Onlayn ictimai-siyasi qəzet
Dünyanın ən qədim və zəngin kitabxanalarından biri indiki Misir ərazisində, İsgəndəriyyə şəhərində yerləşirmiş. Rəvayətə görə, müsəlmanlar 641-ci ildə şəhəri tutanda xəlifə Ömər ordakı bütün kitabları yandırmağı əmr edir. Və kitabları hamamlara daşıyıb yandırırlar, xeyli camaat kirdən təmizlənir. Bu da müsəlman aləmində kitaba verilən böyük qiymətin, kitabın işə yaramasının bariz nümunəsidir.
Kitabları yandırmaq əmrini isə xəlifə belə əsaslandırmışdır: “Bu kitablarda yazılanlar hamısı Quranda varsa, deməli bunlar mənasızdır, xeyri yoxdur, bir kitab bizə bəsdir. Yox, əgər bu kitablardakı biliklər Quranda yoxdursa, deməli ziyanlı elmlərdir. Hər iki halda kitablar yanmalıdır”. Sitatın sonu.
Məncə, oxşar elmi yanaşma həyatın bütün sahələrində keçərli olmalıdır. Örnək üçün, hazırda 1 sentyabrdır və böyük ehtimalla sayın oxucularımız məndən bu gün haqda nəsə yazmağı gözləyir. Ancaq nəyi yazaq? Onsuz da, Molla Nəsrəddin demişkən, hamınız bilirsiniz, bilməyənlərə də bilənlər nəql eləsin.
Adətən bu günkü kimi temalarda nəsə yazanda oxucular deyir: “Vah-vah, Filankəsə halaldır, ürəyimizdən tikan çıxartdı, ürəyimizdən keçənləri yazdı”, “Filan qəzet bizim sözümüzü yazır”, “Xalqın dərdini yalnız behman saytda görürük” və sairə.
Jurnalistika haqda kökündən yanlış təsəvvürlərin nəticəsidir. Oxucuların ürəyindən keçənləri niyə yazasan, əgər özləri bunu bilirsə? Bir ata sözümüzdə deyilən kimi: “Hamı bilir ki, Şirvan çuxurdadır”. Yəni, sən istəyirsən min dəfə təzədən yaz, Şirvan çıxıb dağın başında durmayacaq.
Yaxşı adamsansa, ürəyin niyə tikanla doludur? Sev, sevil, gül, oyna.
Hələ bir variant da mümkündür ki, sən dərdi yazırsan, zibilə düşürsən. Çünki sonra dərdini yazdığın adamlar gəlib ifadə verirlər, deyirlər bu adam böhtan atır, bizim dərdimiz-zadımız yoxdur. Əlac qalır sərin kamerada əyləşib Zeynəb xanımın ifasında “Dünyanın xoşbəxti mənəm dünyada” mahnısına qulaq asasan.
Hazırda Zeynəb xanımın yaradıcılığını sevən yoldaşlardan biri şəxsən içəridədir, sayt vasitəsiylə ona salam yollayıram.
Yox, məqsəd guya rəhbərliyə nöqsanları çatdırmaqdırsa, bunun da mənası yoxdur, çünki “onlar bizə şah damarımızdan yaxındır”, maşallah, indi hər cür texnologiya var, elmi-texniki tərəqqi sayəsində adamların fikrini oxumaq olur. Məsələn, sən yoxlamaq üçün “sərin qarpız olsa yeyərdik” fikirləş, sonra interneti aç. Görərsən saytlar sənə ancaq qarpızla bağlı linkləri göndərir. İnternetimizin inkişafı sayəsində hazırda Sabirabadın Cavad kəndində çardaqda oturub bostan qoruyanların da şəxsi saytları vardır.
Ona görə də mən 1 sentyabrın “Bilik günü” sayıldığı əski zamanları xatırlamaqdan faydalı məşğuliyyət görmürəm. 1980-ci illərdə mən orta məktəbdə oxumuşam, hər il 1 sentyabr bayram olurdu, ilk dərs isə mütləq sülh mövzusunda keçilməliydi. Adətən müəllimlər bu sülh mövzusunu birtəhər yola verirdilər. Amerikanın Perşinq raketlərindən, çürüməkdə olan kapitalizmdən, Qrenadanın işğalından, Naqasakidən-filandan azca qırıldadıb öz dərslərinə keçərdilər. (İndiki axmaq telekanalizasiya zəhmətkeşlərinin təbiriylə yazsam, “keçid alırdılar”). Yalnız bir dəfə ilk dərs riyaziyyat müəllimimiz Məqsəd müəllimin növbəsinə düşmüşdü, onun sülh dərsi mənim yadımda əbədi qalıb. Nəyə görə? Bəlkə kənd uşaqlarının anladığı dildə mühüm bir geopolitik böhranı şərh etdiyi üçün. O vaxt İran-İraq müharibəsinin qızğın çağlarıydı və Məqsəd müəllim dedi ki, uşaqlar, bunlarınkı müharibə deyil, oyun oynayırlar: “Onun təyyarəsi qalxır bunun pəyəsini bombalayır, bu top atır, o birinin tövləsinin damı uçur və sairə. Əsl müharibə 41-45-də olub”.
Doğrudur, sonra SSRİ dağıldı, türkün sözü, bilgilərə ulaşdıq, sən demə “pəyə müharibəsi” hər iki tərəfdən ümumən 1 milyona yaxın adamın canını alıbmış və o qədər oyuncaq dava deyilmiş. Amma hər halda kişinin sözü yadımdan çıxmır.
Allah rəhmət eləsin Məqsəd müəllimə. Həyatda hər kəsin məqsədi olmalıdır.
28 Iyun 2025
27 Iyun 2025
26 Iyun 2025
25 Iyun 2025
24 Iyun 2025
22 Iyun 2025
21 Iyun 2025
20 Iyun 2025
19 Iyun 2025
18 Iyun 2025
15 Iyun 2025
14 Iyun 2025
13 Iyun 2025
12 Iyun 2025
11 Iyun 2025
10 Iyun 2025
09 Iyun 2025
08 Iyun 2025
07 Iyun 2025
06 Iyun 2025
05 Iyun 2025
03 Iyun 2025
01 Iyun 2025
31 May 2025
30 May 2025
29 May 2025
28 May 2025
27 May 2025
25 May 2025
24 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ