Onlayn ictimai-siyasi qəzet
Kino sahəmizdən mühüm xəbərlərin ardı-arası kəsilmir. Dünən də “Azərbaycanfilm”in direktoru Nazim müəllim və onun müavini Aydın müəllimin istefası haqda oxuduq. Əgər sahədə tərpəniş olmasa, niyə istefa verirdilər? İş olan yerdə hərəkət yaranır. İnşallah, mədəniyyətimizin gələcəyi parlaqdır.
Bunu aktyorların verilişlərdə iştirakından da aydın görmək olar. Məsələn, təzəlikcə mən bir veriliş gördüm, orada iki qonşu arvadın çəpər davası müzakirəyə çıxarılmışdı. Aparıcı mənim pərəstiş elədiyim Amil müəllim idi. Şəxsən mən absurd, sürrealizm mövzusunda nəyəsə baxmaq istəyəndə Amil müəllimin apardığı tok-şouları izləyirəm. Səy dost-tanışlarım da bunu bilir, vaxtaşırı onun verilişi olan linkləri mənə yollayırlar.
Alexandro Jodorovski, Rene Maqritt, Andre Breton, Salvador Dali, Corco de Kiriko, Yan Şvankmayer, Bryuno Dümon və sairə və ilaxır sənətkarlar Amil müəllimin əlinə su tökmək üçün növbəyə durublar. Məncə, Amil müəllim rejissor Vaqif Mustafayevin xalqımıza bəxş elədiyi bir sənət əsəridir. Yeriyən, yaşayan ensiklopediyadır. Dahilərin divanıdır. İTV-nin “Yeraltı” verilişidir. Nəsə, daha çox yaza bilərdim, lakin istedadım çatmır. Qayıdaq son şedevrə.
Həmin verilişdə qonşu qadınlardan birinin evinə gedən yolu hörmüşdülər, o da nərdivan qoyub hasardan aşırdı (güman edirəm burada Operativ Qərargahın sərhədləri bağlı saxlamasına nəsə ezopvari işarə var idi). Ərazidən kəskin süjetli triller janrındakı kadrları izlədik, ekspertlərə söz verildi, aktyor Vahid müəllim dedi ki, məncə, bu arvad aktrisalıq edir. Hətta arvadın ağzını əydi. Açığı, çox pis parodiya idi. Ümumiyyətlə, bu Vahid müəllimi niyə aktyor hesab edirlər? Güman edirəm xalq artisti olmaz.
Təbii ki, göbəyi açıq, mini yubkalı qızlarla mübarizəyə çox vaxt ayırmasa, Şeyx Əbdül daha güclü sənətkardır. Lakin milli əxlaqımız əldən getdiyi üçün Əbdül müəllim kinoya çəkilməyə vaxt tapmır. O cümlədən kino çəkməyə. Bunlar hamısı qarşılıqlı əlaqə yaradır. Təbiət elmlərində belə şeylərə birləşmiş qablar qanunu deyilir.
Məsələn, mən həmişə fikirləşirdim ki, görəsən, dahi şairimiz Ramiz Rövşən niyə kədərli əsərlər yaradır, qəbir, tabut, ölü, kəfən, meyit, sidr, kafur, xeyrat, ölünün üçü, yeddisi, qırxı, ili kimi mövzular onun yaradıcılığında aktual yerlərdən çoxunu tutur. Səbəbini bir yutub verilişindən öyrəndim. Çox irfani veriliş idi. Hər kadrdan Mövlanə damcılayırdı. Orada aparıcı, molla fəlsəfəsi elmləri namizədi Mail müəllim şairə sual verdi ki, ey sənətkar, bu dəqiqə planetimizdə, Bakı şəhərində, Əmircan-Kürdəxanı-Dərnəgül yolu-Koroğlu metrosu istiqamətində səni daha çox nə narahat edir, Ramiz müəllim söylədi: “Hazırda Avropada 5 yaşlı uşaqların cinsini öyrənmək mümkün deyil. Bilinmir uşaq qızdır, yoxsa oğlan!!!”
Aparıcının gözü kəlləsinə çıxdı, çox peşmanlıqla “nırç-nırç-nırç” elədi. Yəni açıq görünürdü ki, onu da bu verilişdən sonra əsas düşündürən mövzu, sual Avropada beş yaşına çatan uşaqların cinsini öyrənmək olacaqdır.
Onu yaxşı anlayıram. Mən özüm bu saat həmin mövzu üzərində olduqca narahatam. Qonorarımı yığıram. İnşallah, ilk fürsətdə Avropaya bilet almaq istəyirəm. Praqa, Berlin, Paris, Varşava, Roma... dəxli yoxdur, hara gəldi uçacaq, düşən kimi beş yaşlı uşaqları tapıb şairimiz narahat edən məsələni - onların cinsini öyrənəcəyəm. Əgər doğrudan da şairimiz deyən kimidirsə - uşaqlar cinsini bilmirsə - o zaman əlvida, Avropa.
Allah kəssin belə Avropanı... Klassikimiz gəlinin toydan qabaq arvad, yoxsa kişi olmasını qələmə almışdı. Güman edək şair beş yaşlı uşaqların cinsiyyəti temasında gözəl bir muğam-opera ilə oxucuları sevindirər. “Ədəbiyyatımızın UZİ-si” - poemanın adını tapmışam.
Nəsə, yenə qayıdaq Amil müəllimin verilişinə. Veriliş bilirsinizmi necə bitdi? Studiyadakı qonaqlardan kimsə aktyor Vahid müəllimi... aktyorluq eləməkdə suçladı. Açığı, o yerindən sonra baxa bilmədim, çünki gözümdən qan gəldi. Yəni veriliş bitməmişdi, yuxarıda səhv yazdım.
Bəlkə də hələ davam edir.
22 Noyabr 2024
21 Noyabr 2024
20 Noyabr 2024
19 Noyabr 2024
17 Noyabr 2024
16 Noyabr 2024
15 Noyabr 2024
13 Noyabr 2024
12 Noyabr 2024
10 Noyabr 2024
09 Noyabr 2024
08 Noyabr 2024
07 Noyabr 2024
06 Noyabr 2024
05 Noyabr 2024
03 Noyabr 2024
02 Noyabr 2024
01 Noyabr 2024
31 Oktyabr 2024
30 Oktyabr 2024
29 Oktyabr 2024
27 Oktyabr 2024
26 Oktyabr 2024
25 Oktyabr 2024
24 Oktyabr 2024
23 Oktyabr 2024
20 Oktyabr 2024
19 Oktyabr 2024
18 Oktyabr 2024
17 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ