbsa, xalqın nəyi geyinməyinə, nəyi yeyib-içməyinə, harda oturub, harda durmağına qərar vermək ixtiyarını da verib. Heç elə şey yoxdur. Özünüzə gəlin. Azərbaycan xalqı geyim-kecimini sizin hamınızdan min dəfə yaxşı bilir, bu dar, qıt imkanlarla yenə zövqlə geyinir.

Sən əgər gerçək xalq artistisənsə, zəhmət çək, izah elə görək Bakıda ikinci əl, sekond-hənd dükanlar niyə bu cür artıb? Az qala hər tinə biri düşür. Hələ “şirin-şəkər” adları da var: “Memi”. Guya Azərbaycan xalqı kiminsə merətini, atdığı paltarları geyinməyə bu qədər həvəslidir? Gözütoxluq, ekologiyanı qorumaq üzündəndir? Yox. Yoxluq üzündəndir. Kasıbçılıqdandır. Keyfiyyətli, təzə cır-cındır od qiymətinədir, xalq məcbur olur ikinci əl geyinsin. Xalq artisti də açıq baldır dərdində.

Hirsləndim, gedim su içim.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

22 Noyabr 2024

21 Noyabr 2024

20 Noyabr 2024

19 Noyabr 2024

17 Noyabr 2024

16 Noyabr 2024

15 Noyabr 2024

13 Noyabr 2024

12 Noyabr 2024

10 Noyabr 2024

09 Noyabr 2024

08 Noyabr 2024

07 Noyabr 2024

06 Noyabr 2024

05 Noyabr 2024

03 Noyabr 2024

02 Noyabr 2024

01 Noyabr 2024

31 Oktyabr 2024

30 Oktyabr 2024

29 Oktyabr 2024

27 Oktyabr 2024

26 Oktyabr 2024

25 Oktyabr 2024

24 Oktyabr 2024

23 Oktyabr 2024

20 Oktyabr 2024

19 Oktyabr 2024

18 Oktyabr 2024

17 Oktyabr 2024