İnsanlara hürriyət, millətlərə istiqlal!

Ehtiram göstərilən Kəmalə və başqaları

“Məlumdur ki, heyvan haraya getsə gedər, hər tərəfə istəsə baxar, hər nə istəsə eləyər, haçan keyfi necə istəsə mələyər, amma insan nəinki öz istədiyini edə bilmir, hətta keyfi istədiyi kimi danışa da bilmir”.

(Həsən bəy Zərdabi, “Əkinçi” qəzeti, 1877-ci il)

Amerikada Bayden seçkidən çəkildi, vitse-prezident Kəmalə Hərris-in prezidentliyə namizədliyini irəli sürdü. Məncə, bu, xalqımız üçün xeyirli dəyişiklikdir. Kəmalə adı daşıyırsa, başqa nə cür ola bilər? Barak Hüseyn Obama da eynilə bizə xeyirli alınmışdı. Hətta bəzi versiyalara görə, Hüseyn kişinin oğlu müsəlman idi, 2005-ci ildə, hələ senator olarkən ölkəmizə səfəri zamanı Nardaran pirinə nəzir vermiş, prezident seçilsə, bütün dünya müsəlmanlarına gün ağlayacağına and içmişdi. 

İndi Kəmalə xanım da öylə... Məncə, onun haqqında Nizami Gəncəvinin şeirlərində uzaqgörənliklə qeyd olunmuşdur. Sitat: “Ucalmaq istəsən bir kəmalə çat, Kəmalə ehtiram göstərir həyat”. Sırf indiki namizədliyə işarədir. Vanqa nənə, Nostradamus kimi cəfəngiyyat olsa dərhal inanırsınız, özümüzünkü yazanda şübhələnirlər. 

Böyük ehtimal (hələ dəqiqləşdirirəm) Kəmalə xanımın soyadı da hakimiyyət hərisliyinə işarədir. 

Biz də parlament seçkisinə hazırlaşırıq, məncə, bizim parlament planet üçün daha vacibdir. Bu haqda az sonra, ötüb keçən milli mətbuat günümüzdən sizə nəql edim. Çünki dünyada təkcə Kəmalə xanıma ehtiram göstərilmir. 

Doğrudan da, ölkəmizdə jurnalistikaya böyük hörmət qoyulur. Hara baxsan jurnalist görərsən. İstər Kürdəxanı olsun, istər Kürdəmir. İstər Şüvəlan olsun, istər Şuşa. Hər yerdən yazarlarımızın səsi-sorağı gəlir, bizi sevindirir. Həsən müəllim ilk dəfə qəzeti açanda yanılmıramsa cəmi 2 il, zülümlə çapını davam etdirmişdi. O vaxt Azərbaycan xalqı savadsız idi, qəzet oxumaq istəmirdi, kişinin yazdıqları da köşkdə qalırmış, armud satanlara verilirmiş. İndi, maşallah, hamının ali savadı var, qəzetlərimizin sayı da ən azı 525 dənədir. Köşkə gedirsən, bugünkü qəzeti qəzet bolluğunun içində tapanacan səhər açılır, səhərki qəzeti operativ əldə edirsən. 

Yeri gəlib, həm də əziz bayramımız münasibətilə oxucuların üzü gülsün deyə bir Şəki lətifəsini burada yazım. “Bir nəfər gəlir qəzet köşkünə, satıcı ilə məzələnmək üçün deyir: "Mənə sabahkı qəzeti ver". Satıcı deyir yoxdur: “Sabahkı qəzeti dünəndən satmışam”. 

Elə indicə lentdə oxudum, hörmətli baş prokuror demişdir ki, jurnalistlərin yazıları əsasında 4 cinayət işi açılmışdır. 

Möhtəşəm statistikadır. Gərək biz sovetin vaxtındakı “Biz yazandan sonra” rubrikasını bərpa eləyək. O vaxtlar jurnalist sözünə böyük hörmət qoyulurdu. Rayonlara gedirdin, raykom səni bir şaqqa qoyun əti, motal pendiri, kənd çolpası, nehrə yağı ilə yola salırdı. Alıcıya 20 qəpik qalıq qaytarmadığı üçün satıcını tutmuşdular. 40 manata Moskvaya uçurduq. 

Hərçənd indi də qəzet yazılarına diqqət yüksək səviyədədir. Yuxarıda yazdığım kimi, Azərbaycanda bəlkə də dövlət səviyyəsində, ümumxalq səviyyəsində, böyük toy-bayramla keçirilən iki bayram var, onun biri Novruzdur, ikincisi Mətbuat günü. Heç həkimlərin, gömrükçülərin, vergi işçilərinin peşə bayramı kiminsə yadına düşürmü? Bəlkə də biz öz peşəmizi sui-istifadə edərək çox qutlayırıq. Bu haqda düşünməyə dəyər. 

Nəsə, Vüsal bəy adlı oxucumuz keçən yazıdakı ikilik say sistemi araşdırmamıza belə şərh göndərmişdir: “Yaxşı olar bizə maaşlar onluq yox, ikilik say sistemi ilə verilsin. Belə olsa biz Avropaya çatıb onu keçərik. Bahalaşma da aradan qalxar”. 

Məncə, çox uğurlu təklifdir. Məsələn, hazırda işlətdiyimiz onluq say sistemindəki 100 ədədi ikilik say sistemində 1100100 kimi yazılır. 500 isə 111110100 şəklində. Adamı işə götürürsən, sonra da 111110100 manat maaş verirsən. Əla deyilmi? Niyə biz buna havayıdan 500 deyək? Layiq olduğumuz ədədi deməliyik. Layiq olduğumuz yerdə olmalıyıq! 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

23 Noyabr 2024

22 Noyabr 2024

21 Noyabr 2024

20 Noyabr 2024

19 Noyabr 2024

17 Noyabr 2024

16 Noyabr 2024

15 Noyabr 2024

13 Noyabr 2024

12 Noyabr 2024

10 Noyabr 2024

09 Noyabr 2024

08 Noyabr 2024

07 Noyabr 2024

06 Noyabr 2024

05 Noyabr 2024

03 Noyabr 2024

02 Noyabr 2024

01 Noyabr 2024

31 Oktyabr 2024

30 Oktyabr 2024

29 Oktyabr 2024

27 Oktyabr 2024

26 Oktyabr 2024

25 Oktyabr 2024

24 Oktyabr 2024

23 Oktyabr 2024

20 Oktyabr 2024

19 Oktyabr 2024

18 Oktyabr 2024