İnsanlara hürriyət, millətlərə istiqlal!

Hind toyuğunun başı

Təhsil sistemindən növbəti əsrarəngiz xəbər alınmışdır. Biləcəridəki məktəblərdən birinin direktoru müəllimlərə “hinduşkabaş”, “dərs dilənçiləri” deyir, onlardan rüşvət alırmış. Nazirliyin nümayəndələri məktəbə desant çıxarmışdır, elmi araşdırma gedir. Direktor özü isə hadisə bölgəsini tərk edərək xəstəxanada əməliyyata götürülmüşdür. Onu müəllim(ə)lər yaylım atəşiylə yaralamışdır, yoxsa özü təhsil qurbanıdır - bu haqda əlavə məlumat veriləcəkdir.

Biləcəri bizim mədəniyyət sərhədimizdir, çünki bizdə kiminsə dünya şöhrəti qazanıb-qazanmadığı məhz Biləcəri ilə ölçülür. Tanınmış olanda deyirik ki, Biləcəridən o taya səsi çatmışdır. Bir qəpiklik şöhrəti olmayanda da belə deyilir: “Onu Biləcəridən o tərəfdə tanıyan yoxdur”. Sözgəlişi və mövzudan uzaq düşmək olmasın, maraqlıdır ki, müasir Biləcəri özü də hazırda coğrafi baxımdan 2 hissəyə ayrılır. Ortadan keçən dəmir yolu və vağzala nəzərən, “O tay” və “Bu tay” adlanan iki bölümdür. Lakin kim “o taydır”, kim “bu taydır” onu müəyyən eləmək çətindir. Baxır hansı tayda durmusan. Yəqin Biləcərinin bu qərib həsrətini poetik duyğulara tökmək üçün hansısa şair lazımdır. Biləcəri bütövləşməlidir!

Qayıdaq mövzuya. Açığı, müəllimlərin “dilənçi” adlandırılması, bu cür damğalanması nəsə yeni trendə, modaya oxşayır. Əvvəllər belə deyildi. Müəllimə şeir qoşurdular: “Ey hörmətli müəllim, süfrəmizdə yerin var” və sairə. Son günlər isə ən azı iki “dilənçi” teması atılıb. Biri Pirallahı rayonunda olmuşdu. İnsafən, orfda direktor özünün dilənçi olmadığını toplanan 600 manatdan imtina edərkən açıqlamışdı. Biləcəridəki hadisədə isə direktor ondan dərs yükü istəyən müəllimlərə “dərs dilənçiləri” deyirmiş.

Prinsipcə, ziyalının xalqın balalarının yoluna işıq salmaq üçün dərs dilənməsi müsbət hadisədir. Bir növ, “filan şey olsun, əhd eləmişəm, qapı-qapı dilənəcəyəm” kimi vəd vermək, and içmək tipli folklorumuzdan gələn adətə oxşayır. Təki müəllim elə dərs dilənsin. Ancaq “hinduşkabaş” ifadəsi bir az mübahisəlidir.

Yenə dekabr ayında bu tema açılsa, hinduşkaların populyar olması baxımından yerinə düşərdi. İndi martdır. Lakin belə el inancı da vardır ki, hinduşka qar görəndə əti yumşaq və dadlı olur. Son günlər isə Bakıya və Abşeron yarımadasına iqlim normasından qat-qat çox qar yağıb, şaxta düşüb (qarın çox yağması ekologiya nazirinin işdən çıxarılması ilə əlaqədar ola bilər).

İkincisi, “hinduşka” sözü bizim dildə deyil. Hazırda ana dili teması çox kəskin qoyulubdur, millət hamısı uşağını rus sektorundan kütləvi çıxarıb ingilis dilinə yazdırır. Belə olan halda məktəb direktoru müəllimlərə “hind toyuğu başlı” deməliydi. Çünki ana dilimizdə bu quşun adı məhz hind toyuğudur. İndi mən sizə sual verirəm: sabah test tapşırığına hind toyuğu barədə sual düşsə, uşaqlar cavabı düzgün yazmasa, nəticədə Politexnikin Qaişnik fakültəsinə girə bilməsələr, bunun məsuliyyətini kim daşıyacaqdır? Siz bunun məsuliyyətini daşımağa hazırsınızmı? Şəxsən mən hazır deyiləm.

Bu baxımdan, ABŞ prezidenti Donald Trampın Təhsil Nazirliyini ləğv etmək üzərində düşünməsini alqışlayıram. Gərəkli addımdır. Bütün dünyada da tətbiq edilməlidir.

Sonda müəllimləri təhqir edənləri, təhsili gözdən salmaq istəyənləri qınayıram, onlara nifrətimi çatdırıram. Özünüzü elə aparırsınız, sanki bir daha seçki olmayacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

28 Sentyabr 2025

27 Sentyabr 2025

26 Sentyabr 2025

25 Sentyabr 2025

24 Sentyabr 2025

23 Sentyabr 2025

21 Sentyabr 2025

20 Sentyabr 2025

19 Sentyabr 2025

18 Sentyabr 2025

17 Sentyabr 2025

16 Sentyabr 2025

14 Sentyabr 2025

13 Sentyabr 2025

12 Sentyabr 2025

10 Sentyabr 2025

09 Sentyabr 2025

07 Sentyabr 2025

06 Sentyabr 2025

05 Sentyabr 2025

04 Sentyabr 2025

03 Sentyabr 2025

02 Sentyabr 2025

31 Avqust 2025

30 Avqust 2025

29 Avqust 2025

28 Avqust 2025

27 Avqust 2025

26 Avqust 2025

24 Avqust 2025