Onlayn ictimai-siyasi qəzet
Qarabağ separatçılarının Bakıda məhkəməsi davam edir, hər dəfə də nəsə maraqlı, tragikomik hadisə yaşanır. Məsələn, sonuncu iclasda onlar... ev dustaqlığına buraxılmaq üçün vəsatət qaldırmışdılar. Məhkəmə sədri vəsatəti rədd elədi, lakin məni bir detal düşündürdü: lap hesab edək proses ərzində ev dustağı olaraq saxlayardıq, bəs bunları hansı evlərdə yerləşdirməliydik? Bakıda evləri varmı? Yoxsa ürəklərindən keçirdi Xankəndinə aparılsınlar, oradan iclasa gəlib-getsinlər?
Azı 6 rayonumuzda daşı-daş üstündə qoymayan, yüz minlərlə insanın ev-eşiyini dağıdan, yandırıb külə döndərən quldurlar ev dustağı olmaq istəyirmiş... Vallah, nə deyəsən, nə yazasan, bilmirsən. Yüksək səviyyəli həyasızlıqlar epoxasına düşmüşük.
Burada haşiyə çıxaraq şəxsi, subyektiv münasibətimi yazmaq istəyirəm. Mənim Azərbaycan məhkəmələrinə, ümumən hüquq sisteminə hər hansı hörmətim heç zaman olmayıb, ancaq həmin separatçıları cərgə ilə hakim önündə görmək, nə gizlədim, zövqvericidir. Həyatımda ilk, bəlkə son dəfə prokuror və hakimə böyük hörmət bəslədim. Ürəyimdən tikan çıxdı - belə yazsam lap dəqiq olar. O tikan ki, 30 ildən çoxdur irin verib, bizi bezdirmişdi. O tikan ki, nə demokratik ölkə qurmağımıza imkan verib, nə müstəqillikdən ləzzət almağa qoyub. Yaxınlarımızı, əzizlərimizi, ev-eşiyimizi, qısası, bir insana həyatda əziz olan çox şeyləri bu separatçı quldur dəstələrinin mənasız dirənişi üzündən itirmişik.
Bəziləri bu məhkəməni “Nürnberq prosesi” adlandırır. Pafosludurmu? Əlbəttə. Ancaq yerinə düşür. Üstəlik, məhkəmə quran sistemlər, quruluşlar da haradasa oxşardır. Yuxarıda yazdığım kimi - mən məhkəmə sistemimizi bəyənmirəm, necə ki, sovet məhkəməsi də ədalətsiz idi. Lakin faşist rejimi üzərində qurulan prosesi hamı intizarla, min zülümə dözərək gözləmişdi. Necə deyərlər, hətta xarab saatlar da sutkada 2 dəfə vaxtı düz göstərir.
Ələsgər Məmmədov adlı görkəmli ərəb və alman dili mütəxəssisi vardı. Nürnberq prosesində tərcüməçi kimi iştirak etmişdi. 1990-cı illərdə Ələsgər müəllim hələ sağ idi (2000-ci ildə ölüb) və mən ondan intervü almışam. O məhkəmədə iştirakını necə şövqlə xatırlayırdı... Təəssüf ki, Ələsgər müəllimdən aldığım intervünü indi tapa bilmirəm, lakin internetdə onun başqa müsahibəsindən parça rastıma çıxdı. Oxucularımız üçün maraqlı olar deyə çap edirəm:
“Mühakiməyə 24 nəfər baş hərbi cani cəlb edilmişdi, lakin müttəhimlər kürsüsündə yalnız 21 cani oturmuşdu. Baş canilərdən Qustav Krupp sağalmaz xəstə idi, Robert Ley özünü öldürmüş, Martin Bormann isə yoxa çıxmışdı. Salonda müttəhimlərin oturduqları yerlə mənim oturduğum yer çox yaxın idi. Herman Görinq 2-3 addımlığımda əyləşmişdi. O, çox vaxt çənəsini qarşıdakı söykənəcəyə söykəyərdi. Rudolf Hess əzilib-büzülərdi, Rozenberq dırnaqlarını çeynəyərdi. Müttəhimlər içərisində Keytel daim nəsə yazar, yazmayanda isə qələmin başını ağzında saxlayardı. Yulius Ştrayxer, demək olar ki, həmişə mürgüləyər, Karl Dönits, Erix Reder və Yalmar Şaxt isə özlərini çox ciddi aparırdılar”.
Erməni quldurların Bakıdakı məhkəməsində belə diqqətli tərcüməçilər varmı, kimlərsə oradan reportaj hazırlayırmı? Təəssüflər olsun, mənim bu haqda məlumatım yoxdur. Elə bu cür vacib prosesin işıqlandırılmasına da cəmi 2 dövlət media qurumunun (AzərTAC və AzTV) buraxılmasını düzgün addım saymıram. Ora daha çox, lap elə dünyanın hər yerindən jurnalistlər buraxılmalıdır, Gəncəyə bomba atdığına görə üzr istəyən axmağı və Qandi haqda danışan gülünc milyonçunu hamı görməlidir. Əlbəttə, canilərin məhkəmədən propoqanda kimi istifadəsinə imkan vermək də olmaz, bunu tənzimləmək şərtiylə. Dünyanın heç bir yerində terrorçunun, terrorun propoqandasına yol verilmir.
02 Aprel 2025
31 Mart 2025
30 Mart 2025
28 Mart 2025
27 Mart 2025
25 Mart 2025
24 Mart 2025
23 Mart 2025
22 Mart 2025
21 Mart 2025
20 Mart 2025
19 Mart 2025
18 Mart 2025
16 Mart 2025
15 Mart 2025
14 Mart 2025
13 Mart 2025
12 Mart 2025
11 Mart 2025
09 Mart 2025
08 Mart 2025
07 Mart 2025
06 Mart 2025
05 Mart 2025
04 Mart 2025
02 Mart 2025
01 Mart 2025
28 Fevral 2025
27 Fevral 2025
26 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ