İnsanlara hürriyət, millətlərə istiqlal!

Bəzən insan hüquqları

“Yaradıcı rəssam üçün qızılgül rəsmi çəkmək qədər çətin heç nə yoxdur, çünki o, özündən əvvəl çəkilən bütün qızılgülləri unutmalıdır”

(Anri Matiss)

İnsan haqları üzrə müvəkkilin - ombudsmanın hər il Milli Məclis qarşısında hesabat verməsi ölkəmizdə insan hüquqlarına verilən yüksək qiymətin göstəricisidir. Əgər bizdə insan hüquqları qorunmursa, o zaman niyə ombudsman var? Bəzən alimlərimiz bu temada mübahisə də edirlər, hələlik müəyyən edə bilməmişik ki, Azərbaycanda hansı birinci yaranıbdır: insan hüquqları, yoxsa insan hüquqları üzrə müvəkkil? Hətta bəzi şərhçilərin qənaətinə görə ikisi də eyni vaxtda yaranmışdır.

Builki hesabat da zənginliyi ilə yadda qaldı. Hörmətli ombudsmanımız Səbinə xanım əsgərliyə bəzi şəxslərin səhv aparılmasından tutmuş, sosial yardımların verilməsindəki süründürməçiliyə qədər çoxlu problemlərə işıq saldı. Qeyd etdi ki, bəzən vətəndaşlarımız onlara qoyulan qadağalar haqda yalnız sərhədə çatanda xəbər tuturlar. Yaxşı olar qadağalar vətəndaşlara evdən çıxmamış çatdırılsın. Mən də təklifi dəstəkləyirəm. Bəzi ölkələrdə qədimlərdə biabırçılıq dirəyi olurdu, pis vətəndaşları ona bağlayırdılar. Yaxud Sovetin vaxtında fərqlənən insanların portreti şərəf lövhəsinə, məsuliyyətsizlərin şəkli isə töhmət taxtasına yapışdırılırdı. İndi də qadağası olan vətəndaşlara bunu bildirməliyik. Mən təklif edirəm onların geyimlərinin yaxasına müəyyən rəngli işarələr tikilsin, xalq da kimin kim olduğunu bilsin. Tək adamın özü bilməklə iş bitmir ki?

O cümlədən deyir bəzən gəncləri, ilk cinayətini törədənləri yaşlılarla, residivistlərlə eyni qazamata salırıq, nəticədə onların tərbiyəsi pozulur. Yaxşı olar gənclər üçün ayrıca türmələr tikilsin.

Həqiqətən, bu da gözəl təklifdir. Hətta mən daha irəli gedərək türmələrimizin peşələr üzrə ixtisaslaşmasını irəli sürürəm. Misal üçün, hazırda içəridə 30-a yaxın jurnalist həmkarımız cəza çəkir. Bu gün-sabah onların hərəsini bir dərədəki qazamata böləcəklər. Yaxşı olmazmı jurnalistlər üçün özəl həbsxana düzəldilsin? Adını “Media açarı” qoymaq olar. Bu, mətbuata dövlət qayğısı siyasətinə də uyğun gələr. Çünki biz jurnalistləri beşikdən qəbirə qədər əhatə etməliyik. Medal veririksə, ev tikiriksə, müalicə ediriksə, niyə həbsxanaları da olmasın? Əgər həbs edilən jurnalistlər toplu halında, bir qazamatda saxlansa, bu, onların təlim-tərbiyəsinə, islah olunmasına müsbət təsirini göstərəcəkdir. Birgə qəzet də buraxa bilərlər.

Yeri gəlmişkən, sayın Səbinə xanımın hesabatında bəlkə də ən çox işlənən söz “bəzən, bəzi” sözləri idi. Diqqətli oxucular hiss etdilərsə, elə mən özüm də bayaqdan bu sözləri sağa-sola səpələyirəm. Bu da ölkəmizdəki insan haqları problemlərinin kütləvi olmadığına, tək-tük, nadir hallarda rast gəlinməsinə işarədir. Hər problemdən bir-iki dənə var. Buna görə əlaqədar orqanlara xüsusi minnətdarlığımızı çatdırırıq.

Lakin ombudsmanın hesabatında bir rəqəm diqqətimi çəkdi, bunu mütləq qeyd etməliyəm. Deyir 2024-cü ildə vətəndaşlardan Ombudsman Aparatına ümumilikdə 29.371 müraciət daxil olmuşdur.

Doğrusu, bu mənə Statkomun əski zamanlarda işsizlik statistikasını xatırlatdı. Bir vaxtlar idarə hər il Azərbaycanda 55 min işsiz olduğun açıqlayırdı, bunlar nə artar, nə azalardı. Ta işsizlik tamamilə ləğv edilənə qədər.

Özünüz baxın, ombudsmanın əvvəlki illər hesabatlarında müraciətlərin sayı belə olmuşdur: 2021-ci il - 31.092, 2023 - 29.411, 2024 - 29.371. Əlimizə keçən rəqəmlər bunlardır, o biri illərin müraciətləri də böyük ehtimal yaxın saydadır.

Görəsən, bu müraciət rəqəmləri niyə hər il aşağı-yuxarı eyni çıxır? Bəlkə vətəndaşlarımız sözləşiblər, öz aralarında razılığa gəliblər, şikayət və müraciətləri növbəli edirlər, bu işdə limit vardır? Əks halda, müraciətlərin statistikası havadan götürülərək, plana uyğun şəkildə yazıla bilməz. Bu, bizim ombudsmana inamımızı sarsıdardı.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

28 Sentyabr 2025

27 Sentyabr 2025

26 Sentyabr 2025

25 Sentyabr 2025

24 Sentyabr 2025

23 Sentyabr 2025

21 Sentyabr 2025

20 Sentyabr 2025

19 Sentyabr 2025

18 Sentyabr 2025

17 Sentyabr 2025

16 Sentyabr 2025

14 Sentyabr 2025

13 Sentyabr 2025

12 Sentyabr 2025

10 Sentyabr 2025

09 Sentyabr 2025

07 Sentyabr 2025

06 Sentyabr 2025

05 Sentyabr 2025

04 Sentyabr 2025

03 Sentyabr 2025

02 Sentyabr 2025

31 Avqust 2025

30 Avqust 2025

29 Avqust 2025

28 Avqust 2025

27 Avqust 2025

26 Avqust 2025

24 Avqust 2025