İnsanlara hürriyət, millətlərə istiqlal!

Cırıq kəmər

Zəhmətkeşlərimiz hökumətə və onun adını gündə dəyişən, nəticədə hazırda dəqiq adını bilmədiyimiz su idarəsinə təşəkkür teleqramı vurmaqdadır.

Burada izahata ehtiyac yaranır. Məncə, bu addəyişmə əməliyyatları hərbi əhəmiyyətlidir, saysız xarici düşmənləri yanıltmaq üçün aparılır. Məsələn, xarici casus gəlir hansısa idarəmizi ələ keçirməyə, lakin ad dəyişikliyi onu çaşdırır. Hamısı bizim asayişimiz üçündür.

Minnətdarlığın səbəbi paytaxta suyun 4 gün verilməyəcəyi, o cümlədən bunun bütün kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə, çayxana və toyxanalarda elan edilməsi ilə bağlıdır. Xalqı sevməsələr suyun gəlməyəcəyini niyə desinlər? Bu da məhəbbətin xüsusi formasıdır, yalnız Azərbaycanda rast gəlinir - bir işin olacağı yox, olmayacağı bizə bildirilir. Məsələn, bizim metro dünyada yeganə metrodur ki, orada stansiyada duranda sənə növbəti qatarın haçan gələcəyini deyil, əvvəlki qatarın haçan getdiyini bildirirlər. Çox romantik haldır. Yəni gözünü qatarın arxasından çək, gedib artıq. Yaxud qaz limitini keçməyin haqda məlumatı limit keçməmiş sənə bildirirlər. Hələ bu harasıdır, Ülvi Həsənli adlı bir ictimai fəalı qazamata salmışıq və bu yaxında onun vəkilləri fantastik bir vəsatət qaldırmışdılar. Açığı, nə gizlədim, Ülviyə müəyyən qədər yazığım gəlsə də xeyli güldüm, çünki onun həbs üsulu tragikomediyanın zirvəsidir. Təsəvvür edin, Ülvi müəllimi Məhəmməd Kekalov adlı yoldaşın ifadəsi əsasında tutublar, lakin Kekalovun özünü Ülvidən sonra tutublar!

Qayıdaq suyun kəsilməyinə. Deyirlər Oğuz-Qəbələ-Bakı (OQB) su kəmərində qəza baş vermişdir. Lakin hadisə yeri, qəzanın səbəbi bizə açıqlanmır. Bölgədə çoxlu münaqişə ocaqları var, bəlkə kəmərə dron düşüb? Yaxud əjdaha suyun qabağını kəsib? İdarənin izahatı da məzəlidir, deyir bu OQB kəməri şüşə-kompozit materialla çəkilib, paslanmaya davamlıdır, lakin mexaniki təsirlərə yox. Loru dildə desək, kəməri şüşədən çəkiblər, bu da günaşırı sınır.

Bax, sulu, yaş sual da elə bu məqamda ortaya çıxır: tikintisinə 1 milyard manata yaxın neft pulu sərf edilən (rəsmi saytda yazılana inansaq dəqiq rəqəm 779 milyon manat olub) kəmər niyə tez-tez təmirə dayanır? Axı bunu cəmi-cümü 15 ildir istifadəyə vermisiniz?

Keçən ilin avqustunda OQB-də qəza olmuşdu, həmin vaxt kəməri düzəltməyə yalan olmasın, 1 ay vaxt getdi. Bakı sakinləri və şəhərimizin nəğməli qonaqları əllərində su vedrələri yayın cırhacırında küçələrdə dolaşır, Kür, Şollar, Ceyranbatan kəmərlərindən mərhəmət diləyirdilər. İndi belə çıxır ki, OQB-də qəzalar artıq ritmik, təkrarlanan şəkil alıb və özü də “təsadüfən” həmişə yay aylarına düşməkdədir? Dəli şeytan deyir bu su dağdan çıxan bulaq suyudur, soyuq olur və şüşə boruya doldurulanda temperatur fərqi üzündən boru çatlayır. Görərsiniz, axırda elə bu izahat veriləcək.

Xatırladım ki, Bakıya 1970-ci ildə çəkilən 1-ci Kür su kəmərinin, o cümlədən onun davamı kimi 1980-ci illərdə çəkilən 2-ci Kür kəmərinin yaşı artıq 40-50 ildir. Necə olur, xaraba qalmış SSRİ dövründə tikilən su kəməri dözümlüdür və ahıl çağlarını sapsağlam yaşayır, lakin müstəqillik dövründə özümüzün qayırdığımız su kəməri isə 15 yaşına çatmamış, yetkinlik dövründə partlamaya düşüb cırıq-cırıq olur?

Bunun cavabını kim verəcək? Əlim qurusun yazdığım yerdə, axı buradan açıq-aşkar korrupsiya iyi gəlir.  

 

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

28 Sentyabr 2025

27 Sentyabr 2025

26 Sentyabr 2025

25 Sentyabr 2025

24 Sentyabr 2025

23 Sentyabr 2025

21 Sentyabr 2025

20 Sentyabr 2025

19 Sentyabr 2025

18 Sentyabr 2025

17 Sentyabr 2025

16 Sentyabr 2025

14 Sentyabr 2025

13 Sentyabr 2025

12 Sentyabr 2025

10 Sentyabr 2025

09 Sentyabr 2025

07 Sentyabr 2025

06 Sentyabr 2025

05 Sentyabr 2025

04 Sentyabr 2025

03 Sentyabr 2025

02 Sentyabr 2025

31 Avqust 2025

30 Avqust 2025

29 Avqust 2025

28 Avqust 2025

27 Avqust 2025

26 Avqust 2025

24 Avqust 2025