Onlayn ictimai-siyasi qəzet
Hazırkı dünya siyasətində propaqanda və reklamın böyük rolu var. Məsələn, bugünlərdə Rusiya XİN sözçüsü Maşa xalanın brifinq zamanı qəfil telefon zənginə cavab verməsi, bu zaman guya yaddan çıxardıb mikrafonu açıq qoymağını hamınız gördünüz. Əslində bütün dünyaya qəsdən nümayiş etdirilən bu “kuryoz”un (fransız mənşəli sözdür, anlamı “əyləncəli təsadüf, qeyri-adi hadisə”dir) alt qatında məncə imperiyaya başçılıq edən rus xüsusi xidmətlərinin balaca bir əməliyyatı dururdu.
Məqsəd altını batırmış dünya ictimaiyyətini daha da qorxutmaq idi. Çünki Maşa xalaya zəng edən “Ayı”nın, türkün sözü, ta kəndisi imiş – yerli jurnalistlər açıq mikrafondan yayılan səsin yiyəsini dərhal “tapdılar”, “tanıdılar” və bu yoldaşın prezident administrasiyasında rəhbər şəxslərdən Qromov olması tələmtələsik tərəqqipərvər bəşəriyyətə çatdırıldı.
Hamımız qorxduq. Çünki Qromov Maşaya deyirdi ki, nəbadə təzə atdığımız raket haqda danışasan. Guya orda brifinqdə kəskin suallar qoyan jurnalistlər olur, hər şey əvvəlcədən planlaşdırılmır, hətta, yalan olmasın, Rusiya Federasiyası “Sərhədsiz reportyorlar”ın dünya reytinqində Danimarkanı, Norveçi-zadı basdalayıb ilk üçlüyə giribmiş. Guya Maşa istəsə raket haqda nəsə deyə bilərmiş.
Ehh... Məncə Putin Qərb dünyasının qüdrəti və bacarığı haqda nəsə çox yuxarıdan fikirləşir. Onları qorxutmağa bu qədər əməliyyat qurmaq lazım deyil ki. Kiyevi “3 günə təslim etməyə” onlar hələ 2022-ci ildə hazır idilər. Və sədəqə kimi göndərdikləri bombanı atmaq icazəsini də yalnız müharibənin 1000 günü (min gün!!!) keçəndə verdilər. 1990-cı illərdə əlindəki nağd nüvə silahını alkaş Yeltsin və şorgöz Klinton kimilərin “tırkasıyla”, qarantiyası ilə (!!!) itə-qurda verəndə axırda belə quşatanlara möhtac qalırsan. Ukrayna xalqı gərək indən belə ərazisində o cür axmaq başçılarına – Kravçuk, Kuçma kimilərinə Çernobılın yüz min illik çirklənmiş çalasını da layiq görməsin.
Raketin – Bayden müəllimin izn verdiyinin adı da “qorxunc” imiş: ATACMS. Pəh. Yəni, atakaya, hücuma keçirik. Putinin tükü tərpəndimi? Məncə bu adamın türk mənşəli olması haqda el-oba ağzında dolaşan şaiyələrdə hansısa həqiqət payı vardır. Yoxsa yankilərə cavab bombasının adı niyə “Oreşnik” qoyuldu? Bunun tərcüməsi bizim dildə “Fındıq” deməkdir. Mesaj verir ki, sizin “hücumlar” bizim üçün “fındıq”dır. (Məktəblilərin oxumasını nəzərə alıram, yoxsa sayın oxucular cümlədə nəyi nəzərdə tutduğumu anlamışdır).
Sözgəlişi, biz belə tərcümə işlərinə ciddi yanaşmalıyıq. Tərcümə mərkəzimizin ləğv edilməsi bu mənada heç yaxşı olmadı. Bəs indən belə sayın Afaq Məsud xanımın əsərlərini xaricdə necə təbliğ edəcəyik? Mexaniki kompüter çevirmələrinə çox arxayın olmaq bəzən problemlər yaradır. Hələlik süni intellekt o səviyyəyə çatmayıbdır. Çatanda ləğv etsək daha məqsədəuyğun olardı. Lüğətlərin monitorinqi də yiyəsiz qaldı, heyf.
Reklamın gücü temasıyla başlamışdıq. Reklam tək siyasət və ticarətdə deyil, bütün sferalarda böyük gücə malikdir və burada elektron texnologiyaların oynadığı rol fantastikdir. Doğrudur, qədim əyyamlarda da hansısa Tramp, Putin ağılda adamlar hakimiyyətə gələ, uzun müddət yerlərində qala bilirdilər, lakin bu işlər daha çox zorakılığa, monarxiya prinsiplərinə-filana əsaslanırdı. İndi isə kütlələri propaqanda ilə azdırırlar. İlon Mask son illərdə “Kibertrak” adında əcaib bir maşını reklam hesabına bütün dünya “qazlarına” satmırmı? Maşının görkəmi o qədər çirkindir ki, sanarsan bunu hansısa Mamed Biləcəri yolunda, “Mirşahin” maşın sexində köhnə sovet dranduletlərinin hissələrindən yığıb. 30 il qabaq özünə hörmət qoyan 1 adam buna minməzdi. İndi isə zavod qiyməti 70 min dollardır, hər yerdə də satır.
Adamlar orta məktəbi yarımçıq bitirmiş “cərrahların” bıçağı altında “gözəlləşmə” adıyla həlak olur. Hamıda da bir izahat var: “Televizorda reklamını gördük, filan manısın verilişində danışdı” və sairə.
Reklam ticarətin mühərriki, motorudur. Belə afyorizm vardı. İndi isə mühərrik yoxdur, reklam var. Amma işləyirmi? İşləyir. “Fındıq” raketi kimi.
27 Iyun 2025
26 Iyun 2025
25 Iyun 2025
24 Iyun 2025
22 Iyun 2025
21 Iyun 2025
20 Iyun 2025
19 Iyun 2025
18 Iyun 2025
15 Iyun 2025
14 Iyun 2025
13 Iyun 2025
12 Iyun 2025
11 Iyun 2025
10 Iyun 2025
09 Iyun 2025
08 Iyun 2025
07 Iyun 2025
06 Iyun 2025
05 Iyun 2025
03 Iyun 2025
01 Iyun 2025
31 May 2025
30 May 2025
29 May 2025
28 May 2025
27 May 2025
25 May 2025
24 May 2025
22 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ