İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanın türk əsilli çarları - Dmitri adlanan səlcuqlu şahzadəsi Qiyasəddinin nəslinin hekayəsi

Gürcü çarı Tamara haqqında bir neçə söz

XII əsr gürcülərin qızıl dövrü adlandırılır. Məşhur Baqratonilər nəslinin nümayəndəsi  Kral IV Daviddən sonra nəticəsi, gürcülərin sonuncu qüdrətli hökmdarı Tamara onun yolunu davam etdirməkdə qərarlı idi. Çariça Tamaranın hakimiyyət illəri gürcü-səlcuqlu münasibətlərinin ən kəskin olduğu bir dövrə təsadüf edir. Tamara özü iki dəfə evlənmişdi. 

Lakin rəvayətə görə, onun aşiq olduğu biri var idi: Səlibçilərə qarşı böyük uğur qazanmış II Qılınc Arslanın oğlu Süleyman şah. Deyilir ki, Tamara elçi göndərərək Süleyman şaha evlilik və xristian olmağı təklif etmiş, sultan isə bu təklifi rədd edərək ona, “Allahın yer üzündəki kölgəsi olan mən, Süleyman şah gürcülərin kraliçası Tamaraya bildirirəm ki, sən gürcülərə qılınc çəkib müsəlmanları öldürməsinə əmr etmisən. İndi isə mən müsəlmanların ədalətini yaymaq və Allahın bizə verdiyi qılıncı bir daha əlinizə almamaq üçün şəxsən gəlirəm”. Süleyman şah gürcülərlə apardığı mübarizədə böyük uğur qazana bilmir. Ancak onun ən böyük uğuru Ərzurumu alaraq türk sülaləsi Saltukların varlığına son qoyması oldu. 1202-ci ilin iyulunda Micingerd döyüşündə gürcülərin hiylə və Süleyman şahın yaralanması nəticəsində  gürcülər qalib gəldi. Sultan bölgəni tərk edərək Ərzuruma gəldi, sonra paytaxta qayıtdı.

Tamaranın qızı Çariça Rusudanla bir Səlcuqlu şahzadəsinin evliliyi

Saltuklulardan sonra hakimiyyət Ərzurumda Süleyman şahın qardaşı, II Qılınc Arslanın oğlu Muğisəddin Toğrul şahın hakimiyyəti altına keçir. Bu vaxt Gürcüstanda hər şeyi dəyişəcək bir hadisə baş verir. Kraliça Tamara - gürcülərin Qızıl Dövrünün memarı 1213-cü ildə vəfat edir. Hakimiyyət onun oğlu IV Giorgi Laşaya, onun qəflətən vəfatından sonra isə qızı Rusudana keçir. Kraliça dərhal qardaşının qeyri-qanuni oğlu, sonradan Ulu adlanacaq Davidə qarşı mübarizə aparmağa başlayır. Bu barədə az sonra danışacağıq...

32 yaşında olan Kraliça hələ də evlənməmişdi. Dərhal saray əyanları kraliça üçün ər axtarışına çıxdılar. Ancaq sarayda olan namizədlərin heç biri kraliça ilə evlənəcək statusda deyildi.

gurc1.jpg (73 KB)

Gürcü kraliçasına heç gözləmədiyi halda qonşudan evlilik təklifi gəldi. Ərzurum əmiri Toğrul şah kraliçaya Qiyasəddin adlı oğlu üçün elçi göndərir. Toğrul şahın məqsədi bir tərəfdən qonşularla dinc münasibət yaratmaq, digər tərəfdən gürcü sarayını gizli idarə etmək idi.

Toğrul şahın oğlu üçün göndərdiyi nikah təklifi gürcü dövlət adamları tərəfindən qəzəblə qarşılandı və onlar: “Bir müsəlmanın bizi idarə etməsinə heç vaxt icazə verə bilmərik” deyərək təklifin əleyhinə çıxırlar.

Ancaq Toğrul şah bu vaxta qədər heç bir islam hökmdarının vermədiyi bir cavab göndərir: “Oğlum xristian olacaq və bu şəkildə kraliça ilə evlənəcəkdir”.

Qiyasəddin necə Dmitri oldu

Yazılır ki, hətta  gürcü əyanları belə bu təklif qarşısında heyrətə düşür. Çünki İslam şəriətinə görə xristianlığı qəbul edən birinin cəzası mütləq edam idi. Ancaq dövrün din xadimləri Toğrul şahın nüfuzundan qorxaraq səslərini çıxarmır.

Tarixdə xristianlıqdan islama keçid şəklində dövlətlər arasında münasibətlər qurulmasında rol oynayan evlilik nümunələri çoxdur. Bu hadisəyə isə bu vaxta qədər nə rast gəlinib, nə də eşidilib. Ərzurum əmiri Gürcü krallığını nəzarət altına almaq üçün oğluna xristian olmağı əmr edərək dini ikinci plana alır.

Beləliklə, Qiyasəddin xristianlığı qəbul edir və ismini dəyişərək Dmitri adlanmağa başlayır.

Gürcü salnamələrinə görə, Qiyasəddin yaraşıqlı və fiziki cəhətdən güclü kişi idi. O, evlənəndə 17 yaşında və Rusudandan 12 yaş kiçik idi. Evlilik Toğrul şahın gözlədiyi kimi getmir. Rusudan dönmə Dmitrini saray işlərinə yaxın buraxmır. Üstəlik, xristianlığı qəbul etsə belə, Dmitrinin türk əxlaqının qəbul etmədiyi bir şey var idi. Həm gürcü, həm də xarici salnaməçilər yekdilliklə qeyd edirlər ki, Rusudan sadiq həyat yoldaşı olmayıb. Məlum olduğu kimi, kraliça ona bir dəfədən çox xəyanət edib. Əvvəl bu hadisəyə qarşı səssiz qalmağa məcbur olan Qiyasəddin (Dmitri) arvadını bir məmlük kölə ilə yaxalayanda sakit qala bilmir.

Kraliça isə ona saymazyana: “Bəli, ya buna razı olmalısan, ya da istəyirsən, ətrafa da yaya bilərsən”, - deyərək qarşılıq verir. Vəziyyətlə barışmayacağını söyləyən Qiyasəddin həbs edilir. Bu vəziyyətə Toğrul şah heç bir müdaxilə etmədən səssiz qalır.

Şanlı Səlcuqlu nəslinə mənsub Qiyasəddinin növbəti xəyanəti

Tiflis qalasında əsirlikdə yaşayan keçmiş gürcü kralı Qiyasəddini 1226-cı ildə Tiflisi tutan Xarəzmşah Cəlaləddin azad edir.  Dmitri islamı yenidən qəbul edib Qiyasəddin adını qəbul edir. Lakin Cəlaləddinin Tiflisi tərk etməyini fürsət bilən Qiyasəddin xristianlığa qayıdaraq yenidən gürcülərin tərəfinə keçir. Bununla da kifayətlənməyərək onlara Tiflisdəki Xarəzm qarnizonunun zəif tərəfləri barədə məlumat verir. Gürcülər bu xəyanət əsasında Cəlaləddin qayıdana qədər Tiflisə hücum edərək oranı müvəqqəti də olsa, ələ keçirirlər. Ancaq Dmitrinin (Qiyasəddin) yenidən kral olmaq arzuları doğrulmur. Rusudan bu hadisədən sonra onu rəsmi olaraq boşayır. Bundan sonra onun haqqında mənbələrdə məlumata rast gəlmək mümkün deyil.

Rusudan və Qiyasəddinin övladları bir neçə əsr Gürcüstanı idarə edəcək, məşhur Baqratonilər sülaləsinin yeni bir qolunu yaradacaqdılar

Adı çəkilən evlilikdən Anadolu Səlcuq sultanları və Gürcüstanın həyatında böyük rol oynayacaq iki uşaq dünyaya gəldi. Tarixdə Gürcü xatun kimi tanınan Tamara və Qərbi Gürcüstanın kralı, Baqrationların ilk İmereti sülaləsinin banisi VI David Narin.

Gürcü xatun Tamara

gurc2.jpg (30 KB)

XII əsrin ikinci onilliyindən başlayaraq monqolların aramsız hücumları qarşısında inləyən Gürcüstan öz qızıl dövrünü çoxdan geridə qoymuşdu. Monqol təhlükəsi ilə eyni zamanda hələ öz qüdrətlərini tam itirməmiş Anadolu Səcuqlu Sultanlığı ilə yeni münaqişə başlanır. Rusudan Anadoluya hücum edən monqol qoşunlarına dəstək vermişdi. Bu dəstəyin gürcülər tərəfindən gəldiyini başa düşən Səlcuqlu sultan II Əlaəddin Keyqubad gürcülər üzərinə qoşun göndərir. Çariça Rusudan səlcuqlular qarşısında dayana bilməyəcəyini başa düşərək qızı Tamaranı səlcuqlulara gəlin verməyi təklif edir.  Tamaranın gözəlliyi dildən-dilə düşmüşdü, üstəlik, ata tərəfdən tərtəmiz türk, Böyük Səlcuqlu Sultanı II Qılınc Arslanın nəvəsi idi. O öz gələcək həyat yoldaşı ilə əmi uşağı idi. Təklif qəbul edilir və Tamara evlənmək üçün səlcuqlu sarayına göndərilir. Rusudan gələcəkdə oğluna taxt varisliyində mane ola biləcək qardaşı oğlu Davidi də qızına qoşur. Tamara saraya çatanda isə sultan vəfat edir, yeni sultan onun nişanlısı II Qiyasəddin Keyxosrov idi.

Sarayda Gürcü xatun adlanan Tamaraya o qədər imtiyaz verilir ki, o özü ilə xristian din xadimlərini belə saraya gətirir və saray içində ona kilsə inşa edilir. Sultan onu o qədər sevirdi ki, zərb etdirdiyi sikkələrə belə onun nişanəsini vurdurur. Bu müsəlman Şərqində görünməmiş bir hadisə idi.

Sultan eyni zamanda Gürcü xatunla gələn Davidə də sevgi və qayğı göstərir. Bu isə çariça Rusudanın planlarına heç uyğun gəlmirdi. Öz qardaşı oğlu Davidi hər cür fitnə ilə aradan qaldırmağa nail olmayan Rusudan sonunda oğlu üçün qızından vaz keçməyi qərar alır.

Kürəkəni olan Sultana “qardaşım oğlu sənin arvadın və mənim qızım Tamaranın sevgilisidir” iftiraları ilə dolu bir məktub göndərir. Sultan qəzəblənərək xatunu döyür, David və onlarla gələn keşiş həbsə atılır. Ta ki monqollar yenidən gələnə qədər...

Bütün iftiralara baxmayaraq, Sultanın sevgisi dəyişməz qalır və oğulları sonradan çox gənc yaşda vəfat edəcək II Əlaəddin Keyqubad varis elan edilir.

1243-cü ildə Kösedağ döyüşündə Səlcuqlu ordusu məğlub olur. 1246-cı ildə II Qiyasəddin Keyxosrovun ölümündən sonra Gürcü xatun səlcuqlu vəziri Pərvanə ilə evlənərək Konyaya yerləşir. İslamı qəbul edən türk əsilli Gürcü xatun bundan sonra tarixdə Cəlaləddin Mövlanənin hamisi və xeyriyyəçi kimi xatırlanır.

Qiyasəddinin oğlu kral VI David Narin – Qərbi Gürcüstan çarları onun qanından idilər

gurc3.jpg (70 KB)

Kraliça Rusudan bütün həyatını Qiyasəddinlə evliliyindən dünyaya gələn oğlu Davidin kral olmasına həsr etmişdi.

O, oğlu VI David Narinin gürcü çarlığının varisi kimi tanınması üçün Monqol xaqanının sarayına göndərdi. Lakin özü oğlunun qayıtmasını gözləmədən 1245-ci ildə öldü. Onun ölümündən iki il sonra gürcü zadəganları, nəhayət, vətəninə qayıdan Rusudanın qardaşı oğlu VII David Ulunu kral elan etdilər. 1248-ci ildə isə VI David Narin monqol xanı Göyük tərəfindən dayısı oğlu ilə eyni zamanda Gürcüstanın ortaq kralı kimi tanındı. Bundan sonra əmiuşağılar 1259-cu ilə qədər birgə hökmranlıq etdilər. VI David monqol boyunduruğuna qarşı üsyana qalxır və uğursuzluqdan sonra o, Qərbi Gürcüstanı qaçaraq İmereti sülaləsinin əsasını qoyur. 1261-ci ildə o, monqol hökmranlığına son qoymağa çalışan dayısı oğlu VII Davidə sığınacaq verdi. VII David monqollarla sülh bağladı və 1262-ci ildə Tiflisdə öz krallığını bərpa edərək Şərqi Gürcüstana qayıtdı. Beləliklə, gürcü çarlığı iki yerə bölündü və hər iki hökmdar Gürcüstan şahı tituluna malik olaraq Hülakilərin vassallığını qəbul edirlər.

Gürcü kraliçası Tamaranın qız nəvəsi və Səlcuqlu sultanı II Qılınc Arslanın isə oğul nəvəsi olan VI Davidin üç oğlu var idi

Onun kiçik oğlu II Vaxtanq monqol xanı Abaqa xanın qızı, şahzadə Oljahla evlənir. VII Ulu Daviddən sonra taxta çıxan II Dmitri monqollar tərəfindən edam edilir və dərhal Şərqi Gürcüstan taxtına VI Davidin oğlu, monqol hakimiyyətinə sadiq olan II Vaxtanq çıxarılır. Övladı olmayan Vaxtanq üç illik hökmdarlıqdan sonra vəfat edir və Şərqi Gürcüstanda krallıq yenidən VII Ulu Davidin nəslinə keçir.

Beləliklə, Qiyasəddindən olan gürcü krallarının nəslinə Şərqi Gürcüstanda son qoyulur.

Türk əsilli gürcü Baqratonilərin hökmdarlığı isə aralıqlarla Şərqi Gürcüstanda Çar Rusiyasının işğalına qədər davam edir

1293-cü ildə Gürcüstan kralı David VI Narinin ölümündən sonra taxt əvvəl oğlu Konstantinə, onun ölümündən sonra isə qardaşı Mixailə keçir. Şərqdən fərqli olaraq, qərb krallığı öz müstəqilliyini nisbətən qoruyub saxlaya bilmişdi.

Konstantinin hakimiyyəti gürcü zadəganlarının baş qaldırdığı dövrə düşür. O, 1327-ci ildə ölür və onun yerinə övladı olmadığı üçün qardaşı Mixail keçir.

1329–cu ildə Mixailin vəfatindan sonra yerinə oğlu I Baqrat keçir. Yetkinlik yaşına çatmayan Baqrat 1330-cu ildə VII Davidin nəticəsi Georginin vassallığını qəbul etməyə məcbur olur. Bu vassallıq da müvəqqəti olur. Gürcüstan XV əsrdə artıq 5 krallığa parçalanmışdı...

Böyük gürcü çariçası Tamaranın ölümündən sonra Gürcüstan faktiki müstəqilliyini itirir. Gürcüstan öz tarixi boyu səlcuqlu, monqol, Əmir Teymur, Ağqoyunlu, Osmanlı və Səfəvi, Qacar hökmdarları tərəfindən işğal olunaraq, ən yaxşı halda vassala çevrilmişdi. Gürcülərin nisbətən olan müstəqilliklərinə isə 1783-cü ildə Çar Rusiyası ilə bağlanan Georgiyevs müqaviləsi ilə son qoyulur. Rusudan və Qiyasəddinin hekayəsi beləcə başa çatır.

Tarixi öyrənərkən, görəsən, “Rusudan və şahzadə Qiyasəddinin evliliyi olmasaydı, tarix ayrı cür dövr edəcəkdimi?!” sualının cavabını düşünməmək olmur.  Hər bir halda onların evlilikləri və bu evlilikdən dünyaya gələn övladlarının Gürcüstan tarixində oynadıqları mühüm rolu unutmaq olmaz...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

18 Iyul 2024

12 Iyul 2024

24 Iyun 2024

18 Iyun 2024

15 Iyun 2024

23 Avqust 2023

05 Avqust 2023

25 Iyul 2023

15 Iyul 2023

25 Iyun 2023

19 Iyun 2023

12 Iyun 2023

09 Iyun 2023

02 Iyun 2023