Onlayn ictimai-siyasi qəzet
Xırdaçılıq davam edir. İki gömrük inspektorunu və iki keçmiş gömrük rəisini qaçaqmalçılıq üstündə tutublar. Gizlədilən gömrük rüsumunun, dövlətə vurulan ümumi ziyanın məbləği nə qədər olsa yaxşıdır? 1 milyon 800 min manat. Üstəlik, hörmətli tamojenniklərimiz bu qaçaqçılığı 2 il ərzində etmişlər. Prokurorluğun məlumatına görə, 2023-2024-cü illərdə.
İlləri niyə xüsusi vurğuladım? Çünki bunlar oğurluğu qabaqlar, manatın bərkgedən zamanlarında etsəydilər bəlkə 1,8 milyon manat nəyəsə yarayardı. İndi isə, yalan olmasın, bu məbləği hökumətimiz Papanində cırıq-curuq komalarda ömür sürən əhaliyə söküntü kompensasiyası üçün təklif edəndə heç kim razılaşmaq istəmir. Hətta bəzi sakinlər damarını doğrayır, əraziyə gəlmiş yerli deputat Erkin müəllimin seçki platformasına da bir damcı qan düşür. Şair demişkən: “Qan hanı, qan axı yoxdu, Dünyada heç kəsin günahı yoxdu, Təklif edirəm gömrükçülər də azad edilsin!”
Onlara azadlıq istəməyimi mənasız saymayın. Yuxarıda, əgər diqqət elədinizsə, gömrükçülərimiz haqda “hörmətli” ibarəsini işlətdim. Çünki indi hörmətsiz olmaqlarına baxmayın. Vəzifə başında ikən bütün nəsil, rayon, bölgə, tayfa, qəbilə onların başına and içirdi. Deyirdilər Filankəs müəllim bizə çörək verir. Behmənkas müəllim pul qazanan kişidir.
“Sən öləsən, tamojnada pıla pıl demir”. “Keçən ay Səmədağanın sünnətinə gəlmişdi, altında maşın dırr eləyirdi”. “Qardaşı bir köpüklük adam deyil, acından günorta durur. Müəllimdi dana! Ziyalıymış... Tfu... Nə yaxşı bu getdi qəşəng pul qazandı, bütün nəsli saxlayır”.
Tanış gəlmirmi? Yaxşı görək. Özümüzü tülkülüyə qoymayaq. Biz tarixən oğrulara, quldurlara, qaçaqmalçılara hörmət bəsləmişik.
Sadəcə, yuxarıda yazdığım kimi, bu boyda kişilər xırda məbləğ üstündə ilişiblər. Hesab edirəm bu, bizim adət-ənənələrimizə çox ziddir. Açın buraxın, bir az da yığsınlar. Zəli zəlidir, onun da klinikada istifadə ediləniylə bataqlıqda yaşayanı fərqlənir.
Ya da bəlkə elə deyil. Zəli temasına keçməyimin səbəbi var. Bugünlərdə rayonlardan birindəki klinikada yazıq xəstənin bel yırtığını guya müalicə edən həkim onun 2 ayağını şikəst qoymuşdur. İş gedib məhkəməyə, qərar çıxıb ki, həkim xəstəyə 15 min manat zərər ödəməlidir, üstəlik 1 il müəyyən həkimlik işləri ona qadağan edilib, 2 il islah işləri görüb 20 faizini hökumətə verməlidir və sairə.
Əlbəttə, təbabətdə yüz faiz sağalma deyə bir şey yoxdur, ancaq həkim səhvinin də miqyası, ölçüsü olmalıdır. Bizdə isə təəssüf ki, hər yoldan keçən klinika açıb loğmanlıq edir. Bu işə dövlət nəzarəti, o cümlədən jurnalistlərin və cəmiyyətin, elmin nəzarəti sıfıra bərabərdir. (Akademiyamızda saxta elmi mükafatlar üzrə bir fakt tapmışam, tezliklə yazacam, bizimlə qalın-filan). Məsələn, bu dəqiqə Azərbaycanda taksi sürməyə lisenziya almaq klinika açmaq və ya türkəçarə ilə “müalicə”dən daha çətindir.
Elə bu xəstəni şikəst qoyduqları klinikanı internetdə azca araşdırdım. Nəinki Bakıda, rayonlarda da filialları varmış! Baş həkimin saytdakı bioqrafiyasında isə belə yazılıb: “Tibb Universitetini bitirib, akupunktura, homeosiniatriya, biopunktura üzrə təkmilləşdirmə kursları keçib”.
Axı bunların hamısı yalançı elm sayılır, şarlatanlıqdır və heç bir elmi əsası olmayan, isbata yetməmiş üsullardır! Sən bunlar üzrə nə təkmilləşdirmə kursu almısan ki? İzah edirəm. Akupunktura - iynəbatırma üzrə qədim Çindən qalma uydurma bir metoddur. Yalnız tək-tük adamda plasebo effekti verə bilir, qalanı baş aldatmaq və adamları elmi müalicədən uzaq qoyub öldürməkdir. Homeosiniatriya və biopunktura da, dəbdəbəli adlarına baxmayın, zır homeopatiyadır, həmin iynə yerlərinə guya bioloji aktiv hansısa “dərmanları” dürtüşdürməklə müalicədir.
Araşdırma aparsan ortaya çıxar ki, bəlkə də həmin bu “bioklinika”ları elə qaçaqmalçı gömrükçülər açıblar. İndi əlaqədar orqanlar içəridə onlara lazımi qədər iynə batıracaqlar. Hirudoterapiya edəcəklər. Bunun açmasını yazmıram, qoy oxucular nigaran qalsın.
23 Noyabr 2024
22 Noyabr 2024
21 Noyabr 2024
20 Noyabr 2024
19 Noyabr 2024
17 Noyabr 2024
16 Noyabr 2024
15 Noyabr 2024
13 Noyabr 2024
12 Noyabr 2024
10 Noyabr 2024
09 Noyabr 2024
08 Noyabr 2024
07 Noyabr 2024
06 Noyabr 2024
05 Noyabr 2024
03 Noyabr 2024
02 Noyabr 2024
01 Noyabr 2024
31 Oktyabr 2024
30 Oktyabr 2024
29 Oktyabr 2024
27 Oktyabr 2024
26 Oktyabr 2024
25 Oktyabr 2024
24 Oktyabr 2024
23 Oktyabr 2024
20 Oktyabr 2024
19 Oktyabr 2024
18 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ