İnsanlara hürriyət, millətlərə istiqlal!

Girov götürən girov

Deyir, şagird dükandan oğurluq edib, üstü açılıb, satıcı və müdir onu girov götürüblər, anası gəlib cərimə ödəyənə qədər buraxmayıblar. Ana bu haqda xəbər yayıb, dükan xəbəri inkar edir, biz də qalmışıq ortalıqda, bilmirik kimə inanaq. 

Ölkəmizdə oğurluğa, ümumiyətlə, hər hansı pis və ya yaxşı əmələ görə insanları, o cümlədən uşaq-muşaqları girov götürmək hadisəsinə rast gəlinmişdirmi? İnandırıcı deyil. Bizdə hamı lazım gələndə özü özünü, könüllü şəkildə təslim edir. Əlaqədar orqanlara minnətdarlıq şərtiylə. Hətta mən bir dəfə bu tip sosiopsixoloji halları araşdıraraq belə qərara gəldim ki, hazırda biz təxminən İsveçin Stokholm şəhərindəki kimi həyat yaşamaqdayıq. Stokholm sindromunu davamlı yaşadığımız üçün. Bu sindrom nə deməkdir, ta açmasını yazmıram, bilənlər bilməyənlərə nəql eləsin. 

Hərçənd, bunun mənasını bilməyə böyük ehtiyac yoxdur, əgər indiyəcən bilmədən yaşamısansa, bundan sonra nəyinə gərəkdir? Həyatda belə lazımsız, mənasız biliklər çoxdur. 

Məsələn, mən bu yaxında öyrənmişəm ki, 1 damcı nöyüt 25 litr suyu yararsız hala salır. Burnu siləndə orda təzyiq 8800 paskal olurmuş. Fil isə tullana bilməyən yeganə məməlidir. 

Təsəvvür elə. Mən bunları bilmədən indiyəcən niyə, nə üçün yaşamışam, anlamıram. Sağ qalmağımın özü möcüzədir. Artıq burnumuzu yavaş silməliyik. Hələ nefti demirəm. Sən mənə neft buruğu ver, gör nə qədər təmiz su alıram. Şərləmək asandır, iqtisadiyyatımız neft əsasında inkişaf etmişdir. 

Qaldı fillər, yaxşı pul versən onlar da tullanar. 20 il qabaq Bakı heyvanat bağçasında bir aslan var idi, o qədər ac saxlamışdıq, “Allah, Allah” deyə yalvarırdı. Bütün dünyaya sorağı yayılmışdı, Çeçenistandan, Ərəbistandan, İndoneziyadan, Hindistanın əyalətlərindən camaat aslanı ziyarətə gəlirdi. Qəfəsə parça bağlayıb niyyət tuturdular - gözümlə görmüşəm. Neçə sonsuz qadın həmin aslana nəzir verib uşağa qaldı. Mollalar dövlət təminatına (DÖT) götürülüb “NazLifan” avtomobili ilə təchiz olunandan sonra aslan “Allah” deyə nərildəməyi dayandırdı, hökumət isə heyvanat bağçasını evroremont elədi. 

Heç bilmirəm nədən gəlib bu yerə çıxdıq. Dükanda uşağın girov götürülməsi, Girovlarla İş üzrə Dövlət Komitəsinin hadisəyə müdaxiləsindən sonra azadlığa çıxmasından bəhs edirdim. Sözgəlişi, mənə maraqlıdır, görəsən hansısa dükanlar şəbəkəsi oğrunu girov götürsə, onu başqa dükanlar şəbəkəsindəki müvafiq girovla dəyişdirmək olarmı? Hüquq buna nə deyir? Tanınmış vəkillərimizdən açıqlama gözləyirəm. 

Kimə inanmalıyıq? Ana, uşaq, satıcı, müdir - kim haqlıdır? Həqiqət harda gizənmişdir? Yapon yazıçı Akutaqava Rünoskenin “Cəngəllikdə” adlı məşhur hekayəsi var. Hekayədə meşədə bir nəfər öldürülür. Məhkəmə qurulur. Qatil, şahid, qurbanın övrəti... Hərə bir versiya danışır. Hətta hakim məcbur olur, axırda qurbanın ruhunu o dünyadan çağırırlar, bu da tamam başqa, dördüncü versiyanı irəli sürür. Belə məlum olur ki, həqiqət ən azı dörd dənədir. Fısqırıq söhbətdir. “Onsuz da həqiqət yoxdur” devizi ilə yaşayan xalqımız bu hekayəni dərsliyə salmalıdır. 

Ancaq mən hadisəyə başqa yöndən yanaşmağın tərəfdarıyam. Həmin dükanlar şəbəkəsində kassir-satıcının maaşı 400 manatdır. Hələ bunu da minimum əmək haqqı qanununa son yenilik üzündən, məcburən artırıblar, keçən il hətta 300-350 manat alırdılar. Sutkaya böləndə gündəlik 13 manat edir. Bu, nə deməkdir, bilirsinizmi? Bu, insanı kölə, qul kimi, bir qarın yeməyə səhərdən axşama işlətmək, zülüm verməkdir. O gənclər də elə məktəbi təzə bitirib, işsizlik üzündən qul kimi işləməyə məcburdurlar. 

O satıcı-kassirlər də girovdur, biləsiniz. Uşağın anası “500 manat maaş alıram, dükan məndən 700 manat pul istədi, verə bilmədim” deyib. Bu maaşa çalışan da girovdur. Girovun uşağı girovun iş yerindən oğurluq edib girov götürülüb. Belə.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

02 Aprel 2025

31 Mart 2025

30 Mart 2025

28 Mart 2025

27 Mart 2025

25 Mart 2025

24 Mart 2025

23 Mart 2025

22 Mart 2025

21 Mart 2025

20 Mart 2025

19 Mart 2025

18 Mart 2025

16 Mart 2025

15 Mart 2025

14 Mart 2025

13 Mart 2025

12 Mart 2025

11 Mart 2025

09 Mart 2025

08 Mart 2025

07 Mart 2025

06 Mart 2025

05 Mart 2025

04 Mart 2025

02 Mart 2025

01 Mart 2025

28 Fevral 2025

27 Fevral 2025

26 Fevral 2025