İnsanlara hürriyət, millətlərə istiqlal!

Evdən qaçan qızlar və zəncirlənəsi ziyalılar - Zamin Hacıdan OLAY KİMİ KÖŞƏ

Maraqlı regionda yaşayırıq. Bir yanda dövlətin başçısını dağda itirirlər, tapılmır. O biri yanda, şimal tərəfimizdə isə çeçen qız qaçıb polis şöbəsinə girmişdi, deyirdi, ay aman, məni ailəmin, ata-anamın əlinə verməyin. Rusiyadakı əhvalat xüsusilə anekdotvari idi, əgər adamın o yazıq qıza yazığı gəlməsə hətta gülmək olardı. Təsəvvür elə, eşşək boyda, dünyanın altıda birini tutan və qalan altıda beşinə də iddia edən imperiya balaca müstəmləkəsinin nazıyla oynamağa məcburdur. Çeçenlər Rusiyada qanun-zad tanımır, faktiki. Rəhmətlik Dudayev və Aslan Masxadovun xəyalına gətirə bilməyəcəyi “müstəqillik” əldə ediblər. Ta nə lazımdır? Yetkinlik yaşına çatmış qızın atası onu əldə etmək üçün tayfanı yığıb polisin qabağına tökmüşdü. Hətta Çeçenistanın dövlət nümayəndələri, yerli deputatxananın sədri-filan “bizim öz qanunlarımız var, qızın evdən getməyə ixtiyarı yoxdur, onu harda olsa tapıb ələ keçirəcəyik” deyirdilər. Polisin gücü isə yalnız qızı gizli yollarla ölkədən qaçırmağa çatdı.

Bizdə buna oxşar elementlər yoxdurmu? Var. Müsəlman deyilikmi? Vaxtaşırı bizdə də evdən qaçan qızlar, gəlinlər, qadınlar müzakirə mövzusu olur. Studiyada oturan xalq artistləri “gərək ata vaxtında qızını şapalaqlasın” deyir. Lakin belə artistlərin özünə şapalaq vuran olmur. Əksinə, rəhbərlikdən pensiya, ev, medal alırlar.

Qazanbaş aparıcılar da “həyatda belə faicə görməmişik” deyib boş yerdən hadisə düzəltməyə çalışır, aranı qızışdırır, zavallı tamaşaçıların emosiyalarını, hisslərini istismar edirlər. (Türkiyədə bunun adını məncə çox yaxşı qoyublar, biz də anlayış, termin kimi yararlanmalıyıq: duyğu sömürüsü. Doğrudan da sümürürlər). Məsələn, bugünlərdə mən xəbər lentində belə bir əhvalata rast gəldim. 21 yaşlı qız evdən çıxıb, harasa gedib. Atası polisdə axtarışa verib. Qız deyib ki, mən o evə qayıtmaq istəmirəm. Səbəblərini çox araşdırmadım, mənası da yoxdur. Ancaq bizim düşük, bambılı, səviyyəsiz telekanalizasiyalarımız bunu araşdırır, tok-şouya çevirir. Halbuki, yetkinlik yaşına çatmış, müstəqil bir insanın özünə yaşayış yeri seçməsinə, hərəkət azadlığına heç kəs, o cümlədən valideynləri burun soxa bilməz. Bu, bizim konstitusiyada, qanunlarda, imzaladığımız beynəlxalq insan haqları konvensiyalarında açıq xətlə yazılıb.

Hələ studiyaya qatılan məzmunsuz, “ata” adlanan o tip də görün nə deyirdi: “Bizim öz qeyrətimiz, namusumuz var. Xalq bizi tanıyır, ziyalılarla oturub-dururam”. Sən demə bu bambılı verilişə qatılmasını, həmin artistlərlə yanaşı durmasını nəzərdə tutur. Yoxsa qızı evdən qaçana qədər “gündəlik 20 qəpiyə” (bu əmək dəyərini aparıcı efirdən səsləndirdi) maşın dayanacağında işləyirmiş. Hardan baxsan xoşbəxtlik üzünə gülüb. Qızın evdən çıxması sayəsində “ziyalılarla” efirlərə çıxır. Tfu... Mirzə Cəlil demişkən.

Əlbəttə, ola bilər bu tip verilişlərin bəzisi uydurmadır, quramadır. Nə evdən qaçan var, nə polisə şikayət. Yeri gəlmişkən, mən polisin yerində olsam efirə basqın yapıb ordakıların hamısına 15 sutka verərdim, başqda xalq artisti olmaqla. Çünki şiddətə, zorakılığa çağırış vardı (şapalaq teması), çünki başqa insanın şəxsi həyatına müdaxilə vardı. Ancaq verilişin qurama olması, tamaşa kimi verilməsi heç bir yerdə qeyd edilmirsə insanlarda yanlış təlim-tərbiyə effekti verir. Artıq hər kəs “nə olsun qızım yetkinlik yaşına çatıb, hara getsə məndən icazə almalıdır, lap 50 yaşa çatsın” məntiqinə köklənəcək. Məncə efirdən belə şeylər vermək “Məhsul” stadionu tərəfdə beş-on müxalifətçinin toplaşmasından daha təhlükəlidir, cəmiyyətin əxlaqını aşındırmaqdır, bizi mağara dövrünə qaytarmaqdır.

Bu gedişlərin, bu oyunların bizi hara apardığını anlamaq üçün qrossmeyster olmağa da ehtiyac yoxdur. Necə deyərlər, “şəkil A-da göründüyü kimi”... Hərəsi bir dəstə qadını köpək kimi qapıya zəncirləyir, sonra da həyasızcasına deyinirlər: “Balam, qadınlar kişilərə nisbətən ağıldan kəmdir da bə! Neyniyək? Bizə çata bilmirlər”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

28 Iyun 2025

27 Iyun 2025

26 Iyun 2025

25 Iyun 2025

24 Iyun 2025

22 Iyun 2025

21 Iyun 2025

20 Iyun 2025

19 Iyun 2025

18 Iyun 2025

15 Iyun 2025

14 Iyun 2025

13 Iyun 2025

12 Iyun 2025

11 Iyun 2025

10 Iyun 2025

09 Iyun 2025

08 Iyun 2025

07 Iyun 2025

06 Iyun 2025

05 Iyun 2025

03 Iyun 2025

01 Iyun 2025

31 May 2025

30 May 2025

29 May 2025

28 May 2025

27 May 2025

25 May 2025

24 May 2025