Onlayn ictimai-siyasi qəzet
Dünya kinosunda hər cür qəribə filmlər vardır. İndi yadıma düşənlərdən bəzilərini sadalayım, oxuculara aydın olsun. Həm də biz köhnə kişilərdənik, söhbəti uzaqdan fırladırıq.
Ünlü macar rejissoru Bella Tarr-ın “Turin atı” filminin ilk səkkiz dəqiqəsində at arabası yolda gedir.
Birinci dünya savaşından bəhs edən “1917” filmini Sem Mendes bir kadrla, montajsız çəkib.
Marko Ferreri-nin “Böyük tıxma” filmində qəhrəmanlar 130 dəqiqə dayanmadan yeyib-içirlər, axırda ölürlər.
Hers Frank-ın 1978-ci ildə SSRİ-də çəkdiyi “10 dəqiqə yaşlı” filmində bir uşaq oturub elə 10 dəqiqə kukla teatrına baxır və bütün film onun mimikalarından ibarətdir.
Lars fon Triyer-in “Doqvill” filmində dekorasiya demək olar yoxdur. Bütün film yerdə çəkilmiş, guya evləri bildirən cızıqlar arasında keçir.
Tayvanlı rejissor Tsay Minlyan-ın “Qərbə səyahət” filmi buddist rahibin otaqda yerindən qalxıb meydana getməsindən ibarətdir. Və bu hərəkət düz 56 dəqiqə çəkir. (Mənim sevdiyim filmlərdən biridir – Z.H.).
İranlı soydaşımız Cəfər Pənahi-nin filmi isə hətta birbaşa “Bu film deyil” adlanır. İran rejimi rejissora film çəkməyi qadağan edib, üstəlik ev dustağıdır və rejissor otağında yeni filmini necə çəkməyi köməkçisinə izah edir – bütün film bundan ibarətdir. Ancaq maraqlıdır. Özünə “film” deyənin çoxundan artıq filmdir.
Amerikalı Ed Vudun filmləri də var, lakin bizim temaya çox uyğun gəlmir, ona görə adını çəkmirəm. Amma kim istəsə “dünyanın ən pis kinosu” kimi tanınan “Açıq kosmosdan 9-cu plan” filmini tapıb baxsın.
İndi keçək mövzumuza. Mövzu isə Vaqif Mustafayevin “Həyat, deyəsən, gözəldir” filmidir.
Burada yenə haşiyə çıxaraq Azərbaycan kinosunun ağır vəziyyətini xüsusi vurğulamalıyam. Məsələn, bugünlərdə qarşıma bir video çıxdı, üstünə “bədii film” yazmışdılar, amma bütün xronometraj ordumuzun təlim-məşq prosesi idi. Əsgərlər ora-bura qaçır, tanklar atəş açır və sairə. Vəssalam. Otur, ağla. Gör nə kökdədir mədəniyyət xadimlərimiz... O mənada Mustafayev həmişə hörmətli sayılıb. Şəxsən mən onun “Fransız”, “Hər şey yaxşılığa doğru”, hətta diplom işi “Belə lazımdır” filmini ləzzətlə izləmişəm. “Yoxlama” serialı isə qədri bilinməyən daş-qaşdır, incidir. Doğrudur, Mustafayev əslində orijinal deyil, müəllimi Daneliyanın, gürcü komediya film məktəbinin, Vudi Allen-in və başqalarının istedadlı təkrarı, surətidir, ancaq nə edək, buna da min şükür – hamı “Mercedes” buraxmır ki.
O mənada, 2022-ci ildə çəkilən “Həyat, deyəsən, gözəldir” filminə baxmağı intizarla gözləyirdim. Nəhayət, bu yay həmin film Youtube kanalına yükləndi, baxdım.
Üstündən ay yarım keçib, bu film haqda nəsə yazmaq istəyirəm, lakin heç zad yaza bilmirəm. Nəyə görə? Çünki həyatda belə mənasız kino görməmişdim!
Özü də, necə baxsam alınmadı. Yutubda sürəti tənzimləmək olur, ikiqat və yarım sürətlərlə baxdım – olmadı. Təpəsi üstdə dayandım, fikirləşdim bəlkə bu film kino sənətində çevriliş edib, mən qanmıram. Ancaq yenə xeyri olmadı.
Kompüteri həyətə qoydum, filmi açdım, uzaqdan qaça-qaça gəlib baxdım. Boğaza qədər vannaya girib baxdım. Samovarın közünü ovcuma yığıb baxdım. Marqans içib mədəmi boşaltdım, ürək dərmanı iynəsi vurdurdum, dişimi yonduraraq baxdım və sairə. Heç bir mənası yoxdur. Vaqif müəllimin bu kinosunu sevmək mümkün deyildir.
Film guya “Fəryad” filminin davamıdır, patriotik temadadır, ancaq buna vətənpərvər əsər demək üçün dövlət büdcəsindən filmə ayrılan pullardan xeyli paçkada lazımdır. Versələr deyərəm. Amma ona da çox inanmıram.
Hətta təklifim var ki, bu filmi göndərək Kanna, ermənipərəst fransızlar baxsın, gözlərindən qan gəlsin.
Son anda bu filmi anlamağın üsulunu tapdım. Sizə də məsləhət görürəm: demək, ekranı söndürürsünüz. Tamamilə. Səsini də alın. Hər ehtimal gözünüzü yumun və qara lentlə üstdən bağlayın. Yalnız bu halda əsərin gözəlliyi dərk edilir.
Təbriklər, Vaqif müəllim. Yenə yaratmısınız. Şair bu yerdə lələyi əlinə almış, görəlim nə söyləmiş:
“Aləmi şeyda qılır, gər olsa gözdən həm nihan,
Bir pərivəş kim, səri-zülfün səbadən saxlamaz”.
23 Noyabr 2024
22 Noyabr 2024
21 Noyabr 2024
20 Noyabr 2024
19 Noyabr 2024
17 Noyabr 2024
16 Noyabr 2024
15 Noyabr 2024
13 Noyabr 2024
12 Noyabr 2024
10 Noyabr 2024
09 Noyabr 2024
08 Noyabr 2024
07 Noyabr 2024
06 Noyabr 2024
05 Noyabr 2024
03 Noyabr 2024
02 Noyabr 2024
01 Noyabr 2024
31 Oktyabr 2024
30 Oktyabr 2024
29 Oktyabr 2024
27 Oktyabr 2024
26 Oktyabr 2024
25 Oktyabr 2024
24 Oktyabr 2024
23 Oktyabr 2024
20 Oktyabr 2024
19 Oktyabr 2024
18 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ