İnsanlara hürriyət, millətlərə istiqlal!

Çeşir pişiyini sığallayan səfir

“Mən dəli deyiləm, sadəcə, bizim reallıqlar fərqlidir”

(həmin pişikdən sitat)

Yenə Dumanlı Albiondan qara-qura xəbər almışıq və təsadüfə bax ki, bu xəbər 14 fevral Sevgililər günündə məhz Britaniya mətbuatında dərc olunmuşdur. Orada Çeşir əyalət məhkəməsi keçmiş səfirimiz Rafael İbrahimova 16 aylıq şərti azadlıqdan məhrumetmə cəzası kəsib. Plyus, Rafael müəllim 200 saat dövlət üçün (bizim dövlətdən söhbət getmir, İngiltərə üçün çalışmalıdır) pulsuz işləməli və 20 gün küçə-filan süpürməlidir. Hakim cəza kəsərkən Rafael müəllimin 60 yaşı ötdüyünü, Londonda paltar dükanı işlədən qız övladından olan nəvələrinə baxdığını, ilk cinayəti olmasını və sairəni nəzərə alıbdır. 

Öncə qeyd edim ki, yoldaş İbrahimov hələ Sovetin vaxtından qalma, necə deyərlər, əski diplomatlar qrupumuza aiddir. 1980-ci illərdə Yəmən və Əlcəzairdə tərcüməçi işləyibmiş. Böyük ehtimal Əbülfəz Elçibəyin və Vəfa Quluzadənin “kruquna” daxilmiş. Elə müstəqil Azərbaycanda XİN sisteminə də 1993-cü ildə cəlb edilib. 2001-2013-cü illərdə Britaniya, Norveç, Finlandiya, İrlandiya kimi yerlərdə səfirimiz olub və Azərbaycan həqiqətlərini dünyaya yayıb. Lakin 2014-cü ildə qəribə şəkildə vətənə qayıtmaqdan imtina edib, London tərəflərdə qalmağa üstünlük verib. Bu aralar Britaniyanın eks baş naziri Toni Bleyerin fondunda işləyib. Hətta arada BBC media şirkətinin şərhçisi olub. (Dəli şeytan deyir Rafael müəllimin başına gələn son əhvalatı BBC-nin Azərbaycandakı ofisinin bağlanması şaiyələri ilə əlaqələndir, lakin biz şeytana niyə uyaq, üstəlik zırramadırsa?) 

Oxucular çox intizarda qalmasın, Rafael müəllimin cinayəti haqda da yazaq. Onu nə üstündə tutublar? Vallah, belə pis çıxmasın, o cür şeylərə görə adam tutmağa qalsa, ölkəmizin yarısı içəridə olmalıdır. Buyurun, ittihamdan çıxarışı olduğu kimi verirəm: “Mister İbrahimov 2023-cü ilin 5 dekabrında Çeşir bölgəsində tibbi klinikada olarkən 3 qadına qarşı seksual zorakılıq edib”. 

Məsələnin detalları isə çox tragikomikdir əslində. İbrahimov sərxoşluqdan, yuxusuzluq və depressiyadan əziyyət çəkirmiş, həmin klinikaya da müalicə üçün gedibmiş. Zorakılığa məruz qalan qadınlar isə klinikanın əməkdaşları olub. Məhkəmə materiallarına görə Rafael müəllim qadınlardan birinin, üzr istəyirəm, sinəsinə toxunub, ikincisinin bir az aşağı hissələrinə əl atıb, üçüncüyə isə... “çox gözəl xanım olduğunu, ona aşiq olduğunu” söyləyib. Hər üç qadının əllərindən də dəfələrlə marçmurç edib, yəni, elmi dildə yazsam, öpüb. Vəssalam. Zorakılıq aktı bundan ibarətdir. 

Ey vah... Bizdə bir deputatın buna bənzər videosu çıxmışdı, hamı gülüb keçdi, ta aparıb küçə süpürtdürən olmadı. Hələ əl öpmək... Bu haçandan cinayət sayılır? Ayıb deyilmi? Ona qalsa bu yaxında Britaniya səfiri tumanda İçərişəhərdə çəkiliş edirdi. Biz ona pis baxmadıq ki. Niyə baxaq, bilirik şotlandların kilt adlı kişi tumanını geyinmişdi. Amma hər şeyin öz yeri də var. 

Qərb tənəzzül edir, necə deyərlər. Almaniya, daha dəqiqi, bu dəfə Britaniya dağılır. (Yeri gəlmişkən, dünən hörmətli AzTV-nin də 69 yaşı tamam olurdu, təbrik edirik, həmişə belə gözəl rəqəmlər qisməti olsun). 

Məncə burada xarici qara qüvvələrin rolu danılmazdır. Onlar bizim diplomatları güdür, həmişə bu tip qalmaqala salmağa çalışırlar. Məsələn, bir dəfə, uzaq illərdə bir şəhərdəki konsulumuzu da pleyboyluqda ittiham eləmişdilər. Günahı hansısa xanıma eşq elan etmək idi deyəsən. Elmar Məmmədyarov belə kadrlarla çalışıb, gərək çox üstünə getməyək. 

Hadisənin yeri də mənə maraqlı gəldi, çünki bunu Lyuis Kerrolun “Alisa möcüzələr diyarında” əsərindən xatırlayıram. Orda Çeşir pişiyi adlı obraz vardı. Bu pişik pis-pis gülməyi ilə tanınırdı və qəfil yoxa çıxırdı, ancaq gülüşü havada asılı qalırdı. Ona görə ingilislərdə “Çeşir pişiyini güldürmək” kimi obrazlı ifadə yaranıb, bu, təxminən bizim dildəki “bişmiş toyuğun gülməyi gəlir” məsəlinin qarşılığıdır. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

02 Aprel 2025

31 Mart 2025

30 Mart 2025

28 Mart 2025

27 Mart 2025

25 Mart 2025

24 Mart 2025

23 Mart 2025

22 Mart 2025

21 Mart 2025

20 Mart 2025

19 Mart 2025

18 Mart 2025

16 Mart 2025

15 Mart 2025

14 Mart 2025

13 Mart 2025

12 Mart 2025

11 Mart 2025

09 Mart 2025

08 Mart 2025

07 Mart 2025

06 Mart 2025

05 Mart 2025

04 Mart 2025

02 Mart 2025

01 Mart 2025

28 Fevral 2025

27 Fevral 2025

26 Fevral 2025