İnsanlara hürriyət, millətlərə istiqlal!

Cəlbedici məzunlar

“Sənin atunı mənim atım keçmədimi?

Ox atanda mən sənin oxunı yarmadımmı?

Gürəşdə mən səni basmadımmı?

Üç öpüb bir dişləyüb altun yüzügi barmağına keçürmədimmi?

Sevişdigin Bamsı Beyrək mən degilmiyəm?"

(“Kitabi-Dədə Qorqud”)

Bir qrup orta məktəb məzunu bahalı avtomobillərdə “Son zəngi” qeyd etmiş, Bakı şəhərinin küçələrində karvanla şütümüşdür. Qəribədir ki, bu əhvalat son zəngdən 1 ay sonra aşkara çıxdı, videolar yayıldı, yeniyetmələr, onların varlı valideynləri qınaq hədəfinə çevrildi. 

Hamısını edən xarici qara qüvvələrdir. Məktəblilərimizə ləkə salmaq istəyirlər. Halbuki o uşaqların hər birisi vətənin keşikçisidir! Yaxın zamanlarda əldə silah sərhədlərimizin keşiyində duracaqlar! Buna şübhə etməyiniz, vətəndaşlar. 44 günlük müharibədə həmin “Maserati” sürən uşaqlar tank sürürdülər. 

Uşaqları gözüqıpıq böyütmək olmaz. Sonra fikirləşirik niyə “Formula 1" pilotlarımız yoxdur. Sözgəlişi, həmin məktəblilərin dövlətimizin oxşar yarışları təşkil etməsindən ruhlandığı açıq-aşkar göz qabağındadır.  

Sevindirici haldır ki, əlaqədar orqanlar bunu başa düşür. Məsələn, qəzetin sorğusuna idarədən belə cavab gəlmişdir: “Paytaxtın Səbayel rayonunda məktəblərdən birinin məzunlarının idarə etdiyi müxtəlif markalı 14 avtomobil müəyyən olunub müvəqqəti mühafizə olunan duracağa təmin olunub”. Sitatın sonu. 

Gördüyümüz və şad olduğumuz kimi, burada hər hansı cəzadan söz belə getmir. Avtomobilləri duracaqla təmin ediblər, sağ olsunlar. Hazırda biz bilirik ki, duracaqların qiyməti çox bahadır. Mənim bu temada yazım olmuşdu, ona Ruslan Səfərov adlı izləyicimizdən (məncə, bu, “oxucu” sözündən daha maraqlı sözdür və hazırkı dövlətçiliyimizə uyğundur) reaksiya gəldi. 

Bəy yazır ki, siz parkinq mesajlarına pul çıxılmasını tənqid edirsiniz, lakin daha ciddi soyğunçuluq vaxt hesabında olur. Hər saat üçün ödəniş 70 qəpikdirsə, əlavə 1 dəqiqə üçün də 70 qəpik alırlar. Yəni avtomobili parkinqdə 1 saat 1 dəqiqə saxlasan, mexaniki olaraq səndən 1 manat 40 qəpik alırlar. Doğrudan da ədalətsiz yanaşmadır. Üstəlik, insanların parkinqdə daha az qalmağa marağı yaranmır. 

İlk baxışdan harınlıq kimi görünən əməllər bəzən mərdlikdən doğa bilər. Ya da kimsə guya xeyriyyəçilik edər, araşdırarsan, ən yekə oğru olduğu ortaya çıxar. Gözümüzün qabağında, daha dəqiqi, Elmlər Akademiyasının böyründə intihar propaqandası aparan kofe maşını qoyubmuşlar. “Özünü öldürmə, kofe iç” - şüar təxminən belə imiş.

Hadisə qəzetdə yazıldı, orqanlar hərəkətə gəldi, deyəsən, kofe satanı tutublar. Ancaq bənzər reklamlar axı hər yerdədir?! Metroya girirsən, görürsən kiminsə iynə vuran şəkli asılıb, yanında isə kitab oxuyan gəncin fotosu. Şüar da təxminən belədir ki, narkotik aludəçisi olunca AYB üzvü ol. 

Yaxud guya eyni adamın 2 şəklini avtobusun böyrünə, dayanacağa yanaşı vururlar, şərhi də belədir ki, adam narkoman idi, lakin indi cüdoçu olmuşdur, sən də bizə qoşul, güləş, filan-falan... Ara yerdə qəhvə satan zibilə düşdü. 

Ölkəmizdə internet inkişaf elədikcə kibernetik cinayətlər, virtual dələduzlar da artır. Bugünlərdə polisin vətəndaşlara çağırışını oxuduq: “ ... diqqətli olun, şəxsi məlumatlarınızı naməlum şəxslərlə bölüşməyin, təhlükə var ...” və sairə. Yaxşı profilaktikadır. Ancaq çağırışın son cümləsi mənə həm ləzzət elədi, həm də düşündürdü. Buyurun, belə yazmışdılar: “... cəlbedici görünən hər bir təklif yalandır”. 

Necə yəni? Bəs qarşıdan gələn seçkilərdə deputatlığa namizədlərin cəlbedici vədlərinə də inanmasaq, kimi seçməliyik? Cəlbedici olmayan təkliflərə səs verməliyikmi? 

Yaxşı olar gələcəkdə belə çağırışlar “cəlbedici görünən bəzi təkliflər yalandır” formasında bitsin.   




ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

23 Noyabr 2024

22 Noyabr 2024

21 Noyabr 2024

20 Noyabr 2024

19 Noyabr 2024

17 Noyabr 2024

16 Noyabr 2024

15 Noyabr 2024

13 Noyabr 2024

12 Noyabr 2024

10 Noyabr 2024

09 Noyabr 2024

08 Noyabr 2024

07 Noyabr 2024

06 Noyabr 2024

05 Noyabr 2024

03 Noyabr 2024

02 Noyabr 2024

01 Noyabr 2024

31 Oktyabr 2024

30 Oktyabr 2024

29 Oktyabr 2024

27 Oktyabr 2024

26 Oktyabr 2024

25 Oktyabr 2024

24 Oktyabr 2024

23 Oktyabr 2024

20 Oktyabr 2024

19 Oktyabr 2024

18 Oktyabr 2024