İnsanlara hürriyət, millətlərə istiqlal!

Ətsiz Piti

Fransa olimpiadasında ingilis üzgüçü yeməyin keyfiyyətindən şikayətlənmişdir. Deyir bizə qurdlu balıq verirlər. Sitat: “Mən ət istəyirəm, mübarizə aparmaq üçün mənə ət lazımdır. Evdə də belə qidalanıram”. 

İnsafən, belə qarınqulu şikayətlər əsasən rusdilli və ingilisdilli mediada yayımlanır, buna görə beynəlxalq aləmdə rəy yaranıb ki, çoxu feyk xəbərlərdir, yalan-palandır, fransızların tədbirinə kölgə salmaqdır. Ruslar niyə belə edir, məlum məsələdir. İngilislərin də tarixən fransızlarla arası yoxdur. Həmişə fransızlar bəsit ingilis mətbəxinə lağ ediblər, indi bir növ cavab zərbəsi yeyirlər. 

Elə açıqlamanı (burada “acıqlama”, “acılama” və ya “acqalma” da yazmaq olardı) verən idmançı ingilis Adam Piti adlı yoldaşdır. Soyadına görə onun Şəkidə böyük hörməti olardı. Kaş vaxtilə biz olimpiadaya müraciət ərizəmizi geri çəkməzdik, indi Adam adam balası kimi təmiz quzu ətindən Şəki pitisi yeyərdi, ora-bura sərt, qandonduran, tükürpədici açıqlamalar da verməzdi. 

Söhbət söhbəti açar, bu yerdə bir əski əhvalat yadıma düşdü. Sovetin vaxtında bizim Lerikdə Şirəli Müslümov adlı uzunömürlü yaşayırdı. Daha dəqiqi, SSRİ bu kişinin hesabına guya sovet adamlarının dünyada hamıdan çox ömür sürdüyünü, sağlam yaşadığını reklam edərdi. Beləcə, pambıq “pripiskası”, saxta planlar kimi Şirəli kişinin ömrü hər beşillikdə on il artırdı. 1970-ci illərdə Müslümov, təsəvvür edin, 150 yaşı keçmişdi! (Öləndə, səhv etmirəmsə, 158 yaşı vardı). 

Uzun sözün qısası, həmin vaxtlar bir gün Şirəli kişini gətirirlər Bakıya, hansısa mehmanxanada 1 həftə saxlayırlar. Deyirlər xarici jurnalistlər üçün mətbuat konfransı verməlisən. Öncədən təlim keçirlər, deyirlər sağlam həyatın, uzun ömrün sirrini soruşsalar “mən ancaq ağartı, qatıq, süd yeyib-içirəm” deyərsən. Uyğun olaraq yazıq Şirəli kişinin qarnını 1 həftə qatıq, dovğa, şor-pendirlə doldururlar. 

Vədə yetişir, brifinq başlayır. Bir az oradan-buradan danışırlar, qəfil hansısa əcnəbi jurnalist Şirəli kişini qıcıqlandıran o bədnam sualı verir: “Gələcək arzu-istəkləriniz nədir?” Şirəli kişi artıq dözmür, deyir: “Mən ət yemək istəyirəm! Mənə ət verin, ət!”

Bəli. Ət ciddi məsələdir. Bu temada bir ata sözümüzdə yaxşı deyir: “Verərsən ətdən-mətdən, İşlərəm bərkdən-bərkdən. Verərsən şordan-mordan, İşlərəm ordan-burdan”. 

Xalqın yaxşı işləməsi, idmançıların medal alması üçün onlara ət vermək lazımdır. Vegetarian, veqan dünya çempionları olurmu? Doğrusu, dəqiq bilmirəm, güman edirəm olmaz. Xiyar-pomidorla, ot-ələf yeməklə nə güləşərsən, nə ağırlıq qaldırarsan. Bəlkə uzağı ceyran kimi qaçmaq olar, ona da çox əmin deyiləm. 

Dünyada ət yeməyin statistikasına baxanda da bir çox məsələdən agah olmaq mümkündür. Sizcə, ən çox ətyeyən millət hansıdır? Əlbəttə, amerikalılar. Lap dəqiqi, ABŞ sakinləri. İldə adambaşına 120 kilo əti basırlar. Ona görə hərəsi iki metrə çatır, bel, qarın da filan qədər... Maşallah, dünyanı udmağa hazır iştahları vardır. İkinci yerdə 119 kilo ət istehlakı ilə Küveyt ərəbləri gəlir. Bunları da başa düşürük, nefti satırlar, şeyx kimi yaşayırlar. Üçüncü yerdə Avstraliyadır. Mal-qaranın helikopterlə otarıldığı geniş çöllər kimin əlində olsa kef çəkər. 

Bəs ən pis yerdə kimdir? Banqladeş. Təzəlikcə orada xalq üsyana qalxdı, baş naziri qovdular. Çünki bizim kinoda bunun cavabı var: “Acından belə eləyirlər”. 

Azərbaycan elə pis yerdə deyil. Bir nəfərə ildə 32 kilo ət nuşi-can etməklə dünyada 52-ci yerdəyik. Haradasa ortalarda. Ta bu yediyimiz ətin neçə kilosu təmizdir və piti bişirməyə yarayır, neçəsində qurd var, nə qədərini “Leş Tofiy”dən və hindistanlı camışçı “Balaq Kapur”dan alırıq - onu dəqiq bilmirəm. 

Redaksiya ət versə, öyrənərəm. 





ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

23 Noyabr 2024

22 Noyabr 2024

21 Noyabr 2024

20 Noyabr 2024

19 Noyabr 2024

17 Noyabr 2024

16 Noyabr 2024

15 Noyabr 2024

13 Noyabr 2024

12 Noyabr 2024

10 Noyabr 2024

09 Noyabr 2024

08 Noyabr 2024

07 Noyabr 2024

06 Noyabr 2024

05 Noyabr 2024

03 Noyabr 2024

02 Noyabr 2024

01 Noyabr 2024

31 Oktyabr 2024

30 Oktyabr 2024

29 Oktyabr 2024

27 Oktyabr 2024

26 Oktyabr 2024

25 Oktyabr 2024

24 Oktyabr 2024

23 Oktyabr 2024

20 Oktyabr 2024

19 Oktyabr 2024

18 Oktyabr 2024